Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Jurnalistlər deputat Mahir Abbaszadə haqqında sərt danışdı: “Yəqin özü də unudub ki, millət vəkilidir”- SORĞU

Jurnalistlər deputat Mahir Abbaszadə haqqında sərt danışdı: “Yəqin özü də unudub ki, millət vəkilidir”- SORĞU

Editor.az qanunverici orqan-Milli Məclis üzvlərinin fəaliyyətinə “dördüncü hakimiyyət” təmsilçiləri-jurnalistlərin mövqeyini əks etdirən “Deputat kürsüsü” rubrikasını davam etdirir. Bu dəfə rubrikanın qəhrəmanı 121 saylı Laçın seçki dairəsindən deputat Mahir Abbaszadədir.

Məhəmməli Qəribli(azinforum.az): Uzun müddətdir ki, siyasi jurnalistika ilə məşğul oluram. Belə adda bir deputatın olmasını birinci dəfədir eşidirəm. Sual oluna bilər: bunun günahı kimdədir? Jurnalistdə, yoxsa deputatda? Təbii ki, bu halda günahkar deputatdı. Desəm ki, Zahid Orucu, Qənirə Paşayevanı və ya Fəzail Ağamalını tanımıram, zəif jurnalist olmaqla bağlı haqlı irada tuş gələ bilərəm. Mediaya açıq olmayan, ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirməyən bir adamı biz hardan tanıya bilərik? Əminəm ki, bu passivlikdə olan deputatı heç seçiciləri belə əməlli tanımır. Yoxlaya bilərsiniz…

Əfsələddin Ağalarov(azxeber.com): Etiraf edim ki, elə bil bu adı cəmisi bir dəfə eşitmişəm. O da seçkinin qaliblərinin adlarının açıqlandığı gün. Sonrası isə yalnız qaranlıq görünür yaddaşımda. Görünür, mən və hörmətli deputatın seçiciləri arasında çoxlu sayda Altsaymer (unutqanlıq) xəstəliyinə düçar olanlar var. Yəqin ki, o çalışır, hər ay seçiciləri ilə sadəcə görüşür. Və yəqin ki, o seçicilərinin problemini sadəcə görüşdüyü kimi sadəcə dinləmir. Həm də çalışır ki, sadəcə o problemləri həll etsin. Sadəcə biz unutqanlar yəqinki, bunu görmürük. Kaş bu xəyalım “sadəcə” belə olaydı.

Seymur Suleymanov(terefdar.az): Millət vəkili Mahir Abbaszadə aktiv fəaliyyət göstərməyən deputatlardan biridir. Düzünü desəm, Mahir Abbaszadəni keçən il millət vəkili seçki kampaniyasında mətbuat vasitəsilə yayınlanan, adının mənfi xəbərlərlə çəkilməsi ilə tanıdım. Milli Məclisdə əyləşən deputatın fəal olması onun vəzifə borcudur. Bəlkə də “yeni” seçilən millət vəkilidir deyə gözləmə mövqeyində dayanır. Ola bilsin ki, o da bir çox “aktiv” hərəkətdə olan deputatlara baxıb nəyisə öyrənir? Amma ümidvaram, Mahir Abbaszadə həmin “aktiv” hesab edilən deputatlar kimi milyonluq mal-mülki ilə tanınmaz. Bundan əlavə, deputat gərək, öz fəallığı ilə daima ictimaiyyət arasında ola və mətbuatla əməkdaşlıq edə.

Azər Qaramanlı(pia.az): Bu deputatın adını ilk dəfə sizdən eşidirəm.

İradə Cəlil(“Ekspress” qəzeti) : Mahir Abbaszadə adlı millət vəkilinin olduğunu eşitmişdim. 2015-ci il seçilən millət vəkillərindəndir. Amma millət vəkili kimi gözəgörünən və ya eşitdiyim önəmli fəaliyyəti olmadığı üçün məcbur oldum “Google”də millət vəkilimizin adını axtarış edim ki, bəlkə mən xəbərsizəm. Amma nə yazıq ki, onun haqqında olan bütün məlumatlar yalnız seçki ərəfəsində olan məlumatlardır. Mən də Mahir Abbazadə ilə “Google” vasitəsilə tanış oldum. Fəaliyyətini də görsəydim, oxusaydım, sevinərdim.
“Google”un yaddaşında da “ sədəqə verən” namizəd kimi qalıb. Görünür haqqında bəhs etdiyimiz insan jurnalistlərlə o qədər də mehriban deyil. Çünki bir internet tv –yə verdiyi müsahibədən başqa, hər hansı açıqlaması qarşıma çıxmadı.

