Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İLYAS İSMAYILOVU “KAŞELYOK”A SATAN ADAM… – Aslan İsmayılov yenə öz ampluasındadır!

İLYAS İSMAYILOVU “KAŞELYOK”A SATAN ADAM… – Aslan İsmayılov yenə öz ampluasındadır!

Xəbər verdiyimiz kimi, Azərbaycanın quşçuluq müəssisələrilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxıb. Belə ki, bu şirkətin ortaqları arasında milliyətcə erməni Arto Sevan Oskayan və Antranik Raffi Bozaçıyan da var. Bu iki erməni “Emre Piliç” şirkətinin 30 faizinə sahiblik edir.

“AzPolitika”nın araşdırmaları zamanı məlum olub ki, ötən il bəzi Azərbaycan saytlarında bu barədə ötəri məlumat getdikdən sonra bir çox quşçuluq müəssisələri “Emre Piliç”lə əməkdaşlığı dayandırıblar. Belə olduqda erməni və türk ortaqlar Azərbaycan bazarındakı paylarını əldən verməmək üçün “Orallar” və “Qaranti” adlı yeni şirkətlər təsis edərək, bu bazarla əməkdaşlığı davam etdiriblər. Son günlər “AzPolitika”da bu barədə 3 yazı dərc olunduğundan, təkrarçılığa yol vermək istəmirik. Lakin bir məsələyə aydınlıq gətirmək zərurəti yaranıb. Bu zərurəti ortaya çıxaran səbəb yarıerməni şirkətinin vəkili olduğu məlum olan Aslan İsmayılovun özünəxas şəkildə “AzPolitika.info”ya təzyiq göstərmək cəhdidir. 

Aslan İsmayılovun 5 faizlik yalanı

Tam səmimiyyətlə bildiririk ki, səhmlərinin 30 faizi ermənilərə məxsus olan bir şirkətin Azərbaycanla milyonluq əməkdaşlığı haqda məlumatları araşdırıb, bu barədə materiallar hazırlayarkən, bu şirkətin hansısa keçmiş Azərbaycan tərəfdaşı ilə borc üstündə məhkəmə çəkişməsinin olduğunu bilmirdik. Bu barədə ilk dəfə elə vəkil Aslan İsmayılov “AzPolitika.info”nu məlumatlandırıb. O, saytımızın baş redaktoru Elnur Məhərrəmliyə zəng edərək, dayanmadan Mürvət Həsənov adlı şəxsi təhqir etməyə başlayıb və bundan sonra xahiş edib ki, bu mövzu ilə bağlı “Facebook”da yazdığı yazı ilə tanış olsun və onu qarşı tərəfin mövqeyi kimi qəbul edərək işıqlandırsın. Lakin yazı ilə tanışlıq zamanı məlum olub ki, A.İsmayılov “AzPolitika”nın qaldırdığı əsas məsələnin – erməni səhmdarlar məsələsinin üstündən sükutla keçərək, öz yazısını Mürvət Həsənovla “Emre Piliç” şirkətinin çəkişməsinə həsr edib, M.Həsənovu təhqir edib, üstəlik bir çox faktları da təhrif edib. Məsələn, “Emre Piliç” şirkətinin 30 faiz səhminin Oskayan və Bozaçıyan adlı ermənilərə məxsus olduğu rəsmi sənədlərlə sübut olunduğu halda, A.İsmayılov guya cəmi 5 faizin erməni Bozaçıyana məxsus olduğunu, türklərin də bu hissəni aldıqlarını, ancaq bu arada Bazaçıyan komaya düşdüyündən alqı-satqını rəsmiləşdirə bilmədiklərini deyib.

Bundan sonra A.İsmayılov brifinq keçirib və “Emre Piliç”lə məhkəmə çəkişməsində olan Mürvət Həsənova qarşı ittihamlar yağdırıb. A.İsmayılovun bu ittihamları bir neçə populyar saytda, o cümlədən azadlıq.info və musavat.com kimi çoxtirajlı saytlarda yayımlanıb və üstəlik qarşı tərəfin mövqeyi olmadan yayımlanıb.

Soros, Saakaşvili, İsmayılov…

Lakin “AzPolitika” A.İsmayılovun musavat.com-dakı yazıda və özünün “Facebook” statusunda əks olunmuş ittihamlarını verməklə yanaşı, qarşı tərəfə – Mürvət Həsənova da özünü müdafiə etmək haqqını tanıyıb. Yəni sadəcə olaraq, “KİV Haqqında” Qanunun tələblərinə əməl edib. M.Həsənov isə təbii olaraq, vəkilin ittihamlarına cavab verib və üstəlik əks-hücuma da keçib. Məsələn, deyib ki, A.İsmayılov özü barəsində fövqəladə mötəbər bir şəxs təsəvvürünü yaratmaq üçün ona deyibmiş ki, Corc Soros onu və Mixail Saakaşvilini ABŞ-da oxutdurub ki, onları prezident eləsin, indiyədək 3 dəfə prezident olmaq şansı olub, 2013-cü ildə guya Rusiyadakı milyarderlər ona vahid namizəd olmaq üçün yalvarıb, istəsə prezident ola bilər və sairə.

Bununla belə “AzPolitika” tərəflərin fikirlərində balansı qorumaqla yazını oxucularına təqdim edib.
Ancaq bu da Aslan İsmayılovu qane etməyib. Əksər saytlarda birtərəfli hücumda görünən vəkilin “AzPolitika”da özünü “ikiqapılı futboldakı” kimi hiss etməsi, üstəlik, “vurduğu topların” ikiqatını “yeməsi” onu özündən çıxarıb. Vəkil, “Facebook”da “AzPolitika”nı hədəfə alıb, onu reketlikdə, hökumətin sifarişini yerinə yetirməkdə ittiham edib, ardınca 40-50 nəfərlik qrupa yön verərək saytımızı təhqir etdirib. Bu təhqirlərdən bəzisini isə “layk” etməklə, onlara həmmüəlliflik edib. Halbuki, “AzPolitika” indiyədək Aslan İsmayılovun onlarla müsahibə, açıqlama və “Facebook” statusuna yer verib, bunların bir çoxu məhz onun xahişi əsasında yayımlanıb, hər dəfə də o, saytımıza, onun rəhbərinə minnətdarlığını çatdırıb.

“Ermənidir, amma Türkiyə vətəndaşıdır…”

ÖMER-ORAL-ARTO-SEVEN-OKSAYAN-E.Məhərrəmli deyir ki, A.İsmayılov sonuncu dəfə 3-4 gün əvvəl ona zəng edib və “AzPolitika”ya hörməti olduğunu ifadə edib. “Onun zənginə qədər “Emre Piliç” şirkətinin Bakıda kimlərləsə məhkəmə çəkişməsi olduğunu, A.İsmayılovun da səhmlərinin 30 faizi ermənilərə məxsus olan bu şirkətə vəkillik etdiyindən xəbərsiz idik. Bunu elan etdi, Mürvət Həsənov barəsində təhqirlər yağdırdı, ardınca da xahiş etdi ki, onun “Facebook”dakı yazısını saytımızda yayımlayaq. Mən bu şirkətin erməni səhmdarları haqda soruşdum. Onlar erməni olsalar da, Türkiyə vətəndaşlarıdır deyib, mövzudan yayınmaq istədi. Görəndə ki, buna həmişəki münasibət göstərilmir, başladı hədə-qorxu gəlməyə ki, bu mövzunun üzərinə getsək, nəsə tədbir görəcək. Yəni tipik Aslan İsmayılov gedişləri. Adekvat cavabını versəm də, söz verdim ki, saytımız balansı qoruyacaq, birtərəfli kampaniya təşkil etməyəcək. Bundan sonra A.İsmayılovun brifinqdə dediklərini qarşı tərəfin cavabları ilə birlikdə yayımladıq”.

A.İsmayılovun bundan sonrakı hərəkətləri cığal adamın hərəkətlərini xatırladıb. Vəkil, diqqəti erməni məsələsindən yayındırmaq, “AzPolitika”nı bu mövzudan çəkindirmək üçün təzyiq yolunu tutub. “Sözügedən yazını “Facebook” səhifəmizdən də paylaşdıq və daha yaxşı oxunsun deyə bir neçə dollarlıq reklama da qoyduq. Aslan İsmayılov bunu əsas tutaraq yazının altında “AzPolitika”nı sifariş almaqda, hətta reketlikdə ittiham etdi. Telefon təhdidindən sonra bu, A.İsmayılovun “AzPolitika”nı ikinci şantaj cəhdi idi. Mən buna təəccüblənmədim. Çünki yaxşı bilirəm ki, A.İsmayılov əksər hallarda bir vəkil kimi işini əsasən KİV-lər və “Facebook” üzərindən qurmaqla məqsədinə nail olur. Onun vəkilliyi ancaq bundan ibarətdir. Məhz bu yolla qarşı tərəfi – hansısa məmuru, iş adamını, məhkəməni-polisi və digərlərini, təzyiq altında saxlayır, bəzən hətta onları mənəvi terrora da məruz qoyur. Çox təəssüf edirəm ki, bəzi hallarda mən “AzPolitika”nın da Aslan İsmayılovun əlində rupora çevrilməsinə imkan vermişəm. Bu dəfə o, daha da irəli gedərək, bizim özümüzü təhdid etmək istədi”.

Oskayanın imzası…

Bəs A.İsmayılovun bu isterikasının səbəbi nədir? “Emre Piliç” şirkətinin iki səhmdarının erməni olması faktının qabardılmasına niyə belə aqressiz reaksiya verir? Axı “AzPolitika” bu şirkətlə M.Həsənovun məhkəmə çəkişməsinə ümumiyyətlə toxunmamışdı. E.Məhərrəmli deyir ki, “Emre Piliç” şirkətinin ermənilərə bağlılığı məsələsinin qabardılması bir tərəfdən A.İsmayılovun maddi maraqlarına toxunub, o, bu işə görə yüksək qonorar alacaq, digər tərəfdən onun “vətənpərvərliyi” şübhə altına düşdüyünə görə vəkil bu qədər qəzəblidir. “A.İsmayılov böyük qonorar müqabilində erməni səhmdarlardan xəbərdar ola-ola bu şirkətlə müqavilə bağlayıb. İndi bunu danmağa çalışır. Deyir ki, müqavilə bağlayanda erməni səhmdarların olmasından məlumatlı olmayıb. Bu, mümkün deyildi. Özü iddia edir ki, 3 aylıq dərin araşdırmalardan sonra müqavilə bağlayıb. Necə ola bilər ki, o, dərin araşdırma aparsın və “Emre Piliç”in imza yetkisinin olduğu 2 şəxsdən (Ömür Oral və Oskayan) birinin erməni olduğunu bilməsin. A.İsmayılovla notarial qaydada müqavilə bağlayan 2 nəfərdən biri ermənidir. Bunu rəsmi sənəd sübut edir (Aşağıda həmin sənədin fotosurəti verilir-red). İndi bu faktlar üzə çıxıb, A.İsmayılov erməniyə vəkillik etməsini əsaslandıra bilmədiyindən sağa-sola təhdidlər yağdırır. A.İsmayılov Sumqayıt hadisələri haqda kitab yazmış birisidir. Bu kitabı o, xalqa böyük xidməti kimi qələmə verir və hər fürsətdə onu gözə soxur. İndi sual olunur: Sumqayıt hadisələri haqda kitab yazmış bir adamı nə vadar edir ki, erməni ilə müqavilə bağlasın, ona vəkillik etsin? Demək ki, bu iki haldan birində A.İsmayılov səmimi deyil”.

oskayan

Baş redaktor deyir ki, yarıerməni şirkəti ilə müqavilə bağlayıb, ona vəkillik etməsi azmış kimi, A.İsmayılov bu barədə yazan saytları, eyni zamanda qarşı tərəfi rəsmən psixoloji terrora məruz qoyur. “A.İsmayılov görüntü yaratmaq istəyir ki, sanki biz, borc məsələsində tərəf tuturuq və kiminsə öz borcunu verməməsinə haqq qazandırırıq. Bu, böhtandır! Sayt bu məsələdə hakim rolunu oynaya bilməz. Belə məsələlər məhkəmədə həll olunur. Kimin-kimə borcu var, bunun bizə qəti aidiyyatı yoxdur”.

İlyas İsmayılovu satan adam…

Aslan İsmayılovun yarıerməni şirkətini belə canfəşanlıqla müdafiə etməsinin, hətta hər zaman ona tribuna vermiş sayta böhtan atmaqdan belə çəkinməməsinin tək bir səbəbi var ki, o da puldur. Yenə ortada böyük pullar olduğu üçün vəkil bütün cizgiləri tapdalayır. “Zülfüqarlılardan Oskayana, Bozaçıyanadək, harda böyük məbləğli mübahisələr var, Aslan İsmayılov ordadır. Hələ onun bir yetimdən, kasıbdan ötrü ortaya çıxdığını, ona vəkillik etdiyini görməmişik. A.İsmayılov pula görə ona atalıq etmiş bir şəxsi – İlyas İsmayılovu “Kaşelyok” ləqəbli bir şəxsə satmış adamdır! Bunu çoxları bilir. İ.İsmayılov kimi bir şəxsiyyəti satmış adamın “AzPolitika”ya qarşı nankorluq etməsi normaldır. Onu biz jurnalistlər bu qədər şişirtmişik. Hətta o qədər şişirtdik ki, bir vaxtlar Prezidentin qəbuluna qədər gedib çıxa bildi. Ona bu hörmət-izzəti göstərdilər. Lakin necə deyərlər, əqrəb əqrəbliyini tərgidə bilmədi – bu görüşdən sonra Prezidentə mədhiyyələr danışsa da, yenə də “mən belə dedim”, “mən elə dedim”, “mənə belə təsir bağışladı” kimi mən-mənlərlə bütün sərhədləri tapdadı. Belə görünür ki, heç sonrakı illərdə üzləşdiyi “Daanov dərsindən” də naticə çıxarmayıb. Bu dərs ona şantajçı hərəkətlərdən əl çəkməsi üçün verilmişdi…”

Rasim ƏLİYEV
AzPolitika.info

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın