Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / İntihara cəhd edən ailə başçısı danışdı: “Qayınanam iki oğlumu qaçırıb”

İntihara cəhd edən ailə başçısı danışdı: “Qayınanam iki oğlumu qaçırıb”

Məcburi köçkün: “4 aydır onlardan xəbər tuta bilmirəm…”

Dekabrın 10-da  Binəqədi rayonunda altımərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edən və FHN əməkdaşları tərəfindən xilas edilən Ağakişiyev Fədail Rövşən oğlu  problemini işıqlandırmaq üçün “Yeni Müsavat”ın redaksiyasına üz tutub. 1977-ci il təvəllüdlü F.Atakişiyevin sözlərinə görə, onu intihar həddinə çatdıran qayınanası Narın Gülməmmədovadır.

Sözügedən qadın  4 ay öncə Fədail Ağakişiyevin 10 və 6 yaşlarında olan iki oğlunu xəbərsiz şəkildə evdən qaçıraraq aparıb və naməlum ünvanda gizlədib: “4 aydır ki, uşaqlarımın harada olmasından, necə şəraitdə yaşamasından, nə yeyib-nə içməsindən xəbərsizəm. Onların nə üzlərini görə, nə də səslərini eşidə bilirəm. Qayınanam həyat yoldaşımı və mənim himayəmdə olan  iki azyaşlı oğlumu götürüb aparıb və yerini bildirmir. Uşaqların hər ikisi məktəbli olsa da, onlar 4 aydır təhsildən yayındırılır. 10 yaşlı Atakişiyev Atakişi Fədail oğlu, 6 yaşlı Atakişiyev Atabəy Fədail oğlu hazırda hansısa ünvanda qapalı şəkildə saxlanılır, onların məktəbə getməsinə belə icazə verilmir. Halbuki biz 2008-ci ildən rəsmi nikahdayıq və hələ ayrılmamışıq. Dəfələrlə uşaqlarımın arxasınca getmişəm. Qayınanam, onun bacısı və qardaşı məni təhqir edib, hədələyiblər ki, atalıqdan məhrum edəcəklər. Uşaqlarımın ikisi də xəstədir, birinin nevroloji, digəri isə bronxial xəstəliyi var. İndi bilmirəm ki, onları hansı şəraitdə saxlayırlar. Maddi yardım da edirəm, lakin bilmirəm ki, onu uşaqlarıma çatdırırlar, ya yox”.

Şikayətçinin sözlərinə görə, ailənin dağılmasının səbəbi həyat yoldaşının Almaniyaya mühacirət edib orada yaşamaq arzusudur ki, bu da onun anasının planlarıdır: “Ailə münaqişəmizin səbəbi 4-5 il bundan öncə qaynım Rahib Budaqovun sığınacaq üçün Almaniyaya getməsi oldu. Rahib orada evləndi, vətəndaşlıq aldı. Sonra təklif etdi ki, biz də Almaniyaya gedək. Mən isə vətənimə, torpağıma bağlı adamam. Övladlarımın Azərbaycan əsgəri kimi yetişməsini istəyirəm. Ona görə də Almaniyaya getməyəcəyimi qəti şəkildə dedim. Bundan sonra daimi olaraq evdə söz-söhbət, problem yaşandı. Nəticədə də belə oldu ki, həyat yoldaşım evdən ayrıldı, daha sonra övladlarımı evdən qaçırdılar. 4 aydır iki oğlumun üzünə həsrətəm və bu səbəbdən artıq intihar həddinə çatmışam. Məni təhdid edirlər ki, səni atalıqdan məhrum edib, uşaqları Almaniyaya aparacaqlar ”.

Fədail Atakişiyev deyir ki, birgə yaşadıqları müddətdə maddi baxımdan orta səviyyəli azərbaycanlı ailəsi kimi dolanıblar: “Özüm sürücüyəm, normal azərbaycanlı ailələri necə dolanırlarsa, biz də o cür dolanırdıq. Gündəlik qazanc əldə edirəm”.

Şikayətçi intihara cəhd etməsindən də danışdı: “Mən günlərdir çörək yeyə bilmirəm. Mənəvi travma yaşayıram. Ötən gün həyat yoldaşımın atası evinə getdim ki, uşaqlarımın vəziyyəti ilə maraqlanım. Yoldaşımın dayısı və xalası gəlib məni daşa basdı, başım yaralandı. Məni və yanımda olan bacımı təhqir etdilər. Mənə dedilər ki, bir daha uşaqlarının üzünü görməyəcəksən, səni atalıqdan məhrum edəcəyik. Belə başa düşdüm ki, boşandıqdan sonra  mənə şər atıb ya ruhi xəstə adı ilə, ya da narkotik istifadəçisi kimi göstərib məhkəmə yolu ilə atalıq hüququndan məhrum etmək istəyirlər. Çünki yalnız bundan sonra uşaqlarımı ölkədən çıxara və Almaniyaya apara bilərlər. Artıq boşanma üçün məhkəməyə müraciət ediblər. Ancaq mən boşanmaq istəmirəm. Çox güman ki, varlarına, pullarına güvənirlər. Mən isə məcburi köçkünəm. Deyirlər ki, sənin heç kimin yoxdur, nə edə bilərsən ki… Mən övladlarımın qaçırılması ilə bağlı polisə müraciət etmişəm. Lakin hüquq-mühafizə orqanları heç bir tədbir görməyib. Mənə deyiblər ki, məhkəməyə müraciət elə. Məhkəmə hələ 4 aydan sonra olacaq. Mən o vaxta qədər uşaqlarımı görmədən dözə bilmərəm. Bir daha sizin qəzet vasitəsilə ölkə başçısına, ombudsmana, hüquq-mühafizə orqanlarına müraciət edirəm. Xahiş edirəm ki, övladlarımın mənə qaytarılmasına yardımçı olsunlar, onların ölkədən çıxarılmasına, Almaniyaya aparılmasına icazə verməsinlər”.

F.Atakişiyev deyir ki, övladlarına qovuşmasa yenidən intihara cəhd edəcək: “Yoldaşım ağır fiziki, psixoloji, mənəvi təzyiqlər altındadır. Mən onun öz ailəsinə, uşaqlarına bu qədər laqeyd ola biləcəyinə inanmıram. O, ailəsini də, uşaqlarını da çox istəyir. Sadəcə, anasının, xalasının mənəvi-psixoloji təsirləri altındadır. Geri qayıtsa, mən onu qəbul edirəm. Mən buradan ona səslənirəm ki, bir daha düşünsün. Övladlarımızı vətəndən didərgin salmasın. Müəyyən yollarla uşaqları ölkədən çıxartmağa çalışacaqlar.  Yoldaşımı boşanmaya vadar edirlər, ancaq onu məhkəməyə gəlməyə, orada dindirilməyə qoymurlar. Mən isə həyat yoldaşımdan ayrılmaq istəmirəm. Ancaq məhkəmədə boşanma qərarı çıxsa belə, ən azı həftədə bir dəfə uşaqlarımı görmək istəyirəm. Çünki onları görmədən yaşaya bilmərəm”.

Şikayətçi övladlarının qaçırıldığını və gizli bir ünvanda qapalı şəkildə saxlanıldığını əsas gətirərək, onların fotosunu yaymağımızı və adlarını qeyd etməyimizi də xahiş etdi ki, bu uşaqları görənlər hüquq-mühafizə orqanlarına xəbər etsinlər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …