Cümə , İyun 21 2019
Ana səhifə / Cəmiyyət / İrandan ərzaq məhsullarının çıxarılmasına qadağa qoyuldu – REPORTAJ

İrandan ərzaq məhsullarının çıxarılmasına qadağa qoyuldu – REPORTAJ

İranda dollarla yanaşı Azərbaycan manatı da bahalaşıb. Beləliklə, ölkədə iqtisadi durumun çətinləşməsi səbəbindən İran hökuməti ölkədən ərzaq malı çıxarılmasına yol vermir. Çünki əvvəllər 100 manata az ərzaq düşürdüsə, indi bu qiymətə iki dəfə artıq ərzaq almaq olur. Bu da ölkədən ərzaq məhsullarının xaricə daşınmasına rəvac verir. Bunun qarşısını almaq üçün İran gömrük xidməti düyü, qənd, çay, şəkər tozu, toyuq və d. ərzaq mallarının gömrükdən Azərbaycana keçməsinə qadağa tətbiqinə başlayıb.

Cebhe.infoəməkdaşı mövcud vəziyyətin paytaxtdakı çox sayda İran məhsulları satılan mağazalara necə təsir etdiyini öyrənmək üçün bir neçə mağazaya baş çəkib.

İlk daxil olduğumuz “İran nemətləri” adlanan mağazada qonşu ölkədən gətirilən ədviyyatların, çərəzlərin, şirnilərin üstünlük təşkil etdiyinin şahidi olduq.

“Mağazadakıların hamısı İrandan gətirilib”

Mağaza satıcısı Yusif bəyə yaxınlaşaraq ərzaqlar barədə məlumat almağa çalışırıq. Satıcının sözlərinə görə, bu ərazidə  (söhbət “Nizami” metrostansiyasının yaxınlığındakı İran ərzaqları mağazalarından gedir-red.) olan bütün məhsullar İrandan gətirilib: “Mağazamıza daha çox İrandan Bakıya gələn turistlər gəlir. Həmçinin burada yaşayan iranlılar, eləcə də yerli əhali mağazaya baş çəkirlər. Yerli əhali daha çox ədviyyatlar, xına alır. Burada qalan iranlılar isə yağ, düyü, şəkər tozu və digər ərzaq mallarını alırlar.

Həqiqətən də İran malları keyfiyyətli olur, yerli əhali də bunu təsdiqləyir və fərqli dadda olduğunu tez-tez bildirir”.

“Yaxşı qəlyan üçün bura yollanıram”

Satıcı ilə söhbətimizi mağazaya yeni daxil olan alıcı Orxan bəy kəsir. O, bura qəlyan hazırlanan ləvazimatlar almaq üçün gəldiyini bildirir: “Qəlyan üçün lazım olanları burdan alıram, həm keyfiyyəti, həm də ki, qiymətləri münasibdir. Həmişə yaxşı qəlyan üçün bura yollanıram”.

“İran xınaları qalıcı olur”

Mağazada olan xanım müştəri Sevinc xanım isə xına almaq üçün seçimlərə baxdığını bildirir: “İran xınaları qalıcı olur, həm də xınanın çox faydası var. Bu mağazanı seçmək səbəbim odur ki, burada aldığım şeylərdən əmin oluram. Xınadan başqa burada xurma, mixək alıram. Həqiqətən də məhsullar dadlıdır”.

“4-5 kilodan çox gətirməyə qoymurlar”

Mağazadan çıxaraq, qarşıdakı digər İran məhsulları satılan dükana daxil oluruq. Satıcı ilə söhbət zamanı məlum olur ki, ərzaqların gətirilməsində bir çox problemlər yaranır: “Gömrükdən düyü, şəkər tozu, çay, eləcə də digər ərzaq məhsullarını gətirərkən problemlə qarşılaşırıq. Malların dalınca “TIR”la gedirik. Bir ərzaqdan 4-5 kilodan çox gətirmək olmur. 4-5 kilo ilə axı nə olacaq?”
Satıcı həmçinin bildirir ki, mövcud duruma görə tez-tez İrana getmək də mümkün olmur: “Yaxşı ki, əvvəl bəzi şeylərdən çox gətirmişik. İndi elə olur ki, bir şey qurtarır, onu yenidən gətirmək üçün yollana bilmirik. Bu da bizim bazarımıza mane olur. Bilmirik ki, nə edək, başımıza nə çarə qılaq”. Mövcud vəziyyətdən şikayət edən satıcı həmçinin bildirir ki, İrandan gətirilən mallar yerli məhsullardan qiymətdə az fərqlənir, ancaq keyfiyyətdə çox fərqlidir: “Həqiqətən də digər məhsullarla İran məhsulu arasında çox fərq var. İstər ərzaq məhsullarında, istərsə də xına, şampun, su, yuyucu toz və d. əşyalarda İranınkılar daha çox keyfiyyətlidir. Hələ də bu məhsullardan şikayət üçün bir nəfər mağazamıza gəlməyib”.

“Daha çox alınan mixəyin qiyməti isə 30 manatdır”

Mağazaya daxil olan alıcı Rüstəm bəylə birlikdə qiymətlərlə maraqlanmağa başlayırıq. Beləliklə, mağazada olan şirnilərin qiymətləri 3 manatdan 25 manata qədər ola bilir, düyünün qiyməti 3 manatdan, yağın qiyməti 7 manatdan başlayır, daha çox alınan mixəyin qiyməti isə 30 manatdır. Həmçinin qurudulmuş meyvələr 12 manatdan 16 manata qədər, digər çərəz qiymətləri isə 4-28 manat arasında dəyişir.

“Qiymətlər ucuzlaşıb”

Bu mağazadan da çıxaraq yolumuza davam edirik. Növbəti mağazada ilk olaraq alıcı ilə qarşılaşırıq. Alıcı qiymətlərin ucuzlaşdığını deyir. Söhbətimizə qulaq verən satıcı da onu təsdiqləyir: “Qiymətlər İranda da ucuzlaşıb. Oradan ucuz gətiririk deyə, özümüz də ucuz satırıq”.

Alıcı Aliyə xanım İrandan qonaqlarının gələcəyini, elə bu səbəbdən də bura alış-veriş üçün gəldiyini deyir: “Qonaqlarımız burada bir neçə həftə qalacaqlar deyə çalışıram ki, onların öz nemətlərindən də evə alım. Özüm ora gedəndə dadlara çox uyğunlaşa bilmirdim. Əsas çay üçün ədviyyatlar almağa gəlmişəm. Ancaq buradan həm də qonaqlarıma hədiyyə üçün ətir də alacam”.

Həmçinin oxuyun

AZAL Boeing ilə razılaşmalara sadiqdir – Cahangir Əsgərov

Le Burjedə (Fransa ) “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində AZAL prezidenti Cahangir …