Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / İSBAM-ın keçirdiyi aksiyanı kimlər öz adına yazmaq istəyir?- FOTO

İSBAM-ın keçirdiyi aksiyanı kimlər öz adına yazmaq istəyir?- FOTO

İyunun 13-də İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə gərgin karantin rejimində fəaliyyət göstərən polis və həkimlərə dəstək fləşmobu keçirilib. Təşkilatın üzvləri xidmət başında olan polis və həkimlərə yaxınlaşıb, onlara gül təqdim ediblər.

Qeyd edək ki, bu addım sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Belə bir ideyanın hansı səbəbdən reallaşdığı ilə bağlı İSBAM sədri Samir Adıgözəllinin mövqeyini öyrəndik. Qurum sədri “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir ideyanı hamı reallaşdıra bilərdi: “Bunun üçün xüsusi bir təşkilatçılığa və maliyyəyə ehtiyac duyulmurdu. Biz bir neçə ay ərzində davam edən sərt karantin günlərində görürük ki, daha çox əziyyət çəkən həkimlər və polislərdir. Xüsusilə də son günlər polislərin ünvanına səslənən lazımsız fikirlər bizi belə bir fləşmobu keçirməyə vadar etdi. Təşkilatımızın bir neçə üzvü ilə xidmət başında olan polislərə və həkimlərə yaxınlaşıb onlara gül təqdim etdik. Bunu özümüzə bir mənəvi borc bildik. Hiss etdik ki, onlar bu diqqətdən olduqca məmnun qaldılar”.

S.Adıgözəllinin sözlərinə görə, onu bu məsələdə təəccübləndirən bir çox detallar da olub: “Biz bunu reklam üçün etməmişik. Amma maraqlıdır ki, bəzi dairələr, xüsusilə də, müəyyən media nümunələri bu addımı da qısqanclıqla qarşılayıblar. Bəziləri bu tədbiri kimlərinsə adına çıxmağa, bəziləri isə bizim şəkillərimizi gizlətməklə, guya hansısa vətəndaşların şəxsi təşəbbüsü olduğunu yazıblar. Bir daha xatırladıram ki, həmin aksiyanı İSBAM keçirib və burada hər hansı məqsəd güdməyib. Yeganə istəyimiz o olub ki, bizim əziyyətimizi çəkən insanları xırda bir jestlə yad edək, onlara dəstəyimizi nümayiş etdirək. Mən başqa qurumları da əziyyətli işdə çalışan peşə sahiblərinə hansısa formada dəstəyə dəvət edirəm”.

İSBAM sədri bildirdi ki, onların bu addımı DİN və həkimlər tərəfindən müsbət qarşılanıb: “Aksiyamızla bağlı fotoların DİN-in sosial şəbəkələrdəki rəsmi hesablarında paylaşılması bizdə bu qənaəti yaratdı. Amma təəssüf edirəm ki, bəzi adamlar saxta hesablarla bu addımımızla bağlı təhqiramiz ifadələr yazırlar. Bir daha sübut olunur ki, polisə və dövlətimizin digər dayaqlarına qarşı edilən həqarətlər radikal qüvvələrin dəstəyi ilə vahid mərkəzdən idarə olunur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …