Şənbə , İyul 20 2019
Ana səhifə / Cəmiyyət / Jurnalist atasının həbsindən danışdı: “İcra başçısı məndən qisas almaq üçün, atamı şərlətdi”

Jurnalist atasının həbsindən danışdı: “İcra başçısı məndən qisas almaq üçün, atamı şərlətdi”

Məlum olduğu kimi, «Sonolay.org» informasiya agentliyinin baş redaktoru Ramin Məhəmmədoğlunun atası Qurbanov Məhəmməd Rəşid oğlu 06.03.2017-ci il tarixində Ağcabədi rayon məhkəməsinin hökmü ilə üç il müddətində azadlıqdan məhrum edilib. Ramin Məhəmmədoğlu qəti əmindir ki, ixtiyar yaşlı atası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədovun sifarişi ilə şərlənərək qanunsuz həbs olunub. Onun sözlərinə görə, Ş. Məmmədovun başçılıq etdiyi məmur çetesinin ilkin hədəfi məhz onun özünün həbsi olub, lakin “bir ayağı Bakıda olduğundan”, əyalətdə yaşayan atasını böhtanlamaq üçün bəhanə “tapıblar”.

Məhəmmədoğlu bildirir ki, ailəsinin qarşılaşdığı problemlə bağlı dəfələrlə ölkə prezidentiə, birinci xanıma müraciət edib. Lakin görünür, Şahin Məmmədovun əli Prezident Administrasiyasının məktublar şöbəsinə çatacaq qədər uzun olduğundan, müraciətnamələri adresatlara yetişməyib. Baş redaktor məhkəmənin də Şahin Məmmədovun sifarişini yerinə yetirmək zorunda olduğunu qeyd edir: “Ağcabədi rayon məhkəməsinin ədalətsiz hökmündən apellyasiya şikayəti verdiyimiz Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağsayev də, məhkəmənin hakimi Etibar Camalov da imperativ normaları da tapdalayaraq ədalətin qələbəsinə deyil, məmur çetesinin bizim ailəyə qarşı haqsızlığının, hədyanının “ayaq tutub yeriməsinə” xidmət etdilər. Digər hakimlər prosesdə müşahidə etdikləri ədalətsizliyə başlarını bulamaqdan başqa heç nə edə bilmədilər”.
Jurnalist icra başçısını radikal “zərərsizləşdirmə” metoduna əl atmağa vadar edən əsl səbəbdən danışdı: “Atamın həbs olunması mənim jurnalist fəaliyyətimlə bağlıdır. Ona görə ki, mən bir jurnalist olaraq peşə fəaliyyətimlə əlaqədar 2016-cı ilin may – iyun aylarında Ağcabədi rayon təhsilində mənimsənilən 897,0 min manat dövlət vəsaitini aşkara çıxarmışam. Həmin fakta görə, Ağcabədi rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Mehdi Əhmədovun barəsində 2016-cı ilin avqust ayında Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 162026172 №-li cinayət işi açılmışdır. Aydın məsələdir ki, Ağcabədi məktəblərində mənimsənilən 897,0 min manat dövlət vəsaitini təhsil şöbəsinin müdiri Mehdi Əhmədov təkbaşına “həzm-rabe”dən keçirməyib. Heç şübhəsiz ki, Ağcabədi rayonunda bu qədər dövlət vəsaitinin yoxa çıxmasından icra başçısı Şahin Məmmədov xəbərsiz olmayıb. Şübhə etmirəm də ki, bu korrupsiya cinayətində başçının izn – rüsxəti olmamış deyildir. Məsələnin ilginc tərəfi də bundan ibarətdir ki, Ağcabədi məktəblərində mənimsənilən külli miqdarda dövlət vəsaitini aşkara çıxardığım üçün icra başçısı Şahin Məmmədov məndən qisas almaq məqsədi ilə atam Qurbanov Məhəmməd Rəşid oğlunu şərlədərək Cinayət Məcəlləsinin hədə – qorxu maddəsi ilə həbs etdirmişdir”.

Məhəmmədoğlu yada salıb ki, mənsub olduğu Qurbanovlar ailəsi bölgədə Şahin Məmmədovun belə şərləməsinə məruz qalan yeganə ziyalı ailəsi deyildir: “Ümumiyyətlə, Şahin Məmmədov adlı icra başçısı son 3 ildə Ağcabədi rayonunda onun barəsində haqqı yazan 6-7 jurnalist və tənqidi fikir daşıyıcısı olan qeyri şəxsləri həbs etdirib. Onların arasında iş adamı İlqar Avşar, Elqayıt kimi ictimai fəallığı ilə seçilən ziyalılar vardır. Atama qarşı belə bir saxta və qondarma cinayət işinin açılması da Ş. Məmmədovun növbəti iyrənc planının bir hissəsidir. İcra başçısının atamı qanunsuz həbs etmə tapşırığını isə Ağcabədi rayon məhkəməsinin hakimi Etibar Quliyev can – başla yerinə yetirmişdir. Onu da qeyd edim ki, Etibar Quliyev icra başçısının tapşırığı ilə daha bir neçə nəfərin qanunsuz həbsinə qərar verib. Etibar Quliyevin həyat yoldaşı da Ədliyyə Nazirliyində işlədiyindən, onun qərarları yuxarı instansiya məhkəmələrində müzakirə olunmur. Adamları sındırıb üzr istəməyə məcbur edəndən sonra buraxdırırlar ki, mübarizə əzmini qırsınlar. Amma bizə qarşı keçməz belə oyunlar”.
Baş redaktor artıq növbəti dəfə Prezidentə müraciət hazırladığını, Ali Məhkəməyə müraciət edəcəyini bildirib. (realmedia.az)

Azinforum.az olaraq yazıda adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.

Həmçinin oxuyun

Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” (VİDEO)

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film …

Bir cavab yazın