Ana səhifə / Cəmiyyət / İslahatlara mane olmaq istəyən məmurlar – adlar açıqlanacaqmı…

İslahatlara mane olmaq istəyən məmurlar – adlar açıqlanacaqmı…

Azərbaycanda prezident İlham Əliyevin islahatlar istiqamətində atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Maraqlıdır ki, bəzi siyasətçilər, deputatlar hakimiyyət daxilində müəyyən qüvvələrin bu prosesə mane olmağa çalışdıqlarını iddia edirlər. Özü də bu iddiaları son zamanlar hakimiyyətə yaxın deputatların da dilindən tez-tez eşidiri

Bildirilir ki, hakimiyyət daxilindəki anti-islahatçılar, rüşvət və bürokratiyanın onların vəzifədəki ömürlərinin uzadılmasına xidmət etdiyini bilənlər islahatların dərinləşməsini istəmirlərlər, prosesə mane olmağa çalışırlar. Diqqət çəkən məqam odur ki, deputatlar konkret kimlərin islahatlara mane olmaq istədiklərini açıqlamırlar, ümumi danışırlar, açıqlamalarında “bəzi məmurlar” ifadəsini işlədirlər. Kimsə demir ki, “bəzi məmurlar” deyərkən konkret kimlərdən söhbət gedir.

Bu barədə danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, deputatların ümumi danışmasının, heç vaxt konkret ad çəkməməsinin səbəbi məlumdur: “Bir-biri ilə qohumluq, biznes bağlılıqları var. Ona görə də deputatlar islahatlara mane olanlardan danışarkən ümumi danışırlar, “məmurlar” deməklə kifayətlənirlər. Heç vaxt konkret adı çəkmirlər, ünvan göstərmirlər. Həmin deputatların bir çoxu adını çəkməyə qorxduqları adamların dəstəyi ilə mandat sahibidirlər. Ona görə də heç vaxt konkret ad çəkmirlər.

Bəzi deputatlar hələ indi deyirlər ki, prezidentin islahatlar aparmasına mane olmağa çalışan məmurlar var. Halbuki, mən bunu illərdir deyirdim. Azərbaycanda islahatlara qarşı müqavimət var. Bu müqaviməti göstərənlər islahatlar daha da dərinləşdikcə növbənin onlara da çatacağını bilirlər. Ona görə də ən müxtəlif variantlarla islahatların qarşısını almaq, ən azı islahat istiqamətində verilən qərarların təsirini azaltmaq istəyirlər. Prezident hansısa xarici səfərə, beynəlxalq tədbirə gedəndə Azərbaycanda demokratiyanın, söz azadlığının olduğunu bəyan edir. Anti-islahat mövqeyində olanlar dərhal ölkədə ya hansısa jurnalisti, ya siyasi partiya üzvünü, ya da QHT rəhbərini həbs etdirirlər. Onlar sanki ölkə rəhbərinin mövqeyini zəiflətmək istəyirlər.

Ölkədə islahatların dərinləşməsindən ən çox narahat olanlar korrupsiyaya uğramış köhnə nazirlər, bir sıra icra başçılarıdır. Bir zamanlar Eldar Mahmudov, Ziya Məmmədov, Səlim Müslümov, Fazil Məmmədov da islahatlara mane olmağa çalışırdılar. İslahatları müəyyən müddətdə tormozlamağa da nail olmuşdular. Lakin sonda prezidentin iradəsi qarşısında duruş gətirə bilmədilər. Mən inanıram ki, indi də Prezident Administrasiyasından tutmuş Nazirlər Kabinetinə qədər kimlər islahatlara qarşıdırsa, cənab prezident tərəfindən cəzalandırılacaqlar”.

H.Hacıyev qeyd etdi ki, o, deputatlardan fərqli olaraq konkret adlar çəkməklə fikirlərini ifadə etməyi düzgün sayır:“Bugünlərdə məhkəmə hüquq islahatları istiqamətində prezident İlham Əliyevin fərmanı oldu. Mən hesab edirəm ki, islahatlara Azərbaycanda əngəl olan iri ranqlılardan biri Ali Məhkəmənin sədri Ramiz Rzayevdir. Odur ki, Ramiz Rzayev ilk növbədə vəzifəsindən azad edilməlidir. Ramiz Rzayev vəzifədə qaldıqca məhkəmə sahəsində islahatların istədiyimiz nəticəsi olmayacaq. Əgər məhkəmə islahatlarından danışılırsa, birinci növbədə islahat Ali Məhkəmənin sədrinin dəyişdirilməsi ilə başlanmalıdır.

Yaşlı məmurların əksəriyyəti islahatlar qarşısında sanki sipərdirlər. Bu sipəri aradan qaldırmaq lazımdır ki, islahatlar dərinləşsin, daha yaxşı nəticələri olsun. Baş nazirin müavinləri islahatlar qarşısında əngəldirlər. Hacıbala Abutalıbovun hansısa islahatın tərəfdarı olmasına inanmaq üçün adam gərək sadəlövhlər yarışının qalibi olsun. Əli Həsənovun “Qaçqınkom” sədri olduğu dövrdə o sahədə olan qanunsuqzluqlar bütün ölkə ictimaiyyətinə məlumdur. İndi də baş nazirin müavinidir. Belə bir adam islahat tərəfdarı ola bilər?! Əlbəttə, mümkün deyil. Belə adamlar imkan verərmi ciddi islahatlar keçirilsin?! Əlbəttə, mane olmağa çalışacaqlar. Yerlərdə əhalini narazı salanlar da yüksək vəzifələr tutub islahata qarşı olan şəxslərin əlaltısı olan məmurlardır. Onlar məqsədli şəkildə belə edirlər. Mən yaxın günlərdə canlı yayına çıxıb açıqlama verməyə hazırlaşıram. Orada dövlət komitələrindən birinin idarə rəisinin Cəmil Həsənliyə pul verdiyini, ölkənin daxilində gərginlik yaratmaq niyyətində olduğunu açıqlayacam. Adını canlı yayında açıqlayacağam. Başqa məsələlər barədə də açıqlamalarım olacaq”. (Musavat.com)

Həmçinin oxuyun

Cırtdan Tədris və İnkişaf Mərkəzindən maraqlı layihə – FOTO

Cırtdan Tədris və İnkişaf Mərkəzinin Xırdalan şəhəri və Abşeron Gənclər Şəhərciyində yerləşən filialında tədris keçən …