Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Cəmiyyət / İstintaq komitəsi lazımdırmı?

İstintaq komitəsi lazımdırmı?

Manatın xarici valyutaya münasibətdə dəyəri aşağı düşdükcə bir sıra dövlət orqanlarının ştat vahidində ixtisarlar, fəaliyyət istiqamətləri üst-üstə düşən bəzi orqanların ləğv edilib vahid mərkəzdə birləşdirilməsi məsələsi aktuallaşır. Neftin bir barelə olan qiyməti də dünya bazarında endikcə böhranın qaçılmaz olduğu mübahisəsiz olur. Buna baxmayaraq vəziyyətin hansı həddə olmasının fərqinə varmayan bəzi mütəxəssislər hüquq mühafizə orqanlarında istintaq idarələrinin, şöbələrinin və bölmələrin ləğv edilərək vahid departament statusunda, komitə səlahiyyətində yeni bir qurumun yaradılması təklifi ilə çıxış edirlər. Bir sıra ölkələrdə istintaq komitəsi (İK) var və komitə prezidentə tabe olmaqla, onun yanında fəaliyyət göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə nəzər yetirdikdə dövlət başçısının səlahiyyət yükünün həddindən artıq olduğunu sezmək çətin deyil. Xarici, diplomatik səfər və görüşlərini, Ali Baş Komandan vəzifələrini də bura əlavə etsək səlahiyyətlərin çoxluğu aydın görünür.
İstintaq komitəsinin yarandığı ölkələrdə (RF, Belorusiya, Qazaxıstan və s.) qəbuledilməz taktikalarla yadda qalır. Saxlanılan və məsuliyyətə cəlb olunan şəxslərin müdafiəçi ilə təmin olunması məsələsi komitənin “Vəkilləri” tərəfindən həyata keçirilir. Müqəssirə sərbəst, inandığı müdafiəçi ilə müqavilə bağlamaq imkanı verilmir. Həbs edilən şəxslərin istintaq hərəkətlərinin fiksiyasında vəkili ilə iştirakına süni məhdudiyyətlər qoyulur. Komitənin siyahısında olan “pulsuz” vəkillər belə hərəkətlərə cəlb olunur. “Pulsuz” vəkillər dinməz – söyləməz təqdim olunan prosesual sənədləri heç bir qeyd etmədən imzalayır, məhkəmələrdə səssiz oturaraq suallara ehtiyac duymur. Bu hal Rusiyada daha açıq şəkildə özünü göstərir və KİV-də bu barədə jurnalist yazıları var. Məsələn: RF-nın “Novaya Qazeta” –nın, “Russkaya Jurnal”-ın səhifələrində dərc olunan müəllif məqalələrində qeyd edilir ki, siyasi sifarişlərlə fəaliyyət göstərən İstintaq Komitəsi Putin hakimiyyətinin “legitimliyini” qorumaq üçün əsas alətdir.
SSRİ-nin təşkilinə qədər Rusiya imperiyasında (1864-cü il) istintaq hissələri yalnız məhkəmələrin nəzdində fəaliyyət göstərirdi. Tədricən istintaq məhkəmələrin inzibati tabeliyindən çıxarıldı, hətta prokurorlar da onların işinə nəzarəti həyata keçirə bilməzdilər. Sonradan cinayət mühakimə icraatının nizamnaməsi əsasında prokurorlara geniş nəzarət funksiyaları – səlahiyyətləri verildi. Həmin nizamnamədə deyilirdi: “Prokurorlar və onların əməkdaşları ibtidai istintaq aparmırlar, onlar müstəntiqlərə cinayət işləri üzrə yalnız təkliflər verə və istintaqın gedişini daimi müşahidə altına ala bilərlər”.
İstintaq öz fəaliyyətinin yarım əsri ərzində ciddi təşkilati-struktur yenidənqurmaya məruz qaldı, praktik tapşırıqların yerinə yetirilməsində islahatlar aparıldı.
Sovet hakimiyyətinin qurulması dövründə Xalq Komissarlar Sovetinin “Məhkəmələr Haqqında” 1 saylı ilk dekreti ilə istintaq institutu ləğv edildi. Tədricən o məhkəmələrin nəzdində “xalq müstəntiqi” kimi təsis edildi, az bir zamandan sonra məhkəmələrdə olan istintaq ləğv edilərək prokurorluq orqanlarının səlahiyyətlərinə aid edildi, cinayət işlərinin ibtidai istintaqına prosesual nəzarət, habelə qanunçuluğa riayət edilməsi prokurorluq orqanlarında qaldı. Cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması, baş vermiş, hazırlanan cinayətlərin aşkar edilməsi və onu törədəcək şəxslərin müəyyən edilməsi, belə hərəkət və hərəkətsizliklərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyası və əksər cinayətlərin istintaqı Daxili İşlər Orqanlarına və Dövlət Təhlükəsizlik Komitəsinə həvalə edildi. DİN-nin, DTX-nin və prokurorluğun cinayət işlərinin istintaqı zamanı peşəkarlığı həmişə diqqət çəkib, ağır, xüsusilə ağır cinayətlərin prinsipallıqla və ədalətlə istintaqı dövlət və cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Düşünürəm ki, klassik adət- -ənənəni, yəni əvvəlki qaydada istintaq yenə bu üç qurum arasında aidiyyət məsələsi gözlənilməklə bölünməlidir. Məsələnin bu tərzdə həlli istintaqın obyektiv və ədalətli həllinə, prosesual hərəkətlərin nəzarətdə saxlanılmasına da geniş imkanlar verəcək.
Keçmiş SSRİ-nin ərazisində Rusiyada, Belorusiyada və Qazaxıstanda müstəqil ölkələrin dövlət başçıları yanında istintaq komitələri hazırda var, İstintaq Komitəsinin yaradılması haqqında normativ hüquqi akt qəbul edilmişdir. İstintaq Komitəsi – dövlət Hüquq Mühafizə Orqanları sisteminin mərkəzləşmiş vahid ibtidai istintaq orqanıdır, komitə məhkəməyə qədər cinayət mühakimə icraatı sahəsində səlahiyyətləri həyata keçirir və s.
Həmin ölkələrdə İK hərbləşdirilmiş təşkilat olaraq rəsmi heraldik (simvolun təsviri, atlası, gerb haqqında elm) simvola malikdir. İK yalnız Ölkənin Prezidentinə tabedir. Digər tərəfdən İK-nin tabeliyində fəaliyyətini təmin edən təşkilatlar da daxil ola bilər. Bu hissəni şərh etməyə çalışıram: İlk növbədə müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətin başçısının yanında fəaliyyətində humanizm, qanunçuluq, bərabərlik və ədalət prinsiplərini rəhbər tutan istintaq orqanının hərbiləşdirilmiş orqan kimi yaradılması dövlətin hüquqiliyinə zərər vura bilər. Digər tərəfdən dövlət başçısının kifayət qədər səlahiyyətlərinə yeni bir quruma rəhbərliyi həyata keçirmək vəzifəsinin də əlavə edilməsi hüquqi məntiqlə uzlaşmır. Prezidentin xarici səfərləri zamanı istintaqın gedişi barədə kimə məruzə etmək, əlavə tapşırıqlar almaq imkanları daralacaq.
Lakin, indiki halda Baş Prokurorluqda istintaqa nəzarəti birinci və yaxud ikinci şəxs, DİO-da və Dövlət Təhlükəsizlik Xidmətində isə istintaqa qədim peşəkarlığın üzərində qərar tutan, çat verməyən nəzarət var, versiyalara uyğun əməliyyat tapşırıqları verilir, nəticədə naqisliyə az yer qalır və yaxud qarşısı vaxtında alına bilir. Yetər ki, peşəkarlıq olsun.
İstintaqın fəaliyyətini təmin edən təşkilatların yaradılmasına isə belə aydınlıq gətirmək olar: qüvvədə olan cinayət prosesual qanunvericiliyi müstəntiqlərin, təhqiqatçıların, prokuror və hakimlərin cinayət işlərinin prosesual mahiyyətinə görə verdikləri tapşırıqların fiziki və hüquqi şəxslər, dövlət orqanları tərəfindən yerinə yetirilməsi istintaqın fəaliyyətinin təminatının təzahürüdür. Bu qanunun tələbidir, imperativ xarakterlidir.
Hakimiyyətin bölünməsi sistemində İcra Hakimiyyətinin (digər hakimiyyət qolları da həmçinin) müstəqilliyi mütləq deyil, nisbidir. İcra Hakimiyyətinin başçısı ölkə əhalisinin vahidliyini təcəssüm etdirir və dövlət başçısı məhz ondan ötrüdür ki, xalqın vahid hakimiyyət iradəsinin maraqları naminə, ümumdövlət əhəmiyyətli məqsədlərin əldə olunmasında razılaşdırılmış funksiyaları təmin etsin. Hazırda Mərkəzi İcra Hakimiyyəti orqanlarında DİN, DTX, Vergi, Gömrük, FHN-də istintaq idarələri və şöbələri fəaliyyət göstərir. Bu səlahiyyət normativ hüquqi aktlar əsasında verilib və aktlar öncədən Dövlət Başçısı tərəfindən imzalanaraq razılaşdırılıb. Bu mənada, Prezident ibtidai istintaqla bağlı səlahiyyətləri həmin orqanlara etibar və etimad göstərərək vermişdir. Bəzən istintaqın gedişində prosesual hüquqpozmalara yol verilsə də, təsirli tədbirlər görülür və görüləcək. Ritmik prosesual ahənglə başlanılan və davam edən ibtidai istintaqın vahid və mərkəzləşdirilmiş qaydada ayrıca bir qurum kimi yalnız prezidentin yanında funksiyalaşması hüquqi məntiqə sığmır. Belə bir fikir formalaşa bilər ki, dövlət başçısı həmin qurumlara etibar etmədiyindən bu addımı atdı və s.
Əvvəla, Dövlət Başçısı – konstitusion orqan kimi dövləti ölkə daxilində və onun hüdudları kənarında təmsil edən dövlətin yüksək – ali vəzifəli şəxsi, xalqın Dövlətçilik Simvoludur. Hər şeyi dövlət başçısına həvalə etsək, hər şeyi ondan tələb etsək onda qeyd etdiyim orqanlar nə üçündür? Haşiyə çıxıram. Vaxtilə ABŞ prezidenti Kennedi ondan hər şeyi tələb edən Amerika xalqına üzünü tutaraq sual etmişdi: Bəs siz, dövlət üçün nə etmisiz? Eyni sualı başqa cür səsləndirə bilərik. Bəs biz, dövlətin büdcəsilə maliyələşən dövlət qurumları nə işlə məşğul olacaqlar? İstintaq komitəsi təsis olunacağı təqdirdə Baş prokurorluq yalnız dövlət ittihamçılarından ibarət olmaqla kiçik bir şöbə və ən yaxşı halda idarə səlahiyyətində fəaliyyət göstərməli olacaq. Eyni hal başqa nazirliklərdə də təkrar oluna bilər. Belə olacağı təqdirdə cinayətkarlıqla mübarizə sahəsində koordinasion əlaqələr yox olacaq, əməliyyat məlumatlarının mübadiləsi sıfıra enəcək və s. . Yenə haşiyə üçün zərurət yaranır. 20 il əvvəl Penitensiar Xidmət sahəsi – islah əmək düşərgələri (Kaloniyalar) kimi 70 il DİN-nin nəzdində fəaliyyət göstərirdi. Düzgün təşkil edilmiş çevik idarəçilik nəticəsində (cəzaçəkmə müəssisələrindən) bağlı qalmış ağır cinayətlərin açılması istiqamətində səhih məlumatlar səmərə verirdi. DİN tabeliyində olan belə qurumla əlaqəni düşünülmüş şəkildə qurduğundan mübarizə əhəmiyyət kəsb edirdi. İndi Penitensiar qurumun bu istiqamətdəki fəaliyyəti (qənaətim belədir) civə sütununda aşağı dərəcədədir. Səbəb penitensiar quruma rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməliyyat-axtarış fəaliyyətilə məşğul olmaq səlahiyyətinin olmamasındadır.
