Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / “İmtahan Mərkəzinin addımları qəbul prosesini xeyli rassionallaşdırır” – ŞƏRH

“İmtahan Mərkəzinin addımları qəbul prosesini xeyli rassionallaşdırır” – ŞƏRH

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, imtahanlar hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcək. Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev abituriyentlərə biliklərinin yoxlanılması üçün bu cür şəraitin yaradılmasını çox müsbət bir hal sayır:“Hesab edirəm ki, bu dəyişiklik tələbə qəbulu prosesinin liberallaşmasına gətirib çıxaran qərardır. Ümumiyyətlə, DİM-in ötən il iki dəfə imtahan prosesini təşkil etməsi də çox yaxşı nəticələrlə yekunlaşdı. Abituriyentlər bu sayədə 1-ci dəfə buraxdığı səhvləri 2-ci dəfə buraxmadılar. İndi qəbul qaydalarının dəyişməsi də hesab edirəm ki, abituriyentlərin xeyrinədir və onların seçim imkanlarına, biliklərinin tətbiqinə yol açan bir qərardır. DİM bu cür addımlar atmaqla qəbul prosesini xeyli rassionallaşdırır. Bu da şübhəsiz ki, abituriyentlərin daha sərbəst imtahan verməsinə şərait yaradır, seçim imkanlarını genişləndirir. Düşünürəm ki, yaxın gələcəkdə buraxılış və qəbul imtahanlarının birləşdirilib daha mükəmməl bir imtahan sisteminin yaradılması qarşıya məqsəd qoyulur. Abituriyentlərin xeyrinə atılan bu cür addımlarla bu prosesin də tamamlanmasına nail olunacaq”.

Digər təhsil eksperti Kamran Əsədov isə qəbul qaydalarına edilmiş dəyişikliklərin müsbət tərəfləri ilə yanaşı müəyyən problemlər də yaradacağını bildirdi: “Gələcəkdə də qəbul imtahanlarının formatında dəyişikliyi labüd edir. Belə ki, bir abituriyentin iki, hətta 5 ci qrupu da əlavə etsək 3 qrup üzrə qəbul imtahanı verməsi o deməkdir ki, yaxın gələcəkdə vahid qəbul imtahanları olacaq və bu qəbul imtahanlarında iştirak edənlər səkkiz fəndən imtahan verəcəklər. Çünki ayrı-ayrı ixtisas qruplarından imtahan verməkdənsə, vahid bir qrup daxilində səkkiz fəndən imtahanın keçirilməsi daha optimaldır. Ali məktəblərə sənəd təqdim edən abituriyentlər məlumdur ki, uzun müddət bir ixtisas qrupu üzrə hazırlaşırlar. Ona görə də abituriyentlərin kütləvi şəkildə yaz imtahan nəticələri açıqladıqdan sonra digər ixtisas qrupuna keçid etməyəcəklər. Amma bir sıra fənlər var ki, o fənlər bütün ixtisas qruplarında var. Belə ki, Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri bütün ixtisas qruplarında var. Əgər hansısa bir abituriyent 1-ci ixtisas qrupunda keçid balı toplaya bilməsə, o, 3-cü qrupda minimum bunu edə bilər. Belə ki, 1-ci ixtisas qrupuna daxil olan riyaziyyat fənnin ağırlıq dərəcəsi 3-cü ixtisas qrupu ilə müqayisədə daha çoxdur. Onsuz da abituriyent Azərbaycan dili və xarici dildən minimum təbələbləri ödəyə bilər.

 

Ona görə də, 1-ci ixtisas qrupunun abituriyenti yaz imtahanından sonra 3-cü qrup üzrə imtahan versə, riyaziyyat fənnindən minimum 20 suala cavab verməklə keçid balının yarısını toplamış olur. Bu, 3-cü ixtisas qrupuna da aiddir. Belə ki, bu ixtisas qrupu üzrə abituriyent tarix, Azərbaycan dili fənnindən yüksək səviyyədə hazırlaşır, əgər o 3-cü ixtisas qrupu üzrə keçid balı toplaya bilməsə, 2-ci qrupda Azərbaycan dili və Azərbaycan Tarixi fənndən keçid balının demək olar ki, 80 faizini əldə edə bilər. Lakin burada bir məsələ var ki, ali məktəblərə qəbul qaydalarına görə abituriyentlər ixtisas qrupuna daxil olan fənlərin demək olar ki, hamısından minimum keçid balı toplamalıdır. Amma ixtisas qrupu dəyişikliyi etmiş şəxslər bunu yerinə yetirə bilməyəcəklər. Bu kimi məsələlər gələcəkdə tələbənin ali məktəblərə qəbul olduqdan sonra köçürülməsi ilə bağlı da problemlər yarada bilər. Belə ki, müəyyən ixtisas qrupu üzrə bəzi ixtisaslarda keçid balı 100, 150 olduğu üçün abituriyent 1-ci imtahanda o ixtisas seçimi etmir və digər ixtisas qrupunu seçib keçid balı toplayır. Sonradan isə o dəyişiklik edə bilmir. Dəyişikliyə görə hər iki fərqli ixtisas qrupunda imtahan verib keçid balını toplayan abituriyent elektron ixtisas seçimində hər iki qrupa daxil olan ixtisasları seçə biləcək. Lakin köçürülməyə müraciət zamanı ancaq eyni ixtisasın icazə verildiyini nəzərə alsaq, bu sonradan problemlərin yaranacağını qaçılmaz edir. Və yenidən köçürülmə haqqında qaydaların da dəyişdirilməsi lazımdır. Bu dəyişikliklərin yaradacağı problemin əsasını ixtisas qrupu üzrə formalaşmış statistik göstəricilər ilə bağlı olacaq. Belə ki, yaz imtahanında iştirak edib minimum bal toplayan abituriyent yay imtahanında digər ixtisas qrupunda iştirak edib bal toplamış olsa, o zaman statistik göstəricilərdə bunlar fərqli şəxslər kimi qəbul ediləcək və ixtisas seçimi zamanı ortaya müəyyən problemlər çıxacaq”.

K.Əsədov abituriyentlərə hər imtahan sessiyasında bir ixtisas qrupu üzrə imtahanda iştirak etməyə icazə verilməsinin az olduğunu dedi: “Yaz imtahan sessiyasında birinci keçirilən imtahanda iştirak edən tələbəyə bir həftə sonra keçiriləcək başqa bir imtahanda da iştirak etmək icazəsi verilməlidir. Çünki birinci imtahanda az bal toplayan abituriyent fərqli ixtisası seçməkdənsə, eyni ixtisas üzrə hazırlaşmağa daha çox önəm verəcək. Bu zaman da edilmiş dəyişikliyin heç bir əhəmiyyəti qalmayacaq. Ona görə də təklif edirəm ki, hər imtahan sessiyasında abituriyentlərə iki imtahanda iştirak etmək imkan verilsin”.(Musavat.com)

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …