Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “İqbal Ağazadə seçiciləri asfalt çəkdirməklə və yelləncəklər düzəltdirməklə ələ alır” – Şikayət

“İqbal Ağazadə seçiciləri asfalt çəkdirməklə və yelləncəklər düzəltdirməklə ələ alır” – Şikayət

Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə seçki rəqibi, “Ümid” partiyasının sədri İqbal Ağazadədən 35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasına şikayət ərizəsi yazıb.

Dairədən AzNews.az-a daxil olan məlumata görə, şikayət ərizəsində İ.Ağazadənin seçki qanunvericiliyini pozması qeyd olunub və onun namizədliyinin ləğv edilməsi istənilib.

A.Əlizadə xəbəri AzNews.az-a təsdiqləyib. Bildirib ki, rəqibi təşviqat kampaniyasına rəsmi start verilməmiş, fəaliyyətə başlayıb və seçiciləri müxtəlif yollarla ələ almağa çalışır: “Təbliğat kampaniyası oktyabrın 9-dan başlayır. İqbal Ağazadə isə oktyabrın 1-dən hər yerdə asfalt çəkdirir, yelləncəklər düzəltdirir və s. Bu isə seçki qanunvericiliyinə ziddir, həm də maddiyyatla seçiciləri ələ almaqdır. Əvvəla, seçki kampaniyası dövründə nəyisə xərcləyirsənsə hesabına pul köçürülməlidir. Sonra oradan pulu götürüb xərcləyə bilərsən. İndiki halda isə asfalt çəkmək, yelləncək düzətdirmək qadağandır”.

A.Əlizadə qeyd edib ki, onun nümayəndələrinin əlində İ.Ağazadənin seçki qanunvericiliyini pozmasını sübut edən şəkillər var: “Mənim nümayəndələrim hadisə yerindən fotolar çəkib. İqbal Ağazadənin qardaşının həmin rayonda “Asfalt-beton” zavodu var. 35 saylı əraziyə məxsus yerlərdə aparılan asfaltlaşma işləri, yəni maşın və fəhlələr həmin zavoda məxsusdur. Bu artıq qohumların seçkiyə müdaxiləsidir və bank hesabından kənar pul xərcləməkdir. Deyə bilərlər ki, şəxsi zavodudur. Amma elə deyil. Şəxsi zavodundan da nəsə çıxaranda mühasibatdan keçirilməli və ondan da vergi ödəməlidir. İqbal Ağazadə seçki kampaniyasının şərtlərini pozur”.

Partiya sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı Dairə Seçki Komissiyasından sonra Mərkəzi Seçki Komissiyasına, oradan isə məhkəməyə müraciət edəcək: “Sona kimi gedəcəyəm. İnsan bir dairədən 3 dəfə millət vəkili seçilirsə, o, artıq bütün seçicilərinin sevimlisinə çevrilməlidir ki, 5 ildən bir asfalt çəkməsin, yelləncək düzəltməsin. Asfaltlar daima çəkilməlidir. Bu zaman qardaşının maddiyyatından istifadə etmək lazım deyil. Millət vəkili nail olmalıdır ki, yerlərdə bələdiyyə işləsin. Əgər o özü bu işləri görürsə o zaman bələdiyyə seçkilərində iştirak etsin”.

İqbal Ağazadə isə AzNews.az-a açıqlamasında bu ittihamları şər-böhtan adlandırıb: “Araz Əlizadə şər-böhtanla məşğul olmasın”.

O, bildirib ki, A.Əlizadənin ərizəsində də göstərdiyi bütün ittihamlar onun bundan əvvəlki millət vəkili olduğu illərdə aidiyyəti qurumlara göndərdiyi məktublar əsasında görülüb: “Bu gün cəmiyyətdə şər-böhtanın ucu-bucağı yoxdur. Bununla bağlı Dairə Seçki Komissiyasına məktubum ünvanlanıb. Bundan əvvəlki illərdə millət vəkili dönəmində rəsmi strukturlara məktubla müraciət etmişəm. İşlər həmin məktublar əsasında görülüb”.
İ.Ağazadə qeyd edib ki, onun ərazidə gördüyü işlərin indi şantaj vasitəsinə çevirilməsindən təəssüflənir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın