Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Cəmiyyət / İlham Əliyevin “siyasi formatlarsız enerji” çağırışı

İlham Əliyevin “siyasi formatlarsız enerji” çağırışı

Məlum olduğu kimi, Bakı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildiyi tədbirə ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də toplantıya qatılıb.
Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışaraq, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib.
Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlət başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin “Cənub Qaz Dəhlizi”nin reallaşmasında mühüm rol oynadığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, – deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirməklə, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyərək, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyərək, “Trans-Adriatik” layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, – deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.
İlham Əliyevin enerji əməkdaşlığı sahəsində siyasi tələbin olmaması ilə bağlı irəli sürdüyü tezis dünya dövlətləri tərəfindən tam qəbul olunarsa, bunun enerji layihələrinin perspektivinə nə kimi təsiri olacaq?

Politoloq Qabil Hüseynlinin fikrincə, Prezidentin ifadə etdiyi narahatlıq bu gün mövcuddur:

“Bilirsiniz ki, dünya ölkələrinin heç də hamısı təbii ehtiyatlarla zəngin deyil. Xüsusilə də enerji daşıyıcılarına olan tələbat ölkələri uyğun əməkdaşlıq formatlarını axtarmağa vadar edir. Bu sərvətlərə malik olan ölkələr isə öz sərvətlərini kiməsə satmaq üçün mütləq mənada hansısa dövlətlərlə razılığa gəlməlidir. Bura həmin yataqların istismarına ayrılan xərcdən tutmuş, nəqllə bağlı infrastruktur layihələrinin reallaşmasına kimi məsələni aid edə bilərik. Sırf iqtisadi məsələyə aid olan bu kimi hadisələrə təəssüflər olsun ki, çox vaxt siyasi çalarlar da qatırlar. Məsələn, biz Rusiyanın nümunəsində bunu görmüşük. Aralarındakı vəziyyət pisləşən kimi, Rusiya bəzi dövlətləri qaz şantajı ilə üz-üzə qoydu. Həmçinin hansısa ölkəyə kiməsə neftin və ya qazım satılması ilə bağlı təzyiqlərin olunmasına da rast gəlinir. Başqa bir misal da çəkə bilərəm. Rusiya ilə Türkiyə arasında böyük bir layihə razılaşdırılmışdı.
Rusiya öz qazını “Türk axını” adlanan layihə vasitəsilə dünya bazarına çıxarmağı düşünürdü. Lakin Suriya məsələsində tərəflər arasında yaranan fikir ayrılığı həmin layihəni birdəfəlik dəfn etdi. Təbii ki, İlham Əliyevin irəli sürdüyü tezisə əməl olunarsa, enerji layihələri iqtisadi cəhətdən daha perspektivli və uzunömürlü olar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Şuşada Vaqifin heykəlini tapa bimədim” – Şöbə müdiri

“Şuşa tarixi abidələr şəhəridir. 39 ildən sonra ölkə başçımızın məhz yanvarın 14-də Şuşaya getməsi və …

Bir cavab yazın