Ana səhifə / Cəmiyyət / İsrail səfiri: “Naxçıvanın təmizliyi, gözəlliyi məni valeh etdi”

İsrail səfiri: “Naxçıvanın təmizliyi, gözəlliyi məni valeh etdi”

Naxçıvan Muxtar Respublikasında gördüklərim məndə çox böyük təəssüratlar yaratdı. Xüsusən, Naxçıvan şəhərinin təmizliyi, gözəlliyi məni valeh etdi. Muxtar respublikanın bir sıra turizm məkanlarında oldum. Həqiqətən də Naxçıvan böyük turizm potensialına malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 21-23-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Səfər çərçivəsində muxtar respublikanın istehsalat, təhsil, mədəniyyət və səhiyyə müəssisələri, tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanış olan diplomat qeyd edib ki, Naxçıvanda bir sıra sahələr əsaslı şəkildə inkişaf etdirilib:

“Ümumi qənaətim belədir ki, muxtar respublika həm kənd təsərrüfatı, həm də sənaye sahələri baxımından xeyli inkişaf edib. Bu sahələrdə böyük işlər görülüb. Burada keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları diqqətimi cəlb etdi”.
Naxçıvan Muxtar Respublikasına ilk dəfədir səfər etdiyini bildirən Dan Stav deyib ki, səfərinin məqsədi Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafı fonunda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrin genişləndirilməsidir. O, muxtar respublikada bir sıra görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin yollarını müzakirə etdiyini söyləyib.
“Vurğulamaq istərdim ki, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusən turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əlaqələr yaradıla bilər. Ümid edirəm ki, muxtar respublikaya səfərim qarşılıqlı, faydalı əlaqələrin inkişafına töhfə verəcək”, – deyə İsrail səfiri bildirib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın