Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / “Kim sübut edə bilər ki, hansı imam həqiqətən imamdır?”

“Kim sübut edə bilər ki, hansı imam həqiqətən imamdır?”

Bu yaxında bir lotunu tutub dama basdılar. Deyir bu adam özünü axırıncı imam Mehdi elan edib dinc əhalidən pul yığırmış. Guya o pullarla şəhid ailələrinə, kasıb-kusuba yardım edəcəkmiş. Əvəzində isə şəxsi vəziyyətini düzəldir, villa tikir, xarici maşınlar alırmış.

Qəribədir. Mən o adamın yalnız başqa “zühur elçilərinin” bazarına girməsi üzündən tutulması qənaətindəyəm. Axı necə olur, eyni söhbəti tirajlayıb on, yüz, min illər camaatdan pul yığanlar, kef eləyənlər “şeyx”, “axund”, “molla” titulu qazanır, bu adamı isə tuturlar? Belə çıxır dini fəaliyyət üçün mütləq hökumətlərin qoltuğunun altından keçməli, orda uyğun lisenziya almalısan. Əks halda, fırıldaqçı, lotu, saxtakar kimi damğalanacaqsan.

Mən yenə soruşuram: kim sübut edə bilər ki, hansı dini rəvayət daha doğrudur, hansı imam həqiqətən imamdır? Bunun dünyəvi üsullarla isbatı qətiyyən mümkün deyil. Bir şeyin ki, mahiyyətində fövqəltəbii qüvvələrə inam, kor inanc durur… Sən də gözəgörünməzə inanırsan, o da. Sən də xilaskarın haçansa gələcəyini təlim edirsən, o da. Sadəcə, bu qaqaş iddia edir ki, xilaskarın gəlmə vaxtını konkret müəyyənləşdirib və özü elə həmin xilaskardır. Belə çıxır hökumətlərə konkret dini vaxt çərçivələri qoyanlar sərfəli deyil. Lazımdır söhbət mümkün qədər mücərrəd olsun. Haçansa qurtulacağıq, hardasa cənnət var, hurilər və içində bal axan çaylar da ordadır və sairə. Yoxsa sən dur de ki, gəlin 3-cü mikrorayon bazarında körpünün altına, qul bazarında lazımi qədər iş yerləri açılmışdır… Ya da, nə bilim, şaurma alın, qarnınız doysun. Belə şeylər xalqı uyutmaq konsepsiyasına girmir.

Hələ onu yazmıram ki, rəvayətə görə bütün yeni din yaradıcıları, yeni din təlimçiləri öz zamanlarında mütləq təqiblərə uğrayıblar. İndi birdən haradasa yüz il keçdi, bu dama basdığınız “imam Mehdi” müəllimin doğrudan Mehdi olması müəyyən edildi? Günaha batmış sayılmırıq?

Həmişə belə məqamlarda böyük Mirzə Cəlilin “Bizim şeyxin otuz iki arvadı var” felyetonu yadıma düşür. Orda deyir ki, şeyximiz kəndləri gəzir, moizə oxuyur, hər kənddə də qəfil qulunc olur. Onu ovuşdurmaq, quluncunu sındırmaq üçün bir məhrəm qız lazım olur, kənddən filan Kərbəlayinin 9 yaşlı qızı Sonanı özünə siğə eləyir. Belə-belə şeyximizin 32 arvadı yaranır. Mirzə sonra yazır ki, belə adamlardan Firəngistanda yoxdurmu? Yazır, əlbəttə, var. Sadəcə, oralarda beləsinə lotu deyirlər, bizdə isə şeyx adlandırıb məclisin başında oturdurlar.

Hazırda bizim həmin lotuların böyük qrupu nəinki orada-burada nəzir qutusu, pir, ocaq düzəldib bədbəxt, savadsız insanları soyur, hətta dövlət himayəsi altındadırlar. Hər il onlara büdcədən milyonlarla pul ayrılır, qəbiristanlığa-filana gedib-gəlməkləri üçün “Naz-lifan” maşınları verilir. Şəxsi təşəbbüslə eyni fəaliyyəti göstərmək istəyəni isə damlayırıq.

Karl Marks “Din xalq üçün tiryəkdir” demişdi. Görünür, narkotiklərin qanuni dövriyyəsi ilə qanunsuz dövriyyəsi arasında fərq qoyulması dövlət siyasətinin tərkib hissəsidir. Ancaq bu, dərdimizə dərman olmayacaq, biləsiniz. Monopoliya həmişə bahalaşmaya, çöküntüyə, staqnasiyaya səbəb olur. Rəqabət lazımdır.

Zamin Hacı

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …