Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İŞİD-in Avropaya köçməsinin səbəbi…

İŞİD-in Avropaya köçməsinin səbəbi…

Arzu Nağıyev: “Bu məlumatlar heç də əsassız deyil”

“İstər miqrasiya siyasətində, istərsə də qanunların daha da sərtləşməsi istiqamətində müvafiq qərarların qəbul zərurəti yaranacaq”

“Gözlənilən oldu. Bunu sizə xeyli əvvəl demişdik, amma qulaq asmadınız və sözlərimizi ciddi saymadınız. İndisə vaxt-vədə yetişib. Artıq Avropanın mərkəzindəyik!”
Bu bəyanat “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının mənsublarının dünən sosial şəbəkələrdə, xüsusilə də “Twitter”də yaydıqları “Biz buradayıq” adlı mətndə yer alıb. Mətn İŞİD üzvləri və bu terror təşkilatının ideyalarına rəğbət bəsləyən adamların akkauntlarında yayılıb.
İŞİD mənsubları “ilkin hədəf” qismində İtaliyanın paytaxtı Romanı seçiblər. Onlar şəhərin ən məşhur məkanlarında fotolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Fotolarda üzərinə ərəb və ingilis dillərində “İŞİD Romadadır” yazılmış kağız, karton parçaları əks olunub.
Ekspertlərin dediyinə görə, son vaxtlar Yaxın Şərq və Şimali Afrikadan Aralıq dənizini qayıqlarla keçərək Avropaya sel kimi axan miqrantlar arasında İŞİD mənsubları az deyil.
Onlar saqqallarını qırxıblar və zahirən “adi ərəb”lərə bənzəyirlər.
Bu şəxslərin Avropanın müxtəlif şəhərlərində məskunlaşmasından sonra bunun Avropaya hansı ziyanı ola bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev açıqlamasında bildirdi ki, bu məlumatlar heç də əsassız deyil: “Son vaxtlar ərəb ölkələrindən İtaliya və Avropanın digər ölkələrinə su yolu vasitəsilə miqrant axını davam edir. Bu şəxslərin arasında İŞİD üzvlərinin olması da istisna edilmir. Məhz buna görə də Avropa İttifaqı dövlətləri narahatlıq keçirir və bu axının qarşısının alınması üçün bütün hüquq-mühafizə orqanlarını səfərbər ediblər. Bundan başqa, qanunlarda da müvafiq dəyişikliklər aparılır. Məlumdur ki, İŞİD-in tərkibində rəsmi statistikaya görə, Fransadan 700, İngiltərədən 400, Kosovo və Niderlanddan 120, Danimarka, Almaniya, İspaniya, Norveç, Finlandiya, İrlandiya, İsveçdən təxminən hər birindən 50-60 nəfər döyüşür və bunların çoxu həmin ölkələrin vətəndaşlarıdır və ikinci və üçüncü nəsil miqrantlardır. Bunların 3000 nəfərdən çoxu İnterpol tərəfindən axtarışdadır. Bütün bu tədbirlərə baxmayaraq, bu dövlətlərdən qeyri-rəsmi gedənlər və İŞİD-ə qoşulanların sayı haqqında dəqiq statistika yoxdur. Fransada və bir sıra Avropa dövlətlərində dini zəmində baş verən hadisələr göstərdi ki, İŞİD-in dəstəkçiləri də həddən artıq çoxdur və köç edənlər də bu kontingentə qoşulsalar, çox dəhşətli bir qüvvəyə çevrilə bilərlər. Buna görə də, bütün insan haqları ilə bağlı narazılıqlara baxmayaraq, istər miqrasiya siyasətində, istərsə də qanunların daha da sərtləşməsi istiqamətində müvafiq qərarların qəbul zərurəti yaranacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın