Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Kinomuzun mövcud halı: Eninə oturub, uzununa ağlamaq lazımdır

Kinomuzun mövcud halı: Eninə oturub, uzununa ağlamaq lazımdır

“Müasir filmlərimiz, əslində film deyil, hansısa məqsədlər üçün çəkilmiş kadrlar toplusudur”

Azərbaycan müasir film və serial sektorundakı boşluq və çatışmazlıqlar, bu sahəyə yaxından bələd olan hər kəsə məlumdur. 1980-ci illərdə özünün ən yüksək dövrünü yaşayan bu mühüm incəsət sahəsi, müsətqillik dövründən sonra daha da irəliləmək əvəzinə, tənəzzülə doğru getdi. Tamaşaçılar və sənət fəadiləri bu geriləməni gah efirlərdə, gah rejissor və aktyorların qeyri-peşəkarlığında, gah da maddi məsələlərdə axtarırlar.

Bəs, mədəniyyət və incəsənətin tamaşaçıya güzgü olan bu sahəsinin acınacaqlı durumunda kimlər günahkardır? Yaxud, film və serial sahəsini inkişaf etdirmək üçün nə etmək lazımdır? Rejissor və aktyorlarla problemə AYNA tutmağa çalışdıq.

Azərbaycanın Xalq artisti, aktyor Ağaxan Salmanlı hesab edir ki, çağdaş dövrümüzdə kinodan danışmaq, bu sahəyə dair tələblərlə çıxış etmək düzgün deyil: “Buna baxmayaraq, bir sıra kino fədailəri var ki, onlar kinosuz yaşaya bilmir, pis və ya yaxşı bildikləri səviyyədə filmlər çəkirlər. Bu, onların sənətə verdikləri dəyər və sevgi olduğu üçün, heç birini qınamaq olmaz, əksinə, onlara təşəkkür etmək lazmdır ki, film sənətini məhv olmağa qoymurlar. Təbii ki, belə olan vəziyyətdə aktyor, natura, pavilion, geyim seçimində çatışmayan cəhətlər olur ki, bütün bunları da nəzərə almaq lazımdır. Lakin ilk növbədə kinostudiya və müasir texniki təchizatlar olmalı, keçmiş kino işçiləri bir arada cəmlənməlidir. Belə olan halda nəsə tələb etmək və məsələyə müasir tələblərlə yanaşmaq olar”.

“Bu gün film sahəsinin himayəyə ehtiyac var. Bir məsələ də var ki, çox böyük əhəmiyyət kəsb edir. Bu da hazır kinonun satışından ibarətdir ki, bunun üçün də filmin nümayişi üçün kifayət qədər məkan yoxdur. Belə ki, prodüserlər filmi çəkir, daha sonra hazır materialı göstərib xərclənən məbləği hissə-hissə yığmağa çalışırlar və əldən düşürlər. Təbii ki, bəzən bu arzuolunan məbləği heç yığa da bilmirlər. Keçmişdə respublika dərəcəli ən zəif kinolentlər belə şəhərləri, kəndləri bir dəfə dövr etməklə, öz xərcini artıqlaması ilə çıxara bilirdi. Təəssüf ki, indi belə deyil. Əlbəttə ki, kinonu dövlət, ya da yerli oliqarxlar himayə etməsələr, belə də davam edəcək”, – A.Salmanlı bildirib.

“Son illərdə mən 4 filmə çəkilmişəm. Bu filmlərdə maddi durum orta səviyyədə olub. Mən də anlayışla qarşılamış və güzəştlə yanaşmışam. Lakin elə hallar olub ki, çox zəif maddi büdcəsi olan filmlərdən də imtina etmişəm, amma heç vaxt sənətimə xəyanət etməmişəm”, – Xalq artisti əlavə edib.

Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə isı yerli filmlərin onu qane etmədiyini deyib: “Ümumiyyətlə, bu gün Azərbaycan kinosu varmı? Ola bilsin ki, vəziyyət bir müddət sonra müsbətə doğru dəyişsin, ən azından buna ümid edirəm. Lakin hal-hazırda müasir yerli filmlər məni qane etmir. İlk növbədə onu bildirim ki, bizdə daha çox tələb təklifi formalaşdırır. Bu da uğurlu bir siyasət deyil. Digər tərəfdən, vəsait ucbatından satışa çıxarılan və müştərisi olan kassa filmləri çəkmək məcburiyyəti var ki, bu da uğurlu proses deyil. 3-cü isə özəl layihələrdir. Yəni sponsoru olan filmlərin heç birini intellektual və sənət meyarından ölçmək olmur. Çünki kassa filmləri zövqləri formalaşdırmaqdan daha çox, müəyyən zövqlərin ardınca gedir”.

“Son zamanlar daha çox sənədli filmlər müşahidə edirəm. Çünki hazırkı bədii filmlərin heç birini Azərbaycan kinosu adlandıra bilmərəm. Bu gün Azərbaycan kinosunun bu həddini, təbii ki, təqdirəlayiq və ya qənatəbəxş hesab etmək olmaz”, – rejissor gileylənib.

Əməkdar artist, aktyor Elxan Rza da müasir Azərbaycan kinosundan narazıdır: “Azərbaycan kinosunun hazırkı vəziyyəti təbii ki, məni qane etmir. Bu gün demək olar ki, rejissorların çoxu özünə əziyyət verməyərək, ancaq öz tanışlarını və aktyorlarını filmlərinə çəkirlər. Bu səbəbdən də çox vaxt film və seraillarda eyni adamları görürük. Son zamanlar demək olar ki, film və seriallardan təkliflər almıram. Necə ola bilər ki, bu qədər çəkilən film və seriallarda mənə bir obraz tapılmasın?”

“O ki, qaldı filmlərin və serialların janr və keyfiyyətinə, son zamanlar kassa üçün komediya üslubunda çəkilən filmlər birmənalı olaraq bərbad durumdadır. Həmin filmlər Azərbaycan xalqına, xüsusən də Azərbaycan gəncliyinə və gələcəyinə heç bir fayda verə bilməz, əksinə ancaq zərbə vura bilər. Digər tərəfdən, ciddi mövzularda çəkilən filmlərdə nisbətən nəsə etməyə çalışırlar, lakin buna da uğur demk olmaz. Film və seriallarda aktyorlara verilən qonorar və maaş isə sözlə ifadə ediləsi deyil”, – aktyor bildirib.

E.Rza Azərbaycan dublyaj sənətində olan problemlərdən də danışıb: “Azərbaycanda dublyaj sahəsində vəziyyət illərdir ki, acınacaqlı haldadır. Bu sahədə də bir sıra problemlər var. Məsələn, adicə dublyaj edən səslər düzgün seçilmir və təbii ki, hər adam da dublyaj edə bilməz. Bu səslərin seçilməsi üçün xüsusi seçim mərhələləri olmalıdır. Hələ Sovet dönəmində Rusiyanın özündə belə, məşhur fransız aktyoru Lyu de Fünesin oynadığı bütün obrazları dövrün tanınmış rusiyalı teatr və kino aktyoru Vladimir Keniqson səsləndirirdi. Yəni hamı Lyu de Fünesin filmlərini izləyəndə bilirdi ki, bu, Vladinir Keniqsonun səsidir. Amma bizdə Lyu de Fünesi bu günə kimi üç fərqli aktyorun səsindən eşitmişik”.

“Bu da ondan irəli gəlir ki, hər televiziya kanalının özünün dublyaj redaksiyası və ya dublyaj departamenti var. Əslində, bu məsələnin yalnız bir həll yolu var, bunun üçün vahid dublyaj studiyası yaradılmalıdır. Onu da qeyd edim ki, əgər aidiyyəti dövlət qurumları bu işdə mənə kömək etsələr, mən söz verirəm ki, Azərbaycanda dublyaj sənətini Sovet Azərbaycanı dövründə dublyaj olunan filmlər səviyyəsinə çardıra bilərəm”, – o vurğulayıb.

ADO Teatrının bədii rəhbəri, aktyor Elmin Bədəlov isə o fikirdədir ki, müasir Azərbaycan filmləri birmənalı olaraq film sayıla bilməz: “Hazırda çəkilən film və serialların heç biri sənət əsəri deyil. Onlar hansısa məqsədlər üçün çəkilmiş kadrlar toplusudur. Burada fərqli olan yalnız məqsədlərdir. Böyük mənada isə demək olar ki, hamısı bir-birinin bənzəridir. Belə olandan sonra, kino və serialdan danışmaq mümkün deyil. Lakin kamera, texnika görmək və təcrübə qazanmaq baxımından zaman-zaman mən də bu filmlərdə iştirak etməyə məcbur olmuşam”.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …