Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / “İnsanlar yasdan çıxandan sonra yaxınlıqdakı restorana gedib araq içirlər”

“İnsanlar yasdan çıxandan sonra yaxınlıqdakı restorana gedib araq içirlər”

Azərbaycanda illərdir davam edən dəbdəbəli toy və yas mərasimi ənənələrinin ifrat həddə çatması ilə gündəmdə qalmaqdadır.

Bəs görəsən, son vaxtlar daha da artan, sadəlikdən uzaq şənliklər nə zamana kimi davam edəcək? Bu qədər göstəriş və dəbdəbəyə insanları nə məcbur edir?

Məsələ ilə bağlı Yenisabah.az-a Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu danışıb. O, bildirib ki, bu ənənə ta qədimdən xalqımızda olub və qonşudan qalma dala prinsipi ilə davam etdirilib:

“Nə qədər ki, Azərbaycan xalqı var təmtəraqlı, dəbdəbəli toylar həmişə olacaq. Biz ancaq toy edənə “mübarək olsun” deyə bilirik. Varlığa nə darlıq? Keçmişdə də belə olub, bəylərlə nökərin toyu bir-birindən çox fərqlənib, eyni səviyyədə olmayıb.

Əminəm ki, ibtidai icma quruluşunda da vəziyyət belə olub, tayfa başçısı öz toyunda ovladığı böyük maralı süfrəyə qoyub. İndi də həmin ənənə davam edir, məşhurlar, iş adamları təşkil etdiyi toyları təntənəli formada keçirirlər.

İmkanı olmayanlar da borca-xərcə girib bunu edirlər. Etsinlər, nə deyə bilərik?

Hər şey bir-biri ilə bağlıdır, bunun qarşısını almaq üçün ilk növbədə cəmiyyət düzəlməlidir.

Bu gün Bakıda maşın əlindən tərpənmək olmur. Tikintidə çalışan, 300-500 manat maaş alan insan da kreditə girir, kənddəki evini satır ilkin ödənişi edib avtomobil alır. Sonra da tıxaclarda qalıb işə gecikirlər.

Belə şeylərə ciddi yanaşmaq olmaz. Avropada, xüsusilə Skandinaviya ölkələrində hamı maşına nifrət edir. Demək olar ki, hər kəs velosipeddən və ictimai nəqliyyatdan istifadə edir.

Toyların dəbdəbəli keçirilməsi nəticədir, buna gətirib çıxaran səbəblər var. Hamı istəyir ki, bir iş dalınca şəxsi avtomobili ilə getsin. Metro, avtobusdan istifadə etmək istəmirlər. Şəhər nəqliyyatı biabırçı gündədir”.

Onun sözlərinə görə, cəmiyyətdəki ümumi problemlər aradan qaldırılmasa, digər problemlərin düzəlməyini gözləmək ağılsızlıqdır:

“Mən yüksək rütbəli bir məmur tanıyıram ki, yaşadığı evlə çalışdığı idarə yanbayandır. O, hər gün səhər aşağı düşür, sürücüsü onun üçün maşının qapısını açır, minir və işə gedir. Özü də o yol təktərəflidir deyə maşınla geri dönür, fırlanıb idarənin qarşısında düşür. Halbuki piyada 10 addımlıq yoldur. Həmçinin işdən sonra sürücü sürücü onun üçün qapını açır, həm də cangüdən kimi müşayiət edir və geri evinə qayıdır.

Bu səbəblər cəmiyyət olaraq aradan qaldırılmasa, həmişə belə davam edəcək. “Nəsimi” filmində məşhur bir fraza var, deyilir ki, dünyada iki cür – kamil və cahil insan var. Nə qədər ki, cəmiyyətin əksəriyyəti cahil insanlardan ibarət olacaq, problemlər davam edəcək. İnsanlar kamil olmalı, sadə yaşamalıdır. Amma görünən odur ki, hələ buna çox var.

Toylar və yaslar problemin bir hissəsidir. Bu gün yaslarımız da toylarımızdan geri qalmır. Bir tək içki verilmir. O da ki, insanlar yasdan çıxıb yaxınlıqdakı kafe-restoranda içirlər”.

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …