Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Cəmiyyət / “İrəvanda qədim məscidi şərab zavoduna çeviriblər” – Gündüz İsmayılov

“İrəvanda qədim məscidi şərab zavoduna çeviriblər” – Gündüz İsmayılov

İşğaldan azad edilən Qarabağda olduğu kimi ermənilər Qərbi Azərbaycan ərazisi olan indiki Ermənistanda, İrəvan və Zəngəzurdakı tarixi-dini abidələri ya məhv edib, ya da saxtalaşdırıblar.

Bunu Azvision.az -a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, ermənilərin məqsədi azərbaycanlıların izlərini qədim Azərbaycan torpaqlarından silmək olub:

“Onlar qədim alban abidələrini erməni qriqoryan kilsəsinə çevirmək məqsədilə saxtakarlığa əl atıblar. İslam dininə aid məbədlərimizi yerlə-yeksan ediblər. Bunların içərisində ziyarətgahları, məscidləri xüsusi qeyd etmək istəyirəm. Hesablamalara əsasən, Ermənistan ərazisində 100-lərlə ziyarətgah olub. Bunların hər biri dağıdılıb. Onlarla məscid olub, həmin məscidlər də dağıdılıb. Yalnız bir məscid – İrəvan şəhərindəki qədim Azərbaycan məscidi olan Göy məscid saxlanılıb. Amma saxtakarlıq edərək onu da İran-fars məscidi kimi qələmə veriblər. Bu gün İrəvanın mərkəzindəki həmin məscid fars mədəniyyətinin nümunəsi kimi təqdim edilir”.

G.İsmayılov bildirib ki, ermənilər saxtakarlığa əl ataraq saxladıqları həmin məscidlə özlərini dünyaya “tolerant” ölkə kimi göstərmək istəyirlər.

“Guya onların İslam və müsəlmanlarla problemi yoxdur və buna nümunə olaraq məscid fəaliyyət göstərir. Lakin bu məkrli münasibətdir. İndiki Ermənistan ərazisindəki alban abidələrinin hamısı qriqoryanlaşdırılıb. Bunların içərəsində Zəngəzurda yerləşən Tatev məbədini xüsusi qeyd etmək istəyirəm. Bu məbəd həm tarixi, həm quruluşu, həm əzəmətinə görə alban irsinin ən önəmli məbədlərindən biridir. Təəssüf ki, bu məbəd qriqoyanlaşdırılıb”.

Sədr müavini qeyd edib ki, Zəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisindəki müsəlman ziyarətgahının tarixi İslamın ilk dövrlərinə qədər gedib çıxırdı: “Amma ermənilər o ziyarətgahı da yerlə yeksan ediblər. Qərbi Azərbaycandakı islam abidələri içərisində təkcə məscidlər deyil, karvansaraylar, hamamlar, qalalar, məscidlər olub. İrəvan şəhərində və kənarında onlarla məscid olub, hamısı dağıdılıb. Sovet dövründə bəzi məscidlər anbar kimi istifadə edilib. Sovet dövründən sonra onlar da yer üzündən silinib. Bizdə məlumat var idi ki, İrəvandakı qədim məscidlərdən biri şərab zavodunun bir hissəsinə çevrilib. Bu cür faktlar kifayət qədərdir”.

Həmçinin oxuyun

Emin Şirinova yüksək vəzifə verildi — ƏMR

Polis mayoru Emin Şirinov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinə vəzifəsinə təyin olunub. …