Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Cəmiyyət / Keçmiş nazirlə yeni nazir arasında nə baş verir?

Keçmiş nazirlə yeni nazir arasında nə baş verir?

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 10 illik səfir fəaliyyətinin ardından görəvsiz qalıb. Belə ki, 2005-ci ildən 2015-ci ilədək Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfir postunu tutan Zülfüqarov, bir ilə yaxındır ki, yeni təyinat gözləyir.

Qaynarinfo.Az-ın məlumatına görə, keçmiş nazir geri çağırıldıqdan sonra tezliklə yeni təyinat alacağına ümid edirmiş. Amma bu baş verməyib. “Tofiq Zülfüqarovun fəaliyyətini səfir kimi davam etdirməməsi onun hazirki xarici işlər naziri Elmar Məmmədyarovla münasibətlərinin soyuq olmasından qaynaqlanır. Sabiq nazirlə xarici siyasət idarəsinin rəhbəri arasında ciddi fikir ayrılıqları var. Bu, xüsusilə diplomatik korpusların idarəçiliyi ilə bağlıdır. Son illərdə bir çox səfirlərin adı ətrafında baş verən qalmaqallardan sonra Zülfüqarovla Məmmədyarovun münasibətləri daha da soyuyub. Belə ki, keçmiş nazir qeyri-rəsmi atmosferdəki söhbətlərində Elmar Məmmədyarovun yerində olmadığına dair ciddi eyhamlar vurub. Bunlar hazirki nazirin qulağına çatdıqdan sonra o, Zülfüqarovu cəzalandırmaq qərarına gəlib. Beləliklə, əvvəlcə keçmiş nazirin səfir postundan geri çağırılmasına, ardınca isə onun yenidən təyinat alınmamasına nail olunub”, – deyə saytımıza daxil olan məlumatda qeyd edilir.

Onu da deyək ki, Tofiq Zülfüqarov özü də səfir postundan kənarlaşdırıldıqdan sonra Məmmədyarovla bağlı üstüörtülü şəkildə ittihamlar irəli sürüb. Müsahibələrinin birində hazirki nazirin istefa verməli olub-olmadığı barədə suala o, “Bu, cənab prezidentin qərarıdır. Mənim fikirimi soruşsanız, ciddi addım atılmalıdır, özü də ən ciddi addımlar” deyib, beləliklə də, xarici işlər naziri ilə arasının yaxşı olmadığını və onun əvəzlənməsi tərəfdarı olduğunu dolayısı ilə nümayiş etdirib.

Başqa bir müsahibəsində isə Zülfüqarov, Qarabağ danışıqlarının gedişi ilə bağlı Xarici İşlər Nazirliyinin tutumunu tənqid edib. “Təəssüf ki, danışıqlar barədə informasiyalar çox məhduddur. Və mənə elə gəlir ki, ictimaiyyət hansısa nüanslar barədə daha çox bilsə, yaxşı olar. Təsəvvür edin ki, mən danışıqlar barədə informasiyanı öz Xarici İşlər Nazirliyimizdən deyil, hansısa Qərb diplomatlarından alırdım” deyən keçmiş nazir indiki nazirdən narazılığını növbəti dəfə gizlətməyib.

Bütün bu deyilənlər xarici siyasət idarəmizin keçmiş və indiki rəhbərləri arasında gərginliyin çox dərin olmasından xəbər verir. Belədə isə Tofiq Zülfüqarovun diplomatik fəaliyyətini yenidən davam etdirə biləcəyinə inanmaq daha da çətinləşir.

Həmçinin oxuyun

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb – SİYAHI

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış …

Bir cavab yazın