Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / İŞİD kütləvi şəkildə və gizli qaydada Avropaya yayılır

İŞİD kütləvi şəkildə və gizli qaydada Avropaya yayılır

“…bu, məqsədyönlü şəkildə Avropanın üstünə göndərilən bəladır”

Aqşin Əliyev: “Həmin adamlar özlərinə yer etdikdən sonra yenidən terror fəaliyyətinə başlayacaq və qruplaşma liderlərinin göstərişinə əməl edəcəklər”

Avropa Birliyini güclü insan sunamisi bürüyərkən İŞİD-lə mübarizədə Moskvanın Qərbə yardım əli uzadıb İŞİD-in axırına çıxacağını vəd etməsi adi bir təsadüfdürmü? Bir müddət əvvəlki hadisələri yada salsaq görərik ki, nəhəng mühacir dalğası AB sərhədlərində qəflətən peyda oldu. Sanki kimsə Yaxın Şərqdə və Türkiyədə qaçqın düşərgələrinin qapılarını açdı.
Buna adamların Türkiyə sahillərindən Yunanıstan adalarına və qitə Yunanıstanına olduqca sahmanlanmış (faciəvi hadisələrə baxmayaraq) göndərilmə aksiyasını da əlavə etmək lazımdır.
Bu başdan qeyd etmək lazımdır ki, Avropa Birliyinin dağılmasına gətirib çıxara biləcək ən böyük böhranın arxasında Kremlin durduğu haqda birbaşa sübutlar olmasa da, AB-dəki hadisələr mahiyyətcə Moskvaya əlverişlidir və insanları üfürmə qayıqlarla Egey dənizindən kütləvi şəkildə keçirməyə imkan verən potensial ancaq onda var. Nəzərə almaq lazımdır ki, insanların göndərilməsi ilə məşğul olan əksər qurumların arxasında rusdilli mafiyanın durduğuna dair Avropa mətbuatında çeşidli məlumatlar dərc olunur. Rusiyanın təklifi meydana çıxan kimi vitse-kansler Ziqmar Qabriel Ukraynaya hücuma görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalardan imtina etməyə çağırdı. Qabriel bir neçə gün əvvəl DPA informasiya agentliyinə bildirib: “Moskvaya yanaşmamızı dəyişməyimiz lazım gələcək. Ukrayna münaqişəsi Rusiyanı Suriyadakı münaqişəni həll etmək üzrə tərəfdaş qismində göstərməyimizə əngəl ola bilər”.
Hər şey artıq Suriyada və İraqın quzeyində hərbi əməliyyata girişmiş Rusiyanın planına uyğun şəkildə cərəyan edir. Rusiya Suriyada əməliyyatlara başladığı gündən – sentyabrın 30-dan hərbi təyyarələrlə İŞİD mövqeləri üzərində 60 uçuş həyata keçirib. Və İŞİD-ə məxsus 50-dən çox obyekt məhv edilib. “Bakı-xeber” Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi terrorçuların infrastrukturunu dağıtdığını bəyan edib.
Xüsusən Rakka üzərinə yağan bombaların İŞİD-çiləri təşvişə saldığı və cihadçıların qəfil geri çəkilməsinə səbəb olduğu bildirilir.
Rusiyanın “Rossiya 24” kanalının Livanın “Əl-Əxbar” nəşrinə istinadən verdiyi məlumata görə, İŞİD döyüşçüləri Suriyadakı mövqelərini tərk edərək kütləvi şəkildə İraqın Mosul şəhərinə və gizli yollarla qaçqın qiyafəsində Avropaya üz tutur.
Hadisələrin bu cür gedişi Avropa üçün nə vəd edir?
Miqrasiya məsələləri üzrə ekspert Aqşin Əliyev  açıqlamasında bildirdi ki, Avropa Yaxın Şərqdən üzərinə gedən qaçqın axınının öhdəsindən gələ bilmir: “Görürsünüz ki, dünyanın ən aparıcı insan haqları təşkilatları bu məsələyə görə Avropa ölkələrini tənqid edir. Onlar açıq-aşkar sərhədlərini qaçqınların üzünə bağladılar. Avropadakı bəzi ekspertlər hesab edir ki, Avropanın üzərinə qaçqın bumu məqsədli şəkildə yönəldilir. Bunun arxasında Suriya problemi ətrafında Rusiya ilə maraqları uzlaşan bəzi dövlətlərin də durduğu deyilir. Əvvəlki kontingent bir qədər Avropa üçün də təhlükəli deyildi. Hazırda Rusiya aviasiyası İŞİD-ə qarşı amansız mübarizə aparır. Bunun da nəticəsində yaraqlılar Suriyanı tərk etməyə başlayıb. Onların bəziləri İraqa keçir. Vuruşmaq istəməyənlər isə qaçqın qiyafəsində Avropaya üz tutur. İŞİD rəhbərliyinin özünün də bununla bağlı razılığı var ki, qruplaşma üzvləri Avropa ölkələrində məskunlaşsınlar. Bu faktor Avropa üçün ciddi təhlükə sayıla bilər. Aydındır ki, həmin adamlar özlərinə yer etdikdən sonra yenidən terror fəaliyyətinə başlayacaq və qruplaşma liderlərinin göstərişinə əməl edəcəklər. Hesab edirəm ki, bu, məqsədyönlü surətdə Avropanın üzərinə göndərilən bir bəladır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür. Hüseynbala  Balaəli oğlu …

Bir cavab yazın