Azərbaycan Prezidentli Respublika olduğuna görə Dövlət Başçısı bütün ölkələrdə olduğu kimi ümumi oxşar səlahiyyətlərə malikdir. Səlahiyyət müddətləri ərzində Prezidentin höküməti formalaşdırmaq, məmurları işdən azad etmək, vətəndaşlıq və sığınacaq hüququ vermək və Ali Baş Komandan kimi məsuliyyətli missiyasını da düşünsək İstintaq Komitəsinin təsis edilməsi təklifinin reallaşması xeyrimizə deyil ziyanımıza çevriləcək.
Hazırda ölkəmizdə fəaliyyət göstərən istintaq qurumlarının fəaliyyət istiqamətlərinin əsasını konstitusiya, normativ hüquqi və digər normativ xarakterli aktlar təşkil edir. Mən, istintaq komitəsi olan ölkələrin qanunvericiliyinə bələdəm, komitənin fəaliyyət prinsipləri qanunçuluqdan, aşkarlıqdan, şəffaflıqdan (qanuna zidd olmayan həddə) öz səlahiyyətlərini həyata keçirərkən müstəqil olmasından ibarətdirsə, müasir anlamda və təcrübədə də hər bir müstəntiq işində müstəqildir, qanunçuluğa riayət etməlidir və qismən aşkarlığa yol verə bilir.
İstintaq Komitəsinin əsas tapşırıqları cinayətlərin hərtərəfli, obyektiv, tam və operativ qaydada, ibtidai istintaqı cinayət-prosesual qanunvericiliyinə uyğun aparmaqdan, vətəndaşların hüquq və azadlıqlarını, təşkilatların, dövlət orqanlarının qanuni maraqlarını, ictimai maraqları qorumaqdan, cinayətlər haqqında ərizə və məlumatların yoxlanılması zamanı qanunçuluğa riayət edilməsindən və öz səlahiyyətləri daxilində dövlətin cinayət hüquq siyasətinin həyata keçirilməsindən ibarət olacaqsa, indi də eyni tapşırıqlar qüvvədədir.
Qeyd etdiklərimə istinad edərək belə qənaətə gəlmək olar ki, İK-nin fəaliyyət göstərdiyi ölkələrdə ciddi korrupsiya əlamətləri, prosesual hüquqpozmalar, komitənin səlahiyyətlərinin və fəaliyyət istiqamətlərinin bir nəfərin iradəsindən asılı olması, vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə müşayət edilən səlahiyyət həddini aşmalar, ən başlıcası dövlət büdcəsindən ayrılan xərclərin artımı ilə bağlı olduğundan komitənin yaradılması prosesual reallığı əks etdirmir. Sadəcə istintaq orqanları olan qurumlar tabeliyindəki heyətə nəzarəti gücləndirməli, prokurorluq isə prosesual qaydalara zidd ittiham etmə hallarına yol verməməlidirlər. Diqqət çəkən, lakin o qədər də hüquqi qınağa səbəb olmayan digər hal, bəraət hökmü çıxarılmış cinayət işlərinin taleyidir. Naqis istintaq hallarına qarşı da ciddi yanaşmaq lazımdır. Prosesual hüquqpozmalara yol vermiş şəxslər barədə qətiyyətli tənbeh tədbirləri görməklə, istintaqçılar ətrafında dolaşan və bu xidmətlə bir araya sığmayan söz söhbətlərə də son qoymaq olar.

Şəmsəddin Əliyev
Hüquqşünas.

Həmçinin oxuyun

Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat – VIDEO

Bakıda fəaliyyət göstərən gizli fahişəxanalar mövcuddur.Gizli çəkilişlə sözügedən məkandan əldə edilən görüntülər sosial şəbəkədə paylaşıılıb.Videoda …

Bir cavab yazın