Ümumiyyətlə bu gün Milli Məclisdə adı olub, özü yox kimi olan millət vəkillərimiz çoxdur. Onların işi sadəcə “lehinə”, “əlehinə” səs verməkdən başqa bir şey deyil. Bəzən düşünürəm ki, onların heç nəyə əl qaldırdıqlarından da xəbərləri olmur. Acınacaqlı olsa da, millət vəkilimizin xoşuna gəlməsə də, təəssüf ki, Mahir Abbaszadə də o qism deputatlardandır.

Cavid Şahverdiyev(avrasiya.net): Mahir Abbaszadəni də parlamentdə oturan bəzi “lal” millət vəkilləri sırasına daxil edə bilərəm. Fəal millət vəkili deyil, hansısa qanunun qəbul olunması müzakirəsində onun fəallığını görməmişəm. Bu adamı ancaq Laçın rayon İcra Hakimiyyəti başçısının hansısa əlamətdar günlə bağlı keçirdiyi rayon tədbirlərindən çəkilən fotolarda görmüşəm. Yaxud da ara-sıra bəzi rayonlarda yaşayan laçınlılarla keçirdiyi görüşlərdən xəbər tuturam. Millət vəkilinin seçiciləriylə görüşüb onların problemlərini dinləməsi mütləqdir, borcudur. Amma iqtisadçı kimi iqtisadi qanunların müzakirə edilib, qəbul olunması prosesində parlamentdəki fəaliyyəti zəifdir. Mediada da çox az-az görünür. Yəni ixtisası üzrə aktual mövzuların təhlil və analizində onun mülahizələri, fikir və proqnozlarına rast gəlmirəm. Beləcə, Mahir Abbaszadənin deputat kimi fəaliyyəti məni qane etmir.

Azər Niftiyev(aktual.az): Mahir Abbaszadəni tanıyıram, amma bank müdiri kimi. Deputat kimi onun hər hansı fəaliyyətindən və çıxışlarından xəbərim yoxdur. Bəlkə, Mahir müəllimin özü də unudub ki, millət vəkilidir…

Taleh Şahsuvarlı(tezis.az): Mahir Abbaszadə ilə eyni fakültədə oxumuşuq. Mən fəlsəfə, o isə iqtisadi nəzəriyyə ixtisası üzrə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb. Məndən bir neçə kurs yuxarıda oxuyub. Tələbələr arasında hörməti vardı. İstər elmi, istərsə də biznes sektorunda karyerasını pillə-pillə, öz ağlının, savadının, təşəbbüskarlığının sayəsində qazanıb. Laçın rayonunun Güləbird kəndindəndir, hörmətli bir ailənin nümayəndəsidir. Laçın mürəkkəb sosial münasibətlər sistemi olan bir yerdir, açıq sözlü, qorxmaz insanlar yurdudur, üstəlik ərazisi işğal altında olan, əhalisi məcburi köçkün düşmüş bir rayondur. Belə bir mühitdə nüfuz sahibi olmaq, daim xalqla ünsiyyətdə olmaq xeyli çətindir. Ən azı ona görə çətindir ki, əhali kompakt yaşamır. Ancaq əslən laçınlı olduğumdan, Laçın camaatı ilə, öz qohum-əqrəbamla daim ünsiyyətdə olduğumdan dəqiq bilirəm ki, Mahir Abbaszadə onlar üçün əlçatan təmsilçidir. Ümid edirəm ki, qarşıdakı sessiyalarda daha fəal olacaq, o cümlədən media ilə əlaqələrini də sistemli bir şəkildə quracaq. Bir insan, bir həmyerli, bir alim və bir deputat kimi ona münasibətim müsbətdir.

Azər Həsrət(tanınmış media ekspert): Nə deyim vallah?! Bu adı ilk dəfədir Sizdən eşidirəm….

Nahid Canbaxışlı(veteninfo.az): Mahir Abbaszadə Milli Məclisə 121 saylı Laçın seçki dairəsindən seçilən millət vəkilidir. Onun mətbuatla müəyyən qədər münasibət qurmağa meyilli olduğunu görmək olar. Əməkdaşlığa açıq biri kimi görünür. Onu bir neçə sosial tədbirlərdə iştirak etdiyin şahidiyəm. MM-in plenar iclaslarında amma çıxış etməyib. Bu o demək deyil o passiv millət vəkilidi. Təmsil olunduğu komitələrdə çıxışlar edir. İnsanlarla əməkdaşlığa can atan birisidir. Bu da onun biznes sahəsində uzun illər olmasından irəli gəlir. Onun haqqında hansısa mənfi fikirlər səsnləndirə və yaxud da fəaliyyətini tənqid edə bilmərəm. Çünki həm yeni parlamentaridi, həm də hələlik onun dairəsindən hansısa şikayətlər alamışıq. Əgər hansısa şikayətlər olsa sevə-sevə oxucularımıza çatdıracağıq.

Fərrux Xasayoğlu, Editor.az

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın