Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərovun işçiləri bir ailəni düzdə qoyub-Narazılıq

Kəmaləddin Heydərovun işçiləri bir ailəni düzdə qoyub-Narazılıq

Hələ də ümid edirik ki, bu məqalənin yayımlanmasından sonra ən azından  cənab Nazir problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək

   Hər kəsə məlumdur ki, ölkəmizin ərazisində yaşayan hər bir vətəndaşın hüququ ilə bağlı məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapıb. Yəni, bu maddədə göstərilir ki, Azərbaycan dövləti ilə siyasi-hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan hər kəs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur və həmin şəxs dövlətə münasibətdə bir sıra hüquqlara malikdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs dövlət qurumlarından ona aid hüquqların müdafiəsini, qorunmasını, təşkil olunmasını və s. tələb etmək hüquqlarına malik olur. Bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapsa da, haqqında bəhs etdiyimiz Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlu (Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişmişdir) və onun ailə üzvləri Azərbaycan Respublikası Konstitusiyasının onlara verdiyi hüquqlardan istifadə etmələrinə baxmayaraq, 2014-cü ildən pozulmuş hüquqlarının bərpasına heç cür nail ola bilməyiblər. Yəni, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, 2012-ci ilin mart ayında rayonun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verir və 62 ailə torpaq sürüşməsi hadisəsinin fəsadları ilə üz-üzə qalsalar da, 47 ailənin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi tam yarasız vəziyyətə düşür. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə birlikdə baxış keçirirlər. Həmin vaxt yarasız vəziyyətə düşmüş evlərlə bağlı bu dövlət qurumlarının əməkdaşları tərəfindən akt da tərtib olunur və 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və buna görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir.

     Qeyd edək ki, torpaq sürüşməsi hadisəsindən sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan sakinlərin siyahısı dəqiqləşdirilir və onların sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evlərinin inşaasına başlanılır və 2014-cü ildə evlər zərərçəkən ailələrə təhfil verilir. Tərtib olunmuş siyahıda mərhum Yadigar Rəcəbov və onun ailə üzvləri (7 nəfərdən ibarət) 46-cı sırada olsalar da, inşa olunmuş evlər sakinlərə təhvil verilərkən bu ailəyə ev verilmir. Belə olan halda mərhum Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizəsi göndərir və baş verən ədalətsizliklərlə bağlı aidiyyatı dövlət qurumlarını lazımınca da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, evlər paylanılarkən Rəcəbovlar ailəsinə verilməli olan ev hansısa maraqlar əsasında başqa bir ailəyə verilir.  Yadigar Rəcəbovun etdiyi şikayətlər əsasında isə, həmin evə yerləşdirilmiş ailə üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə evdən çıxarılır və ev 8 il ərzində boş qalır. Bugünlərdə Rəcəbovlar ailəsindən redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, vaxtilə həmin evdən çıxarılmış ailə təqribən ayyarım bundan öncə Şamaxı RİH əməkdaşlarının himayədarlığı altında təkrar həmin evə  yerləşdirilir. Bütün bunlar da onu sübut edir ki, Rəcəbovlar ailəsinə təhvil verilməli olan evlə bağlı yaşanan problemin kökündə, məhz Şamaxı RİH əməkdaşlarının oynadıqları “oyun qaydaları” durur.

      Onu da bildirək ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə təhvil verilir. Həmin vaxtlar Yadigar Rəcəbovun ailəsinə ev verilmir. Səbəb də o qeyd olunur ki, guya evlər paylanana qədər  Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evlə bağlı nə Fövqəladə Hallar Nazirliyinin, nə də ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin adları siyahıda olsa da, az sonra onların adlarının siyahıdan çıxarıldığı bildirilir. Digər səbəb də o göstərilir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə 03 mart 2014-cü il tarixdə  bu ailəyə məxsus fərdi yaşayış evinə viziual texniki baxış keçirilmiş və həmin vaxt müvafiq akt da tərtib olunmuşdur. Tərtib olunmuş aktda Yadigar Rəcəbovun ailəsinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Yəni, verilən cavablarda bildirilir ki, yeni akt tərtib olunana qədər tikilmiş evlər vətəndaşlara paylanılmışdır.Əslində bu cür yanaşmalarverilən belə bir cavablarbaş aldatmaqdan başqa bir şey deyil. O halda ortaya belə bir sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir? Nədən həmin vaxtlarda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilir və akt da tərtib olunur? Amma, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixdə, yəni iki il sonra həyata keçirilir? Deməli, belə bir yanaşmaların, başaldadıcı cavabların verilməsinin arxasında hansısa maraqlar durur.

      Hörmətli oxucular! Artıq bir neçə dəfədir ki, araz.az xəbər portalı olaraq yaşanan belə bir problemin varlığını geniş ictimaiyyətin diqqətinə çatdırırıq və problemin araşdırılması məqsədilə, hətta aidiyyatı dövlət qurumlarına məktublar da göndəririk. Düzdür, ilk vaxtlar elə düşünürdük ki, bu mövzu ilə bağlı məqalə yayımlanarkən cənab Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarının Şamaxı RİH  Aparatında vəzifə sahibi olan bəzi vəzifə sahibləri ilə əlbir olub oynadıqları “oyun qaydaları”nı şəxsi nəzarətinə götürəcək və qısa zaman kəsiyində 7 nəfərdən ibarət Rəcəbovlar ailəsinin üz-üzə qaldıqları problem ədalətli həllini tapacaq.  Təəssüflər olsun ki, bu heç də belə olmadı.

      Qeyd edək ki, bugünə qədər verilən cavab məktublarında qeyd olunub ki, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə 03 mart 2014-cü il tarixdə vizual baxış keçirimiş və bununla bağlı akt da tərtib olunmuşdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Şamaxı RİH  Aparatı tərəfindən verilən  başaldadıcı cavab məktublarına aydınlıq gətirilməsi məqsədilə, adı çəkilən bu dövlət qurumlarına ünvanladığımız məktublara yenə də oxşar cavablar verilir. Yəni, ünvanladığımız suallara Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə edə bilmədiyimizdən, bir neçə gün bundan öncə cavab əldə etmək istədiyimiz suallara aydınlıq gətirilməsinə köməklik göstərilməsi üçün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Nazir cənab Əli Əsədova və  Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova rəsmi qaydada məktubla müraciət etmək məcburiyyətində qaldıq. Düşünürük ki, ünvanlanan məktublar əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə etməyi bacaracağıq. Biz hələ də belə bir düşüncəyə sahibik ki, bu məqalənin yayımlanmasından sonra ən azından  cənab Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Həmçinin oxuyun

Zaur Baxşəliyev Nərminin qətlinə görə məhkəməyə çağırıldı

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın …