Ana səhifə / Cəmiyyət / İran-Azərbaycan müştərək müdafiə komissiyası nədir?

İran-Azərbaycan müştərək müdafiə komissiyası nədir?

Arzu Nağıyev: “Komissiyanın yaradılmasında maraqlı tərəf kimi çıxış etmək hər şeydən öncə İŞİD problemi ilə bağlıdır”

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin yerli mətbuata verdiyi müsahibədə bir sıra maraqlı fikirlər səsləndirib. Səfir, xüsusilə regionda olan İŞİD təhlükəsindən söz açıb:

“İŞİD özünü çox təbliğ edir və malik olduğu gücü 5 qat artıq göstərməyə çalışır.
İŞİD-i yaradan Qərb ölkələrinin mediası bu qruplaşmanın gücünü daha böyük göstərməyə çalışır. İŞİD-ə çoxlu köməkliklərin göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyiblər. Yəməndə bunlar “Əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar. Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrinin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər. Mən düşünmürəm ki, bunlar Azərbaycanda bir uğur əldə edə bilsinlər. Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır. Lakin düşünürəm ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil. Regional ölkələr birgə səy göstərməlidir. Bütün region ölkələri birləşərək terrorizmin yeni növü olan İŞİD və “Əl-Qaidə” terrorçularına qarşı birgə mübarizə aparmalıdır”
Səfir daha sonra Azərbaycanla İran arasında müştərək müdafiə komissiyasının yaradılmasının mümkünlüyündən danışıb: “Prinsipcə hər iki ölkə müştərək müdafiə komissiyasının yaradılmasına razıdır. Tərəflər tezliklə bu komissiyanın üzvlərini elan edəcək və o öz işinə başlayacaq. Bu komissiyanın məqsədi iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq və regional təhlükəsizliyinin qurulması üçün əməkdaşlıqdır”.
Səfirin qeyd etdiyi müştərək müdafiə komissiyası özündə nəyi ehtiva edir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev  açıqlamasında bildirdi ki, İranın Azərbaycandakı səfiri cənab Möhsün Pak Ayin öz müsahibəsində bir daha Dağlıq Qarabağ, ATƏT və əsasən də İŞİD məsələsinə toxunub: ” Onun bəyanatına görə, Qərb tərəfindən yaradılmış və maliyyələşdirilən İŞİD Qafqazda, o cümlədən Azərbaycanda da fəsadlar törədə bilər. Qərblə İranın bugünkü münasibətləri məlumdur. Digər tərəfdən, Azərbaycanı əsasən şiəyönümlü hesab edən İran İŞİD -lə məhz bizim vasitəmizlə mübarizə aparmaq istəyir. İŞİD isə iranyönümlü husilərə qarşı vuruşur və hətta HƏMAS-ı də məhv edəcəkləri ilə bağlı bəyanatlar verirlər. Yəni ümumilikdə həmin komissiyanın yaradılmasında maraqlı tərəf kimi çıxış etmək hər şeydən öncə İŞİD problemi ilə bağlıdır. Bu da daxildə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Yəni bizim bu gün tolerant ölkə olduğumuz danılmaz faktdır və məzhəb və cərəyanlar arasında gərginlik yoxdur, bu məsələləri qabartmaq ayrıseçkilik yarada bilər. Yox, bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulursa, bu haqda fikirləşmək olar…”
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın