Şənbə , Fevral 27 2021
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərov: “Təzə maşın al, rüsumu mən sənə hədiyyə edəcəm”

Kəmaləddin Heydərov: “Təzə maşın al, rüsumu mən sənə hədiyyə edəcəm”

Bu gün gömrük işçilərinin peşə bayramıdır. Təbriklər! Gömrükçülərimizə çox, lap çox insaf arzulayıram. Onlar nə qədər insaflı və ədalətli olsa, Azərbaycanımız daha çox irəli gedə bilər. Amma nə yazıq, gömrük işçilərində arzuladığım ədaləti və obyektivliyi çox uzun illərdir ki, görə bilmirəm. Bu isə ölkəmizin davamlı inkişafını tormozlayır.

Çünki hər bir ölkənin davamlı inkişafı həmin ölkənin aparılan gömrük siyasətindən asılıdır. Neyləyək ki, bizdə gömrük siyasəti liberal yox, inzibati yolla həyata keçirilir. Gömrük Komitəsi daxili bazarı qorumaq və yerli istehsalı stimullaşdırmaqdan başqa hər şeylə məşğul olur. Məhz bunun nəticəsidir ki, bu gün qeyri-neft sektoru üzrə ölkəmiz bərbad mənfi saldoya malikdir.

Məsələn, ötən il Azərbaycandan 13 milyard 740 milyon 567 min dollarlıq məhsul ixrac edilib. Əvəzində ölkəmizə 10 milyard 730 milyon 720 min dollarlıq məhsul idxal olunub. Nəticədə 3 milyard 9 milyon 847 min dollarlıq müsbət saldo yaranıb. Amma… Bax, işləri korlayan bu ammadır. Çünki ixrac etdiyimiz məhsulun nə az, nə çox, düz 11 milyard 889 milyon 300 min dollarlıq hissəsini və yaxud 86,53 faizini xam neft təşkil edib. Təkrar edirəm, xam neft haaa… Qeyri-neft sektoru üzrə ixracın həcmi ötən il 1 milyard 851 milyon 266 min manat və yaxud 13, 47 faiz olub.

Göründüyü kimi, qeyri-neft sektoru üzrə ticarət dövriyyəsində çox böyük (500 faizdən çox) mənfi saldo yaranıb. Onu da əlavə edim ki, 2019-cu ildə gömrük orqanlarından büdcəyə 4 milyard 408 milyon 624 min manat daxil olmuşdusa, bu il bu rəqəm 3 milyard 938 milyon 242 min manat olub. Göründüyü kimi, büdcə daxilolmaları son bir ildə 500 milyon manat azalıb.

Bu məsələnin rəsmi tərəfi, indi keçək qeyri-rəsmi tərəfinə. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Ermənistanla Gürcüstan 25 ilə yaxındır ki, bu təşkilatın üzvüdür. Bu təşkilata üzv olmaq ölkələr arasında ticari əlaqələri gücləndirir, ikiqat vergi yükünü aradan qaldırır. Çox təəssüf ki, Azərbaycanın bu təşkilata üzv olmamasının əsas səbəbkarı Dövlət Gömrük Komitəsidir. Çünki təşkilata üzv olan ölkələr müəyyən öhdəliklər götürür. Məsələn, hər hansı ixtiyari bir ölkə, məsələn, Moldova təşkilatın üzvü olduğu təqdirdə ixtiyarı yoxdur ki, digər üzv dövlətin məhsuluna iki qat gömrük rüsumları tətbiq etsin. Bunun üçün təşkilatlar müəyyən hədlər təsdiqləyib.

Azərbaycan ÜTT üzv olmamaqla gömrük rüsumlarını birtərəfli qaydada müəyyən edir. Məsələn, ölkəmizə gətirilən  2015-ci il istehsalı olan, mühərrikin gücü 2,8 kb/sm, bəyannamədə qiyməti 31 min ABŞ dollar göstərilən BMW  avtomobili üçün qonşu dövlətdə 3 min 388 lari (təxminən 1700 manat), Azərbaycanda isə 21 min 960 manat gömrük rüsumu tələb olunur. Gömrük rəsmiləşməsində fərq nə az, nə çox, düz 12 dəfədən çoxdur. Və yaxud 2018-ci il istehsalı olan, mühərrikin gücü 2,5 kb/sm, bəyannamə qiyməti 15 min 500 ABŞ dollar göstərilən RAV4 avtomobili üçün Gürcüstanda 4 min lari (2 min manat), bizdə isə 14 min 631 manat gömrük rüsumu tələb olunur. Fərq 7 dəfə böyükdür. Bu isə DGK-nın Allahsız gömrük siyasətinin adi bir sübutudur. Allahın Afrikasının ən geridə qalmış ölkəsində belə bu cür gömrük rüsumu tətbiq edilmir.

Avtomobildən soz düşmüşkən, bir xatirəmi danışacam. Səhv etmirəmsə 1996-cı il idi. O vaxt mövcud olan Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyən bir tanışım mənə bir məktub verdi. Məktubda göstərilirdi ki, DGK ölkəyə gətirilən avtomobillərə yeni gömrük rüsumları tətbiq edir. O vaxtkı qaydaya əsasən gömrük rüsumları tətbiq edilərkən və dəyişdirilərkən hökmən müvafiq nazirliklərin və Baş nazirin razılığı alınmalıydı. Gömrük Komitəsinin avtomobillərə gömrük rüsumlarının tətbiqi təkilfinə isə nə o vaxtkı iqtisadiyyat naziri Namiq Nəsirullayev, nə maliyyə naziri Fikrət Yusifov, nə də ki xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev razılıq verməmişdilər və sənədə imza atmamışdılar.

Sənədə yalnız DGK-nın o vaxtkı sədri Kəmaləddin Heydərov və o vaxtkı Baş nazir Fuad Quliyev imza atmışdı. Məktubu götürüb getdim DGK-nın o vaxt Maliyyə taarifi və valyutaya nəzarət Baş idarəsinin rəisi Fazil Məmmədovun yanına. Fazil müəllim bir məktuba baxdı, bir də mənə… Dedi ki, Surxay, (o vaxtlar Fazil müəllimlə normal münasibətimiz var idi) bu, mənlik deyil. İmkan ver şeflə məsləhətləşim”. Getdi, bir azdan qayıtdı. Dedi ki, “Gedək, şef gözləyir”. Kəmaləddin Heydərov məni görən kimi zarafatla qayıtdı ki, ” A kişi, niyə qoymursan işləyək?”. Dedim ki, “Kəmaləddin müəllim, bilirsiniz ki, ölkədə istehsal olunmayan məhsullara gömrük rüsumunun tətbiqi doğru deyil, axı? Bu, qiymət artımına səbəb olacaq. Üstəlik, sizin təklifinizə digər nazirliklər “okey” verməyib?” Heydərov yenə gülə-gülə qayıtdı ki, “Rüsumlar ancaq təzə avtomobillərə tətbiq ediləcək.

Təzə avtomobillərin bahalaşması isə avtomobil bazarına elə ciddi təsiri olmayacaq”. Mən də dedim ki, “Belə çıxır ki, çoxları, o cümlədən mən də heç zaman gömrük rüsumunun yüksək olması səbəbindən təəzə avtomobil ala bilməyəcəm?!”

O, yenə güldü və dedi ki, “Sən təzə maşın al, gömrük rüsumunu mən sənə hədiyyə edəcəm”.

Nə isə… Xeyli söhbətdən sonra mənə dedilər ki, “bu məsələnin başını burax, lazım gəlsə, rəhbərliyinə deyərik”. Razılaşmadım. Çıxdım, Amma rəhbərlik o materialın efirə getməsinə icazə vermədi. Yəni deməyim odur ki, DGK bütün zamanlarda öz bildiyi kimi qərarlar verib. İstədiyi sənədin təsdiqi üçün də hökuməti bu və ya digər şəkildə inandırıb. Faktları da büdcəyə cəlb ediləcək 5-10 manat olub. Son illər DGK hər gün bir qayda tətbiq edir. Bir gün avtomobillərin idxalına, bir gür siqaretin, bir günsə xam məhsula tətbiq edilən rüsumları qaldırır. Azərbaycan bəlkə də yeganə ölkədir ki, xam məhsula və istehsal avadanlıqlarına gömrük rüsumları tətbiq edir.

Son iki ildə fiziki şəxslərə gətirdikləri məhsullarının gömrük rüsumundan azad edilən həcmi 2500 manatdan 300 manata qədər endirilib. Məsələn, bu gün heç də hər adam ölkəyə iri həcmdə məhsul gətirə bilməz. Gərək bunun üçün Komitədə adamın olsun. Yoxsa gətirdiyin məhsul bu və ya digər səbəblərə görə aylarla gömrükdə qalacaq. Və bu işə girişdiyinə görə özünü yüz dəfə lənətləyəcəksən. Çox böyük ziyanla evinə dönəcəksən. DGK təkcə böyük iş adamlarına deyil, ən sadə vətəndaşlara da qənim kəsilib.

İlbəil sadə vətəndaşlara tətbiq edilən gömrük qadağaları sərtləşdirilir. Bir neçə il qabaq gördüyüm mənzərə mənim heç zaman yadımdan çıxmaz. İrandan qayıdırdım. Astara gömrükxanasında məndən qabaq xeyli yaşlı ər-arvad  gedirdi. Gömrük baxışı zamanı bəlli oldu ki, onlar 5-6 kiloqram banan gətirirlər. Bu da qaydalara ziddir. Qoca ər-arvad nə qədər yalvardılar ki, nəvəmizə xeyir iş edirik, onun üçün aparırıq”.

Boz sifət gömrük məmuru Nuh dedi, peyğəmbər demədi. Axırda yaşlı qadın başladı banan dəstəsini əzib-tökməyə. Dedi ki, zibilə ataram, sizə vermərəm. Mən də müdaxilə etmək istədim. Alınmadı… Gömrüyün çıxışındakıların hamısı gömrük işçilərindən yana-yana danışırdılar. Deyirdilər ki, sadə camaatın son çörək pulunu müsadirə adı ilə əllərindən alırlar. Sonra da axşamlar “müsadirə” olunan məhsulları yük maşınlarına yükləyib ətraf mağazalara paylayırlar. Bax, bizim gömrük məmurları belə qəhrəmanlıqlar göstərirlər. Yenə deyirəm, gömrük orqanlarımız qanunlarla deyil, Komitə sədrinin müəyyən etdiyi qaydalarla işləyirlər.

Bu yaxınlarda Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı Meydan TV-nin rəhbəri Həbib Müntəzir maraqlı bir məlumat yayıb. Jurnalistin yaydığı məlumatdan bəlli olur ki, bu dövlət qurumunun rəhbərliyinə Mehdiyev yalnız yaxınlarını və həmkəndlilərini toplayıb. O, Gömrük Komitəsi sədrinin kadr siyasətinin klan prinsipinə əsaslandığını qeyd edib. Həmin siyahını bir daha oxucuların diqqətinə çatdırıram.

– Sədr: Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.

Birinci müavin: Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri

– Müavin: Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm kəndi.

– Müavin: Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.

Digər struktur rəisləri:

– Daxili Təhlükəsizlik İdarəsi rəisi: Rəşad Zalov, 1980, Naxçıvan.

– İnzibati İdarəetmənin Təşkili idarəsi: Nüsrət Qurbanov, 1963, Naxçıvan.

– Xarici Əlaqələr İdarəsinin rəisi: Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.

Hüquqi təminat şöbəsinin rəisi: Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.

– Mətbuat xidmətinin rəisi: Natiq Axundov, 1977, Naxçıvan şəhəri.

– Katibliyin rəisi: Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.

– Avtomobil Nəqliyyat İdarəsi: Simurq Cəfərov, 1964, Ordubad, Tivi kəndi.

– İnfrastrukturun İnkişafı İdarəsi: Kamil Qasımov, 1960, Babək, Çeşməbasar.

– Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi: Məsum Rəsulov, Naxçıvan, Babək, Nehrəm

– Gömrük Komitəsi Akademiyasının rəisi: Qulu Novruzov, 1970, Naxçıvan, Babək, Nehrəm.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyində yaxın qohumların yüksək vəzifəyə təyin olunması qadağandır. Bu, bir neçə qanunda öz əksini tapıb. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində isə deyilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Amma neyləyək ki, bizim cəmiyyətin öz qaydaları var. Və Səfər Mehdiyev də bu qaydalar “çərçivəsində” hərəkət edir. Konkret.az

Həmçinin oxuyun

İctimai-siyasi xadimlər koronavirusa qarşı peyvənd olundu – VİDEO

Bu gün 2 nömrəli Şəhər Kliniki Xəstəxanasında siyasi partiyaların rəhbərləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, politoloqlar, …