Bazar ertəsi , May 20 2019
Ana səhifə / Cəmiyyət / İqtisadçı Vüqar Bayramov hədələndiyini deyir

İqtisadçı Vüqar Bayramov hədələndiyini deyir

“Mənə bildirildi ki, sakit durum, yoxsa mənim hökumətlə əlaqələrimi araşdırmaq üçün xüsusi bir jurnalist ayıracaqlar”

“Yəqin ki, sonda beynəlxalq məhkəməyə müraciət edəcəyik”

İqtisadçı-alim Vüqar Bayramovun “Meydan TV” ilə qalmaqalı çözülməmiş qalır. Qalmaqala səbəb 25 avqust tarixində “Meydan TV”nin veb-səhifəsində onunla bağlı rus dilində “Tainstvennaya kompaniya za korotkiy srok vıiqrala bolee 120 tenderov” məqaləsi olub.
İqtisadçı-alim bu dəfə OCCRP qarşısında 5 şərt irəli sürüb. O bildirib ki, həmin şərtlər yerinə yetirilmədiyi təqdirdə məhkəməyə üz tutacaq: “Mənim adımdan uydurulan “fikirlər” hətta köhnə müsahibədə də yoxdur. Etik jurnalistika və araşdırma prinsiplərini nəzərə alaraq, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) OCCRP qarşısında 5 şərt irəli sürürəm:
1. Vüqar Bayramovun adından uydurulan, heç bir yerdə söyləmədiyim və 4 gün saytlarda saxlanan və hətta yazılı mətbuatda çap edilən, Azərbaycanın əleyhinə “qara piar” olan böyük abzas OCCRP-nin yalanları üzə çıxandan sonra tələm-tələsik özünün və “Meydan TV”nin saytlarından yığışdırılsa da, onun adından istifadə edildiyi üçün Vüqar Bayramovdan rəsmi üzr istənilsin;
2. Hətta 8 ay öncə “Üç nöqtə” qəzeti adından götürülən müsahibədə heç bir rəqəm səsləndirmədiyim halda “100 min dollar” ifadəli uydurma cümlə “araşdırmadan” çıxarılsın və ictimai təkzib verilsin;
3. Tenderlərin elektron qeydiyyatı ilə bağlı mənim adımdan uydurulan “əks halda şəffaflıqdan söhbət gedə bilməz” cümləsi “araşdırmadan” çıxarılsın və ictimai təkzib verilsin;
4. “Araşdırmada” tamamilə dəyişdirilərək, uydurma “qara piar” cümlələri ilə bəzədilmiş müsahibənin bir ay öncə deyil, məhz bu ilin əvvəlində özünü “Üç nöqtə” qəzetinin əməkdaşı kimi təqdim edən jurnalist tərəfindən götürüldüyü ictimai qeyd edilsin;
5. İSİM və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də “Twitter”də aparılan qərəzli “qara piar” kampaniyasına dərhal son qoyulsun”.
İqtisadçı-alim deyib ki, jurnalistika, etik və hüquqi prinsiplərə uyğun olaraq, OCCRP-nin təkzibindən sonra həmin məlumatı yayan yerli mətbuat orqanlarında da oxşar təkziblərin verilməsi təmin edilməlidir.
Vüqar Bayramov bildirib ki, şərtləri yerinə yetirilmədiyi halda, beynəlxalq məhkəməyə müraciət edərək, əsassız “qara piar araşdırmasının” yığışdırılması və ictimai təkzibin verilməsinə çalışacaq.
Məsələnin hazırda nə yerdə olduğunu öyrənmək üçün Vüqar Bayramovla əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə böyük bir oyun qurulub: “Siz təsəvvür edin ki, 8 ay əvvəl hansısa jurnalist mənə zəng edib yerli qəzetlərdən birinin adı ilə müsahibə götürüb. Sonra həmin müsahibə işıq üzü görməyib. Yəni nəzərdə tutulan qəzetdə çap olunmayıb. Üstündən 8 ay keçdikdən sonra isə həmin müsahibə “Meydan TV” vasitəsilə yayımlanır. Mən müsahibəni gördükdə təəccübləndim. Dərhal bəyan etdim ki, korrupsiya ilə bağlı araşdırmalar aparan həmin şəbəkəyə heç bir müsahibə verməmişəm. Sonra jurnalistin özü də etiraf etdi ki, müsahibə “Meydan TV” üçün deyil, yerli qəzetlərdən biri üçün götürülüb. Nəticədə mənim adımdan həmin müsahibəyə demədiyim rəqəmlər əlavə olunub. Xüsusi abzasla adımdan çıxarılan fikrin isə ümumiyyətlə mənə aidiyyəti olmayıb. Hələ ki, irəli sürdüyümüz şərtlərdən heç birinə əməl olunmayıb. Düzdür, biabır olandan sonra onlar məqaləni saytdan yığışdırdılar. Amma bu bizim üçün kifayət deyil. Biz üzr istənilməsini tələb edirik. Maraqlıdır ki, həmin araşdırmanı aparan beynəlxalq şəbəkənin nüfuzuna böyük zərbə dəyib. Artıq onların Azərbaycanla bağlı təqdim edəcəyi heç bir məlumata inanan olmayacaq.
Vəziyyət o həddə çatıb ki, onlar məni açıq təhdid edirlər. Bu günlərdə belə bir mesaj da aldım. Mənə bildirildi ki, sakit durum, yoxsa mənim hökumətlə əlaqələrimi araşdırmaq üçün xüsusi bir jurnalist ayıracaqlar. Həmin mesaj məndə qalır. Yəqin ki, sonda beynəlxalq məhkəməyə müraciət edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …

Bir cavab yazın