Yeganə Hacıyeva: “Azərbaycanın bu layihədəki iştirakını mümkün saymıram”
“Ermənistanın iştirakçısı olacağı hansısa layihədə Azərbaycan heç vaxt iştirak edə bilməz”
Tehran Gürcüstana Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaratmaq təklifi verib. Bunu bazar ertəsi Gürcüstana ikigünlük rəsmi səfərə gəlmiş İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib: “Fars körfəzi ilə Qara dəniz arasında dəhliz Cənubi Avropa bazarlarına sürətlə çıxmaq və “Şimal-Cənub” dəhlizinə alternativ yaratmaq imkanı verər”. Onun sözlərinə görə, dəhlizin inşa olunacağı halda böyük imkanlar açılacaq, daşınma qiymətləri çox aşağı olacaq: “Lakin Tehranın bu ideyasının həyata keçirilməsi üçün Gürcüstan, İran, Ermənistan, Azərbaycanın əməkdaşlığı vacibdir”.
Tehranın bu ideyasının reallaşması mümkündürmü?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, əslində, Rusiyaya qarşı olan layihədir:
“Rusiya, ümumiyyətlə, bu bölgədə ən böyük tranzitçi kimi öz statusunu itirə bilər. Bundan Rusiyanın ən yaxın müttəfiqlərindən biri – Ermənistanın qazanma şansı çoxdur. Fars körfəzi ilə Qara dənizi birləşdirmək iqtidarında olan nəqliyyat dəhlizi hələ keçən ildən müzakirə olunmağa başlayıb. Tehran Azərbaycan, Türkiyə və Rusiyadan yan keçməklə yüklərin Avropaya tədarükü üçün alternativ marşrut yaratmaq istəyir. Hesab olunur ki, marşrut Ermənistan, Gürcüstandan keçərək, sonra dənizlə Bolqarıstana – Avropanın əsas qapısına girəcək. Yüklər sonra Yunanıstana və hətta İtaliyaya gedə bilər.
Artıq bütün potensial iştirakçılar layihəni dəstəkləyir. Bolqarıstan Varna və Burqas limanlarını İran karvanlarının giriş nöqtəsi etməyə razılaşıb. Bolqarlar hətta gərək olarsa, ixtisaslaşdırılmış terminallar da inşa etməyə hazırdır. Axı İranın Balkan yarımadasına çıxışı ilə yanaşı, Yaxın Şərqin açılan bazarı Avropa üçün heç də az maraqlı deyil. Bundan savayı, bu dəhlizə perspektivdə yeni bazarlar – İraq və Suriya da qoşula bilər.
Sanksiyalardan azad olmuş İran öz mallarının tranziti üçün Ermənistanı əsas tərəfdaş seçməyi qət edib. Nəzərdə tutulan marşrut: Mehri-Dzor-Vayots-Yerasx, sonra dəmir yolu ilə Gürcüstandakı Poti dəniz limanına, oradan isə Qara dənizlə Bolqarıstan limanına. İranın Ermənistanla heç bir siyasi ziddiyyəti yoxdur. Əlbəttə, yeni marşrut İrana Xəzər hövzəsində çoxdankı rəqibinin mövqeyini zəiflətmək imkanı verəcək. Ancaq Azərbaycanın bu layihədəki iştirakını mümkün saymıram. Çünki Ermənistanın iştirakçısı olacağı layihədə Azərbaycan heç vaxt iştirak edə bilməz”.
Məhəmmədəli QƏRİBLİ