Ana səhifə / Cəmiyyət / Keçmiş polis rəisi 36 fəhlənin 96 min manatını 5 ildir vermir

Keçmiş polis rəisi 36 fəhlənin 96 min manatını 5 ildir vermir

“Böyük adamlardır, onlara gücüm çatmır. Prokurorluq və məhkəmə orqanları da onların istəyinə uyğun hərəkət edir. Belə çıxır ki, evinə daş yonmaqla çörəkpulu aparan əliqabarlı fəhlələrin alın təri ilə qazandığı pulu danıb verməyə bilərlər. Qanun onların qarşısında bu qədərmi acizdir?”

Bunu virtualaz.org saytına müraciət edən Bakı şəhər sakini, ixtisaca arxitektor olan İlham Hümbətov bildirib.

İ.Hümbətovun dediyinə görə, o, uzun illər bina və obyektlərin üzlük daşı ilə üzlənməsi ilə məşğul olan 35 nəfərdən ibarət briqadaya rəhbərlik edib. Çörəyi daşdan çıxan İ.Hümbətovun özü və briqada üzvləri bu yolla dolanıblar.

İlham Hümbətov

Şikayətçi deyir ki, ilk vaxtlar hər şey qaydasında gedib. Günlərini birində isə Nərimanov Rayon Polis İdarəsinin keçmiş rəisi (1998-2003-cü illərdə çalışıb-red.) Mahir Mikayılovla təsadüfi tanışlığı İ.Hümbətova sözün əsl mənasında baha başa gəlib.

Çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan M.Mikayılov İ.Hümbətova birgə iş qurmağı təklif edib, sonuncu da razılaşıb. Aralarındakı razılığa əsasən İ.Hümbətovun briqadası M.Mikayılovun obyektlərində, həmçinin onun oğlunun və kürəkəninin villalarında işləyib. Amma M.Mikayılov 35 nəfər fəhlə və ustanın halal pulunu kəsib.

İ.Hümbətovun dediklərindən: “2010-cu ilin noyabrında aramızda “kişi sözü” müqaviləsi bağlamışdıq. O müqaviləyə güvənib Mahir Mikayılovun Ziya Bünyadov prospektindəki 4 mərtəbəli biznes və ticarət mərkəzində, Bakıdakı üç digər evində və obyektində, Badamdardakı villasında, polis orqanlarında çalışan oğlu ilə kürəkənin villalarında, Novxanıdakı bağ evlərində işlədik.

Rəhbərlik etdiyim briqada bir ildən artıq müddətdə həmin ev və obyektlərdə aqlay daşı ilə üzləmə işləri görüb. 2011-ci ildə işi təhvil verdim. Amma Mahir Mikayılov pulumuzu kəsdi, 96 min manat məbləğində zəhmət haqqını və aqlay daşının haqqını ödəmədi. Bizi çox get-gələ saldı. Axırda məcbur olub hüquq-mühafizə orqanlarına şikayət etdik”.

İ.Hümbətov deyir ki, tikinti oliqarxının oğlu və kürəkəni polis orqanlarında çalışdıqlarından şikayətini birbaşa daxili işlər nazirinə ünvanlayıb: “Bizim müraciətlə bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində araşdırma aparıldı. Mahir Mikayılovu çağırıb dindirdilər. Həmin vaxt başqa bir nəfər də ondan şikayətə gəlmişdi. Amma işi nədənsə ört-basdır elədilər. Cinayət işi başlanmadan iş bağlandı. Hətta işi elə düzüb-qoşdular ki, məni borclu çıxardılar”.

Ən maraqlı proseslər də elə bundan sonra başlayır. Ondan DİN-ə şikayət edildiyini görən M.Mikayılov İ.Hümbətova qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırır və görülən işin keyfiyyətsiz olması ilə bağlı 50 min manat təzminat tələb edir.

Hakim Azər Paşayaevin sədrliyi ilə keçirilən məhkəmə prosesi bir ildən çox uzanır. Bu müddət ərzində iki dəfə ekspertiza keçirilir. Bütün obyektlərdə görülən işlərin keyfiyyətli olduğu təsdiqlənir.

“Mən də qarşılıqlı iddia verdim. Ekspertiza təyin olundu, hesablandı, 96 min manat borc qaldığı müəyyənləşdi. Hətta Fövqəladə Hallar Nazirliyindən də gəlib yoxladılar, müsbət rəy verildi. Amma məhkəmənin təkrar ekspertiza zamanı Auditorlar Palatasının üzvü Misir Əhmədov mütəxəssis kimi işə cəlb olunandan sonra hər şey Mahir Mikayılovun sifarişi ilə başa çatdı. Misir Əhmədov açıq-aşkar şəkildə deyirdi ki, Mahir Mikayılov ağsaqqalımızdır, rəyimi onun xeyrinə yazacağam.

Digər tərəfdən Misir Əhmədov həm də Mahir Mikayılovun kürəkəni, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işləyən Azad Fətullayevlə əməkdaşlıq etdiyini, onun qayınatasına qarşı rəy yaza bilməyəcəyini deyirdi. Məhkəmə teatra bənzəyirdi. O boyda puldan mənə 7 min manat verirlər” – deyə iş adamı bildirir.

Məlumat üçün qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi Mahir Mikayılovdan İlham Hümbətovun xeyrinə 20433 manat, İlham Hümbətovdan isə Mahir Mikayılovun xeyrinə 13992 manat məbləğində pul tutulması ilə bağlı qərar çıxarıb. Qərardan apelyasiya şikayəti verilib. Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Briqadanın işlədiyi obyektlərin biri

İ.Hümbətov Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini deyir: “Məhkəmə, prokuror işçilərinə gücüm çatmır. Evimi satlığa qoymuşam ki, fəhlələrin pulunu verim. Hər gün fəhlələr gəlib pullarını istəyir. Axı mən nə etməliyəm? Allaha and olsun ki, bu adamlarla bacara bilmirəm. Ali Məhkəməyə şikayət verəcəyik. Lakin narahatıq ki, oliqarx Mikayılov yenə də hakimlərə təsir göstərər və hakimlər onun istəyinə uyğun qərar verərlər”.

Çıxılmaz vəziyyətə düşən, 35 nəfər fəhlənin pulunu ödəmək üçün yaşadığı mənzili satmaq məcburiyyətində qalan, hər yerdən ümidi üzülən İ.Hümbətov ölkə başçısına müraciət edib: “Cənab prezident, hakimlər tikinti oliqarxı Mahir Mikayılovun diqtəsindən kənara çıxa bilmir,  “ağsaqqaldır” deyib onun əleyhinə qərar verə bilmirlər. Belə çıxır ki, rayon və apelyasiya məhkəməsi qanunla deyil, tikinti oliqarxının diqtəsi ilə işləyir. Deməli, Mahir Mikayılov fəhlələrin daş yonmaqla, əlinin qabarı, alın təri ilə qazandığı pulu verməyə bilər, qanun onun qarşısında acizdir?

Fəhlələr bu obyektlərdə işlədilib

Keçmiş polis rəisi Mahir Mikayılov, onun oğlu, polis əməkdaşı Ziya Məmmədzadə, kürəkəni Nazim Abbasov bizi öz obyektlərində işlədib pulumuzu vermirlər. Hüquq-mühafizə orqanları isə bu tikinti oliqarxının polisdə işləyən oğlunun və kürəkəninin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı  Mübarizə Baş İdarəsində işləyən digər kürəkəni Azad Fətullayevin göstərişi ilə hərəkət edirlər. Biz sadə insanların pulunu kəsməklə haqqımız tapdalayırlar. Nəsimi rayon və Apelyasiya məhkəmələrinin hakimləri isə onun sifarişini yerinə yetirir. Necə ola bilər ki, bir tikinti oliqarxının sözü bütün hüquq-mühafizə orqanları üçün məcburidir?

35 fəhlənin və mənim ümidimiz Sizədir, cənab prezident. Yalnız Sizin müdaxiləniz Mahir Mikayılovun məhkəmələrə qanunsuz təsirinin qarşısını ala bilər”.

İ.Hümbətovun səsləndirdiyi bu ittihamlara qarşı tərəfin münasibətini öyrəndik.

Mahir Mikayılovun nümayəndəsi, vəkil Sərdar Qasımov virtualaz.org saytına açıqlamasında İ.Hümbətovun dediklərinin əsassız olduğunu bildirdi: “Onun dedikləri absurddur, heç bir məntiqə sığmır, hamısı yalandır. Bu barədə əlavə məlumat vermək istəmirəm. Çünki bu iş hazırda məhkəmədə araşdırılır. Apelyasiya Məhkəməsinin qərarından narazı qaldığımıza görə Ali Məhkəməyə kassasiya şikayəti vermişik. Məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

 

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın