Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

Qardaşı oğlu Ramil Səftərov: “Biz belə adamları nəinki öz nəslimizə, bütün xalqımıza ləkə bilirik”

“Şərəfi olan hər bir insan belə böhtanlara qarşı etiraz etməlidir”

Sabirabad rayonunun Şıxlar kənd sakini Səftərov Ramil Lələş oğlu  “Hürriyyət”in redaksiyasına müraciət edərək, təmsil etdiyi nəslin istəyini qəzetdə  dərc olunmasını xahiş edib. Ziyalı ailəsində böyüdüyünü, valideynlərinin hər ikisinin də müəllim olduğunu bildirən, özü isə hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus təmizləyici qurğuda texniki operator vəzifəsində çalışan R.Səftərov dedi ki, son vaxtlar bütün qohum-əqrəbası əmisi, AXCP üzvü Həsən Səftərovun əməllərinə görə xəcalət çəkir:

“Mənim dost-doğma əmim Səftərov Həsən Qəzənfər oğlu keçmiş polis işçisidir, hal-hazırda Kanadada, Toronto şəhərində yaşayır. Bu adam internetdə dövlətimizin, prezidentimizin və nazilərimizin əleyhinə ağzına gələn təhqiredici sözlər yazır. Dövlətimiz və dövlət başçımız haqqında montaj olunmuş təhqiredici şəkillər paylaşır. Təbii ki, şərəfi olan hər bir insan belə böhtanlara qarşı etiraz etməlidir. Odur ki, biz də nəsil olaraq bu adamdan imtina etmək qərarına gəlmişik. İstəyirik ki, bizim bu imtinamız mətbuatda işıqlandırılsın. Biz belə adamları nəinki öz nəslimizə, bütün xalqımıza ləkə bilirik”.

Ramil Səftərov deyir ki, əmisi Həsən Səftərov 1999-2000-ci ildən xaricdə yaşayır və ölkədə olarkən heç bir siyasi fəaliyyəti olmayıb: “Azərbaycanda olanda heç bir siyasi partiyanın üzvü olmayıb. Sadəcə, polis əməkdaşı idi. Ölkəni tərk etdikdən sonra AXCP-nin üzvü olub. Biz belə hesab edirik ki, bu adam ölkədən çıxandan sonra dövlətimizin düşmənləri, ölkəmizdə təxribat törətmək istəyən qüvvələrlə, o cümlədən xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlbir olub, Azərbaycanın əleyhinə çalışır. Onun bu mövqeyinə görə də nəsillikcə Həsən Səftərovdan imtina edirik. Açığı, biz onun bu fəaliyyətindən son vaxtlaradək xəbərsiz olmuşuq. Əgər bu haqda daha əvvəldən məlumatımız olsaydı, bu günə qədər çoxdan imtina edərdik”.

R.Səftərov əmindir ki, təmsil etdiyi nəsildə əmisi H.Səftərovu kimsə müdafiə etməyəcək:“Heç kim etiraz etməyəcək. Çünki onun fəaliyyəti artıq hər kəsə bəllidir və mən nəslimizin xahişini sizə çatdırıram. Biz istəyirik, hər kəs görsün ki, belə adamların taleyi necə olur. Onun dövlətimizə, prezidentimizə qarşı olan mövqeyi bizi qane etmir. Onun bu mövqeyi bizimlə onun arasında dərin uçurum yaradıb”.

Ramil Səftərov deyir ki, hazırda Azərbaycan prezidentinə qarşı çıxmaq dövlətə qarşı çıxmaqdır: “Region dövlətləri ilə müqayisə etdikdə, Azərbaycan qədər əminamanlıq olan ikinci bir ölkə yoxdur. Bu gün yeganə dövlətdir ki, onun vətəndaşları – bizlər evimizdə rahat yata bilirik. Biz televiziyadan da görürük, izləyirik, insanlar yatdıqları yerdə bütöv bir kənd batır, bomba düşür, terror aktları həyata keçirilir. Şükürlər olsun ki, bizim ölkəmizdə belə hallar yoxdur. Nəyin hesabına? Güclü rəhbrəliyin, güclü idarəçiliyin hesabına. Belə bir dövlətdən, belə bir ölkə başçısından necə narazı olmaz olar, axı?”

 

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın