Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət /  Kənan Kazımoğlu “Azadlıq” radiosunundakı postundan azad edilib – Təfərrüat

 Kənan Kazımoğlu “Azadlıq” radiosunundakı postundan azad edilib – Təfərrüat

Bu günlərdə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu tutduğu vəzifədən azad edilib.

Yeni Müsavat” qəzetinin yaydığı xəbərə görə, səbəb radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalardır. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb.

Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Hazırda Çexiya hökumətindən sığınacaq istəyən həmin əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb.

Radioya kənar maliyyənin cəlb edilməsi Nizamnaməyə ziddir. Belə ki, “Azad Avropa” və “Azadlıq” radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hansı kənar maliyyə qəbul edilməsi yasaqdır.

Araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait “Azadlıq” radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub

Kənan Kazımoğlunun işdən uzaqlaşdırılmasını tələb edənlərin arqumenti bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi sözügedən məqamların Azərbaycan prokurorluq orqanlarının Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovaya qarşı qaldırdığı cinayət işində motivə çevrilib.

Yada salaq ki, əslən Naxçıvanın Nehrəm kəndindən olan Kənan Kazımoğlu Amerika Birləşmiş Ştatları vətəndaşıdır. O, reportyorluğa “Azadlıq” qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla ailə quraraq, Vaşinqtona köçüb. Ali təhsilini ABŞ-da alan Kənan Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı rəhbəri Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə vəzifəyə dəvət edildikdən sonra – 2008-ci ildə Azərbaycan xidmətinə Kənan Kazımoğlu rəhbərlik edirdi.

“Azadlıq” radiosunun baş ofisinin başlatdığı araşdırmalar davam edir. Yoxlamanı çətinləşdirən məqamlardan biri Bakı bürosunun maliyyə məsələlərinə məsul əməkdaşı da daxil, bir sıra işçilərinin Azərbaycandan getməsidir.

Hələlik Kənan Kazımoğlu Azərbaycan xidmətində layihə rəhbəri təyin edilib. Onun sentyabr ayında müəllif proqramı ilə efirə çıxacağı gözlənilir. Azərbaycan xidmətinin rəhbəri vəzifəsi isə müvəqqəri olaraq İlkin Məmmədova tapşırılıb. İlkin Məmmədov Azərbaycan vətəndaşıdır, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 2008-ci ildə Praqada Azərbaycan xidmətində çalışır.

“Azadlıq” radiosu ilə bağlı ilginc xəbərlərdən biri də uzun illər radionun veb bölümünün redaktoru olan Ayaz Əhmədovun işdən getməsidir. Qaynaq iddia edir ki, o, Azərbaycan xidmətinin hazırladığı satirik buraxılışların müəllifi olub və radioda Kənan Kazımoğluna ən yaxın şəxslərdən biri kimi tanınırdı.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın