Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Cəmiyyət / “İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

“İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

Şair Məmməd İsmayıl şeirlərinin birində “bir bizim ömrümüz var, bir də ki taleyin ömrü”, deyir. O, taleyin, qədərin ömrünü yaşayıb. Tale onu elə yollardan aparıb ki, zamandan-zamana adladıqca bu yollardakı sehr, xeyir-dua və gücün ancaq qədər işi olduğuna inanıb.

Eyni zamanda, mübarizlik üstündə köklənmiş şeirlərini oxuyanda düşünürsən ki, bəlkə də o, şüuraltı olaraq taleyi özünə təslim edib. Mübarizliyi və azman söz- sənət-yaşam enerjisiylə özünü uğura kökləyib.

Böyük şairlə görüşümüz onun Bakıya hələ ki son gəlişinə təsadüf etdi. İndiyə qədər əsrarəngiz poeziyasından tanıdığım Məmməd İsmayılın həyatda da adi insan olmadığı duyulurdu. Hər sözündə, hər kəlməsində mənaların alt qatlarından soraq gətirən, olayları sözün köynəyindən keçirən bu nurani adam yaddaşın özü idi. “82 ilin hesabatını vermək sizə zarafat gəlməsin”, deyən şair bir məqamda Əsrik kəndində atasızlıq ağrısını yaşayan balaca oğlan, bir məqamda Bakıya böyük arzularla gələn ümidli gənc, bir məqamda milli kimliyinə sahib çıxan azadlıq aşiqi, bir məqamda qürbətdə sanki yenidən doğulan elm adamı idi. Və hər zaman mərhələsinin, hər tale sınağının yolu Əlahəzrət sözdən keçirdi…

“İki talesiz insanın oğluyam mən”
“İki qədərsiz insanın oğluyam mən. Anam dünyanın ən gözəl qadınlarından biriydi. Ümumiyyətlə, analar dünyanın ən gözəl qadınlarıdır. Dünyaya bətnlərindən canlı varlıqlar verən insanlar gözəl olmaya bilərmi? Həvva nənəmizdən bu yana bütün qadınlar yaşayırlar. Onlar sabaha doğru insanlıq estafetinin daşıyıcılarıdır. Mənim anam çox fərqli ana idi. Yar-yaraşıqda, hər yönüylə çox fərqli idi.
Mənim anam olmamışdan əvvəl o, iki dəfə ərə gedib. Birinci evliliyindən uşağı olmayıb. Qayınanası «Barsız söyüd ağacı bizim nəyimizə lazımdır? Biz belə bir gəlini saxlaya bilmərik», – deyib. Halbuki ömür-gün yoldaşı ondan ayrılmaq istəmirmiş. Anam bu tənələrə dözməyib atası evinə dönüb. Hələ çox gəncdi, 19-20 yaşlarında. İkinci dəfə ərə gedib. Yenə yağmayıb yağış, bitməyib qamış. Anamın yenə də övladı olmayıb. Yenə kor-peşman geri qayıdıb ata yurduna. Atam isə kəndin ən dəliqanlı oğlu olub. Az-çox cəsarətim varsa, o da atamdan gəlir.
İki dəfə həbs həyatı yaşayıb, bir dəfə namus üstündə adam öldürüb, sonra ikinci adamın da ölümünü ona yozublar. Həbsə girməmişdən əvvəl evlənmiş və bir qızı olmuşdu – mənim Gülgəz adlı dünya gözəli bacım. Amma könül fərman dinləməz. Atam həbsxanaya gedəndə son qərarını deyib: “İndiyə qədər həyat yoldaşımdın, innən sonra isə bacımsan. Sənnən mənimki tutmaz”. Uzun sözün qısası, ayrılıblar.
Atam həbsxanadan qayıdandan sonra anamı görüb sevib. Məktub yazıb, bibimlə yollayıb. Anam “Bu nə məktubdir?” deyə soruşanda bibim: “Onu oxuyan bilər, Mürşiddəndir”, – deyib. Anam məktubu götürməyib.
Bir az vaxt keçib, ot biçini vaxtı mənim gələcək atam bir meşə yolunda kərəntisini cığırın üstünə qoyaraq anamın önünü kəsib. Anam da deyib ki, ay qardaş, dost var, düşmən var, görən olar, pis yerə yozarlar, çəkil önümdən.
«Mən sənə məktub göndərmişdim, niyə cavab vermədin? Bilmirsənmi o məktubda nə yazmışdım? Mən səninlə evlənmək istəyirəm”, – atam deyib.Anam «Mən barsız söyüd ağacıyam. Məndən sənə nə yar olar nə yoldaş”, deyərək ötüb keçmək istəyib.
Amma atam “öldü var, döndü yoxdur” deyə israr edib. “Allah istəyəndə barsız söyüd ağacı da bar verir. Sən hardan bilirsən mən xoşbəxtəm? İki nakam tale birləşsə, bəlkə Allah mənim üzümə barsız söyüd ağacına da bar verdirər”, – deyib.
Evləniblər, 9 ay 9 gün 9 saatdan sonra dünyaya bir oğlan (mən) gəlib. 
İki dağın arasında – Qızıl qaya ilə Kəmər qayanın arasındakı əsrarəngiz kənddə keçib uşaqlığım. 
Sanki qayalar daş ovuclarını açıblar və birdən-birə “donun” deyə əmr gəlib. Və eləcə donublar. Səhər günəş qızıl Qayanın başından kərtir, günortaya doğru getdikcə gecə köynəyi qızıl qayanın əynindən soyundurur, sonra yavaş-yavaş Kəmərə doğru gedir. Solda Qızıl qaya- günəşin doğuşu, sağda Kəmər qaya – günəşin batışı. 
Və o Kəmər qayasının başında bir ağac var – Dağdağan. Dağdağan müqəddəs ağacdır, onun oduncağından kəsib körpələr üçün gözmuncuğu düzəldirlər. Bəs niyə ağlıma gəldi bu yaşda,
Qədim yuvasıymış ürək də qanın.Ayağı daşdadır, başı savaşda
Mənim güvəndiyim tək dağdağanım, – belə bir şeirim var. Hətta Macarıstanda çıxan ədəbiyyat dərgisində mənimlə bağlı məqalənin başlığı belə də getmişdi: “Ayağı daşdadı, başı savaşda”. Sonra snoskada tərcüməsini vermişdilər. 
Daşanda çal-çamır, qıjhaqıj qopar,Gedən dəhnələrdən selinti tapar.Tərlanlar şığıyar, atlılar çapar,İgidlər yurdudur qaşı Əsriyin, – deyib Azaflı Mikayıl. 
Belə bir deyim var: “Hər kənddən bir dəli, Əsrikdən isə əlinə kim keçsə, gətir”. Koroğlu dəlilərindən, dəliqanlılardan söhbət gedir. Təsəvvür edin ki, kəndin ən balacaboylusu mən idim… Kənd evləri qulağını Əsrik çayına tutub, orda bir nəğmə səslənir və hər evdə – o daxmaların hər birində saz gümüldəyirdi. Bizim kənddə saz çalmayan adam yoxdu. Aşıqlar bizim kəndə qorxa-qorxa gəlirdilər. Hətta belə bir şeirim vardı: 
Bir atlı qasid göndərin yuxarı Əsrik-Cırdaxana,Orda mərd igidlər çoxdur bəlkə tez tapa yaylığı… İki nakam insanın enerjisi mənə ötürülüb
Əmim həm söz düzüb-qoşar, həm də saz çalardı. O, mən 4 yaşında olanda dünyasını dəyişdi və mən yəqin bilirəm ki, onun qan yaddaşından gələn enerjisi mənə verilib. Bir də dünyadan nakam köçənlər öz ömürlərini kiməsə verə bilirlər, bağışlaya bilirlər. İki əmim ömrünü mənə bağışlayıb. Yoxsa o cür sınaqlardan, xəstəliklərdən keçə-keçə 82 yaşa gəlib çıxmaq mümkünsüzdür. Blokun bir sözü var: “Şairin karyerası yox, qədəri var”. Mən qədər şairiyəm. Əmim öləndə hardasa 50 yaşı olardı, saçları çallaşmışdı. Xatırlayıram ki, bir taxtın üstündə uzanmışdı. Oğluna dedi ki:
– Ay qara oğlu, ölürəm gəl.
Oğlu yaxın gəlmədi, qapıdan çıxıb getdi. Qızının adı Şövkətdi. Şövkəti çağırdı. Sonra mənə dedi:
– Ay qardaş, ölürəm gəl. 
Mənə “qardaş” deyirdi, çünki qardaşı müharibəyə gedib gəlməmişdi. Mən yetim böyüyürdüm. Uzun sözün qısası, gəldim çıxdım taxta. “Əyil”, – dedi, əyildim, tənbəki qoxan nəfəsiylə o üzümdən bu üzümdən öpdü. Dedi, “əgər səni atan müharibəyə getməsəydi, mən getmiş olsaydım, o mənim övladlarıma da atalıq edərdi, sənə də atalıq edərdi. Amma mən bacarmadım. Mən gedirəm, bunların hamısını sənə tapşırıram”. 
Doğrudan da sonradan o nəslin sahibi mən oldum.
Böyük kəndin ən balaca şairi
Mən şeir yazmağa başlayanda məni dolayırdılar ki, Gülzarın oğlu da şair düşüb, rayon qəzetinə şeir göndərir. Nə üçün gülürdülər? Çünki biz hamımız şeir yazırdıq. Həqiqətən kənddə şeir yazmayan adam yox idi. Sevgilərini şeirlə bildirərdilər. İndi də elədir. Yəni şeirlə heç kimi təəccübləndirmək mümkün deyildi.Bir əmim vardı – Rəhim kişi. Uzun qış gecələrində bir uzun cürəsi vardı, elə hədislər, elə nağıllar danışardı ki, sanki qədərin, taleyin özü göndərmişdi ki, burda bir yetim böyüyür, duyğularıyla, hissləriylə baş başadır, içindəki duyğularla bacara bilmir. Sonra mən o nağılların bəzilərini uşaq poeması kimi yazdım, hamı heyrət içində idi. Moskvada uşaq ədəbiyyatı silsiləsindən kitabım çap olunandan sonra bir tənqidçi yazmışdı ki, anlaya bilmirəm, bu süjeti şair hardan tapıb?
Harda başlanğıc varsa, orda davamiyyət var. Mənim az-çox uğurlarımın başlanğıcı o kəndin sazlı-sözlü havasıdı.
Şeir dəftəri unuduldu, amma taledə şair olmaq vardı
Orta məktəbi yaxşı oxumuşam. Xüsusilə humanitar sahədə bütün fənlərdən 5 alırdım. Orta məktəbdə oxuyarkən məqalələrim “Azərbaycan pioneri” jurnalında dərc edilirdi. Günlərin bir günü mənə məktub gəldi. Rayon qəzetinin nəzdində ədəbiyyat dərnəyi təşkil olunmuşdu, məni də o dərnəyə dəvət edirdilər. Hardasa 16 yaşım olardı. Sevincimin həddi yox idi. Anam məktubu öpüb gözünə qoydu ki, Allah sənə şükür, mənim yetim oğlum da bir yana çıxacaq.
22 yaşından dul qalan anam gözünü mənə dikmişdi, deyirdi ki, o mənim həm oğlumdu, həm qardaşımdı, həm bacımdı, həm anamdı, həm atamdı. Doğrudan da toxum kimi o çürüdü, mən göyərdim…
Dərnəyə getməyə hazırlaşdıq. O zaman da bizim kəndimizdən maşın keçmirdi, qar dizəcən çıxırdı, yollar palçıq… getmək mümkün deyildi, hərdən bir ot maşını odun gətirməyə gedirdi meşələrə… Bizim kəndimiz meşələrə dirənib. Tovuzun ən gözəl kəndidir bizim kəndimiz. 
Dağlar arasında bir ulu kənd var,Uca zirvələri xaldır Tovuzda.Mənə döşlərindən ilham içirənƏsriyin suları baldır Tovuzda.
Anam səhər məni oyatdı ki, anan ölsün, maşın gəlib, dur hazırlaş. Köhnə ləyəni qoymuşdu köhnə odun peçinin üstünə. O vaxt çaynik-filan nə gəzirdi. Qara bir daxmaydı. Daxmanın yuxarı tərəfində də rəhmətlik əmim bir baca açıb qalın şüşə taxmışdı, gündüzlər günəşin işığı düşürdü, gecələr ayın. Və bir şüa, bir baxış kimi düşürdü… Anamın hördüyü yun köynəyi geydim, tələsik çıxdıq yola. Odun maşını əvvəl saxlamaq istəmədi, sonra əyləci basdı. Bəlkə də əyləci basan sürücünün ayaqları deyildi, qədərin, taleyin ayaqlarıydı, kim bilir… Maşının təkərləri qarın üstündə iz sala-sala dayandı. Kabində yer yoxuydu, mən çıxdım odunun üstünə. Maşın gedirdi, ardınca baxan anamın dodaqları qımıldayırdı, ilk dəfə səfərə çıxan oğluna dua oxuyurdu yəqin ki.
Hə, mənim ilk səfərim ordan başlayır. Getdim rayon mərkəzinə. Soruşa- soruşa rayon qəzeti redaksiyasını tapdım. Bir də baxdım ki, şeir dəftərimi unudub evdə qoymuşam. Öz-özümə dedim ki, görünür, məndən şair-filan olmayacaq, bu qədərin işidir. Rayon qəzetinin redaktoru bizim kənddən idi, amma məni tanımırdı, kənddən çoxdan çıxmışdı. Dedi, ə ay əsrikli, nə qurcuxursan orda. Mən də başımı saldım aşağı, dedim, şeir dəftərimi evdə qoymuşam. Dedi, otur, ağlında nə qalıbsa kağıza yaz. Kağız-qələm gətirdilər, amma yadımda nə qalacaqdı ki? Həm o zaman mənim nə şeirim olacaqdı ki? 
Aradan bir saat, iki saat keçdi, qapı döyülməyə başladı. Redaktor zarafatla dedi ki, bu gələn ən ağırtaxtalı şairdi. Həmişə gec gələnlər ağırtaxtalı olur. Şaxtanın təsirindən pəncərə şüşələri buz bağlamışdı, sanki onlara da soyuq dəymişdi… Qapı yavaş-yavaş cırıltıyla açıldı. Qapıdan kimin başı göründü, bilirsizmi? Oğlunun ilk uğuru daşa dönməsin deyə, əlində şeir dəftəri, 16-17 kilometr yolu maşının arxasınca pay-piyada qaça-qaça gələn anamın… 
İnstituta daxil olmaq üçün pul verdik…
Orta məktəbi bitirdim, instituta daxil olmaq, jurnalist olmaq istəyirdim. Böyük arzularım vardı. Mənə elə gəlirdi ki, Bakı məni günəş pilləkənlərlə qarşılayacaq. Xəzər məni görəndə heyran qalacaq.
Doğma obasından mənəm acıxan,Düşdüm özgələrin saldığı izə;Orda yollarımın üstünə çıxanBir namərd şair də vardı… nə isə…
O namərd şair bizim kənddən olan birisiydi, indi həyatda yoxdur, odur ki, adını çəkmək istəmirəm. Kəndə gəlib dedi ki, Bakıda instituta pulsuz qəbul olmaq mümkün deyil. Anamın döymədiyi qapı qalmadı, tumanını əlində dəstələyib ora getdi, bura getdi – deyiləsi dərd deyil. Hardansa o vaxtın puluyla 700 manat tapdı, bu namərdə verdik. Mənimlə birlikdə on uşaq apardı şəhərə. Sənədlərimizi APİ-yə vermişdi. Hamımız kəsildik. Mən 3 imtahandan keçmişdim, rus dilindən qiymət ala bilmədim. Sonralar rus dili baryerini aşmaq üçün uzaq məmləkətə gedəcəkdim… Yazıq anam gözünü yola dikib oğlunun şad xəbərini gözləyirdi, mən suyu süzülə-süzülə qayıtdım kəndə. Artıq kənddə qala bilməzdim. Üç aydan sonra bir əmioğlumdan 3 manat borc alıb Bakıya fəhləliyə gəldim. Əllərim fəhləliyə alışmamışdı. Bəzən bilərəkdən arabaya iki kubikin yerinə altı kubik qoyurdular, mən onda deyirdim ki, gün gələcək, siz mənim kim olduğumu biləcəksiniz. Orda divara adımın baş hərflərini yazmışdım: M. İ.
Müəlliməyə sevgi şeiri oxudum
Sonra universitetin kitabxanaçılıq fakültəsinə qiyabi daxil oldum. Qəbula düşmüş Mircəlal Paşayevin də qiymət almağımda rolu vardı. Ədəbiyyat yazılıdan 3 almışdım, şifahiyə girdim, biletə Vaqifin “Görmədim” müxəmməsi düşmüşdü.
Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim,Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Əzbərdən dedim. Müəllimlərdən biri dedi ki, sən şeiri lap şair kimi oxuyursan. Dedim, müəllim, mən şairəm də. “Ola bilməz” dedilər. İmtahan götürənlərin arasında bir cavan gözəl müəllimə vardı, dedilər, bu xanıma şeir oxuya bilərsənmi? Dedim, niyə oxumuram?! Bir sevgi şeirim vardı, onu oxudum. Zarafatla dedilər ki, utanmırsanmı gözümüzün qabağında müəllimə eşq elan edirsən? Başımı saldım aşağı.
Sonrakı sual cümlə təhlili idi. 5 yazdılar mənə. Qapıdan çıxanda soruşdular ki, başqa hansı imtahanın qalıb? Dedim, tarix. Dedilər, bilirsənmi? Dedim, bilirəm, amma adamın dayısı olmayandan sonra… Dedilər, ay uşaq, sənə dayına görəmi 5 verdik? Və tapşırdılar məni. Belə insanlar vardı… İki 5, bir 3-lə daxil oldum.
Beləliklə, Bakıyla kənd arasındakı körpü tamamlanmış oldu. 
Moskvada imperiyanın çökəcəyini anladım
Nağıllarımızdakı ağ atlı oğlanlar var ha, bax o ağ atlı oğlanlar həyatda da var. Mənim qarşıma Nəbi Xəzri kimi, Namiq Abdullayev kimi adamlar çıxdı. Mənə dəstək oldular. “Qızıl qələm” mükafatı aldım. Evləndim, ailə qurdum. Amma içimdə təhsilimi davam etdirmək istəyi vardı. Moskvaya, ədəbiyyat kursuna getmək istəyirdim. İki ildən, üç ildən bir Moskvaya Qorki institutuna göndərirdilər. Bacardığım qədər haqqımı müdafiə etdim. Məktub gəldi ki, Ali Ədəbiyyat institutuna qəbul edilmişəm. 
Bir qızım dünyaya gəlmişdi, ikinci qızım da yoldaydı. Ev-eşik yoxdu, kirayədə qalırıq, çox çətinlik çəkirdik. Yoldaşım Moskvaya getmə xəbərini narahatlıqla qarşıladı. Dedim ki, mən taleyimi bilirəm. Gedəcəyəm, bütün uğurlar ordan başlayacaq.
Moskva mənim üçün fiziki anlamda bəlkə də uğurlu olmadı, amma mənəvi anlamda həddindən artıq uğurlu oldu. Mən orda siyahıya aldığım çoxsaylı kitabları hardasa 2-3 il əvvəl oxuyub bitirmişəm. Ömrünün 25 ilini kənddə yaşamış bir adam bu kitablardan harda xəbər tuta bilərdi? 
Mən Moskvada oxuyanda Sovet İttifaqının çökəcəyini hər kəsdən daha yaxşı bilirdim. Bizim estetika müəllimimiz vardı, deyirdi, Leninsiz leninizm İsa peyğəmbərsiz xristianlıq kimidir. Təsəvvür edirsiz, hələ 1973-cü ildə!
Mən burdan Moskvaya başqa bir Məmməd İsmayıl kimi getmişdim, dönərkən tamam başqa bir Məmməd İsmayıldım, hətta belə bir şeir də yazmışdım:Moskva dünyanın diqqət mərkəzi
Moskva dünyanın… Bəs Bakı?—Şərqin.Diqqət mərkəzində olmaq istərəm,Diqqət mərkəzində hər saat, hər gün…
Moskva elə bir yerdir ki, orda həqiqətlə yalan, gerçəkliklə xəyal çulğalaşır… Moskvaya getməsəydim, yəqin ki nail olduğumlarımı əldə edə bilməyəcəkdim.
O cavan şairə ev verin
O vaxta qədər də Mərkəzi Komitəni ərizələrimlə təngə gətirmişdim. Yazırdım ki, atam müharibəyə gedib gəlməyib, evin tək oğluyam, mənə ev düşməlidir, niyə mənə ev vermirsiz? Yazıçılar İttifaqına, Mirzə İbrahimova yazmışdım ki, Bakıda mənə bir çətir verin, altına ailəmi yığım. Sabaha-birigünə saxlayırdılar, konkret bir şey yox idi. Moskvadan yenicə qayıtmışdım, Nahid Hacıyev qonorar yazmaq üçün şeirlərimi “Poeziya dəqiqələri” verilişinə saldı. Sabahısı gün dedilər, Mirzə İbrahimov səni axtarır. Getdim yanına, dedi Məmməd, siz ailədə 4 adamsız, əslində sizə üçotaqlı mənzil düşür, amma indi bizdə bircə ikiotaqlı qalıb. Təəccübləndim, dedim, Mirzə müəllim, mən sizdən bir çətir istəmişdim, sizsə mənə mənzil verirsiniz, bu nə məsələdir? Dedi, dünən radioda şeirlərin səslənəndə Mərkəzi Komitədən təsadüfən qulaq asıblar, bəyəniblər, zəng edib tapşırıblar ki, o cavan şairə ev verilsin.
Niyə ermənini çap edirsiz, azərbaycanlını yox?
Mənim çox vaxt arzularımla imkanlarım üst-üstə düşməyib. Xoşbəxtliyim o idi ki, Moskvada vaxtından əvvəl tanınmağa başladım. O illərdə Azərbaycan şairləri içərisində ən çox mənim şeirlərim çap olunurdu. Xüsusilə “Literaturnaya qazeta”da. Çünki mən haqqımı tələb edirdim. Bir dəfə poemam çap edilməliydi, amma ilişib qalmışdı, redaksiyadan demişdilər ki, biz poema çap etmirik. Mən qəzetin baş redaktorunun müavini Krivitskinin qəbuluna getdim. Katibə qəbula yazılanların arasında adımı tapmadı, dedi ki, Krivitski sizi qəbul etməyəcək. Birbaşa keçdim içəri. Dedim ki, sizin məni qəbul etməməyə ixtiyarınız yoxdur. Yazıçılar İttifaqının bir ucu sizsinizsə, bir ucu da mənəm. Niyə belorusu, gürcünü, hətta Allahın ermənisini də birinci növbədə çap edirsiz, amma biz azərbaycanlıların əsərlərini kiçik şriftlərə səhifənin küncünə salırsız. Bəxtiyar Vahabzadənin şeirlərini solğun bir fotoyla qəzetin alt küncünə sıxışdırmısız. Əl atdı stolunun siyirməsinə, dedi, o bizdən narazı ola bilməz, şeirlərini çap etdiyimiz üçün bizə təşəkkür teleqramı vurub. Dedim, görün siz Azərbaycan şairlərinə necə pis münasibət göstərirsiniz ki, onlar aza qane olaraq sizə təşəkkür ünvanlayırlar. Halbuki Bəxtiyar Vahabzadənin haqqıdır ki, səhifənin ən başında çap olunsun. Dediklərimin təsiri oldu, ondan sonra Azərbaycan şairlərinin şeirlərini daha gözəgəlimli yerdə dərc edirdilər.Bütün bunları Mərkəzi Komitədə görürdülər, haqqımda müsbət fikir formalaşırdı. “İşıq” nəşriyyatına direktor təyin olunmağım da bu təsirdən qaynaqlanırdı.
Sovet dövründə jurnalında Azərbaycan bayrağını ucaldan baş redaktor
1988-ci ildə mənə iki dildə çıxacaq olan “Gənclik” jurnalına baş redaktor olmaq təklif ediləndə “İşıq” nəşriyyatının direktoruydum. Dərhal razılıq verdim. Halbuki “İşıq” nəşriyyatında ildə 250 kitab çap olunurdu. Mərkəzi Komitədə məni Əfrahim Daşdəmirov qəbul etdi, dedi, sən yaxşı fikirləşmisən? Nəşriyyatı, mətbəəsi, büdcəsi olmayan, özü-özünü maliyyələşdirəcək bir yerə gedirsən. Dedim, Əfrahim müəllim, ilk dəfədir arzularımla imkanlarım üst üstə düşür. Mən “Gənclik” jurnalına bir şərtlə gedirəm ki, orda istədiyim kimi bir jurnal çıxaracağam.
Neçə yerdən zəng edildi, “o şairi, bu qələm adamını işı götür”, dedilər, dedim, elə şey yoxdur. 26 ştatlıq qəzetə yalnız 8 adam götürdüm. Və kimlər idi onlar? Məti Osmanoğlu, Səfər Alışarlı, Hüseyn Əfəndi, Sabir Sarvan… Onların imzaları hələ yenicə tanınmağa başlayırdı. Və biz birinci nömrədən başlayaraq milli məsələləri, Qarabağ hadisələrini işıqlandırmağa başladıq. 
Dağlıq Qarabağ hadisələrinin pik vaxtında Azərbaycan mətbuatını susdurmaq üçün görəvləndirilmiş bəlkə KQB-nin, bəlkə Sovet ordusunun hərbi senzoru general Aleksandrov 20 Yanvar qırğınından sonra Bakıya gəldi. Senzura idarəsinin rəisi mənə zəng etdi ki, Aleksandrov Qarabağ adını çəkməyə icazə vermir, jurnalın çapına qadağa qoyub. İsa İsmayılzadə gündəliyində yazıb bunları, sözümdə zərrə qədər yalan yoxdur… Aleksandrovla danışmağa getdim, sonra Abbas Abdulla və İsa İsmayılzadə də gəldi. Dedim: “Siz nə haqla bizə qadağa qoyursunuz? Niyə “Oqonyok” jurnalı istədiyi hər şeyi çap edə bilər, amma bizim qəzet-jurnallar yox? Məgər biz müstəmləkəyik? Jurnalımızın üç yüz min abunəçisi var, əgər qadağanı götürməsəniz, sabah üç yüz də olmasa, azı otuz min adam yığışacaq bura”.
Aleksandrov dedi, qadağanı götürürəm, jurnalı çap edə bilərsiniz, artıq məsuliyyət sizindir, mən nə sizi görmüşəm, nə də jurnalı.
Bütün bunları mən iradəm hesabına edə bildim. Mən ailəmi, övladlarımı düşünmədim, axı keçən əsrin əvvəllərində Mirzə Cəlillər, Sabirlər, Məmməd Əmin Rəsulzadələr də öz canları-qanları bahasına bunu eləmişdilər. “Gənclik” jurnalında ucalan yalnız bayraq deyildi ki. Bayrağın fonunda Arif Nihat Asyanın hətta Türkiyədə də bir müddət qadağan olunmuş şeirini dərc etmişdik:
“Yer göstər, səni yer üzünə dikəyim”.
“Gənclik” jurnalı əl altından satılırdı. Nəyə görə? Çünki ilk səhifədən son səhifəyə qədər milli düşüncə üstündə köklənirdi. İçində elə faktlara yer verilirdi ki, səsi-sədası partiya komitəsindən təhdidlər gətirirdi. “Gənclik” jurnalı Azərbaycan tarixinin böyük bir mərhələsidir.
Çanaqqala taleyimdə böyük rol oynadı
1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində çalışıram. Mən Çanaqqalaya getməmişdən qabaq çox çətin bir dönəmdən keçdim. Televiziya sədrliyindən istefa verib getdikdən sonra üç il kənddə qaldım. Bellə yer qazdım, kartof əkdim. Əllərim qabar-qabar idi. Atamın, anamın ruhunu sevindirməyə getmişdim, çıraqları başacan yansın deyə. Amma bir vaxtlar kömək etdiyim sağ qonşum, sol qonşum mənə dil uzatmağa başladılar. Mənim uzaqda olmağımdan istifadə edib çəpəri bir az saga-sola çəkmişdilər. Dedim ki, indiyə kimi burda Məmməd İsmayıl idim və sizin hamınıza da kömək eləmişdim. Mən gedəcəyəm və yenə Məmməd İsmayıl olaraq dönəcəyəm.
Üstəlik, maddi problemlərim vardı. Türkiyəyə üz tutdum. Orda məni tanıyanlar, sevənlər vardı. TRT-də işə düzəlməyi düşünürdüm. O aralar Türkiyədə aşıq şöləni keçirilirdi. Mən də “Dədə Qorqud dastanıyla Koroğlu dastanı arasındakı bağlar və fərqli yönlər”lə bağlı bir mühazirə oxudum. Kürsüdən enəndə balacaboylu bir adam yaxınlaşdı, dedi, hocam, siz hansı universitetdə çalışırsınız? Dedim, mən universitetdə çalışmıram, yazaram. “Bizim universitetə çalışmağa gələrsinizmi? Bizim universitet yeni açılıb, Çanaqqala 18 Mart Universiteti”. Dedim, olar, niyə də olmasın.  “Hansı diplomlarınız var?” “Bakı Dövlət Universitetini bitirmişəm. Moskvada da ikiillik ədəbiyyat kursunu”. “Moskva diplomunuz varmı?” “Var”. “O zaman tamam”. Mənim bir şeirim vardı, Çanaqqalaya getməmişdən əvvəl yazmışdım: 
İki sahil yaxasıyam,Həsrət-həsrət baxasıyam.Mən Dardanel boğazıyamHər kəs məndən keçib gedər. 
Gözümü açdım ki, mən o şeirin içindən gəlib çıxmışam Çanaqqalaya. Bir vaxtlar Elmlər Akademiyasında başladığım işi davam etdirdim. Elmi dərəcəm olmadığı üçün məni uzman görəvinə aldılar. İki ilin içində tədqiqat işimi yazıb müdafiə etdim. Əvvəl yardımçı dosent, sonra dosent, sonra isə professor dərəcəsini aldım. Hələ də – 81 yaşında – universitetdə çalışmağa davam edirəm, halbuki 67 yaşından sonra orda insanlar təqaüdə çıxarılır. Burda yəqin həm də şairliyin rolu var. Mən Türkiyədə dincəlmədim, əlimi əlimin üstünə qoyub oturmadım, çalışdım, dünyaya açıldım. Dünyanın çeşidli yerlərində mənə mükafatlar verdilər, neçə akademiyanın üzvü seçildim, neçə fəxri doktorluğum var. İndi universitetdə “Məmməd İsmayıl ərmağanı” adlı ikicildlik vida kitabı hazırlanır. Çanaqqala mənim həyatımda çox önəmli mərhələdir və bütün gördüyüm işlərin arxasında da ordakı şəhid ruhları dayanır. Çanaqqala şəhid ruhlarının yeridir. Belə bir şeirim var:
Unutmaq sırası sənəmi düşdü,Unutma öylə bir an gələ bilər.Bu gün şəhidləri unutsaq, işdiSabah bulaqlardan qan gələ bilər.
Adam o torpaqda yeriyəndə bədənində bir çimilləşmə olur. Sanki ayağının altından sənə bir enerji keçir. Və mən borcluyam o şəhidlər şəhərinə də, o şəhidlər diyarına da, çünki türklük orda sınaqdan keçdi, bütün türk dünyasının ayaqda qalmasının əsas səbəblərindən biri də Çanaqqalanın keçilməz olmasıdır. “Çanaqqala içində vurdular məni” türküsünə nəzirə olaraq yazdığım bir şeirim də var:
Yatmışdım yuxuda sәs gәldi: oyan,Ya Tanrı, ya da ki damarımda qan.Dedi: özünә bax, özünә boylan;– Çanaqqala içindә aynalı çarşı…  

Möhtəşəm uğurlar, böyük kədərlər və çətin sınaqlarla dolu tale… Qədərin onu Çanaqqalaya aparması da təsadüfi deyil. Əcdadlarının enerjisini daxilində gəzdirən böyük şair Çanaqqala şəhidlərinin uyuduğu torpaq üzərində yaşayır, çalışır. Çünki onun poeziyası “itirilənlərin poeziyasıdır. İtirilənləri geriyə qaytarmaq poeziyasıdır”…Günel Natiq

Həmçinin oxuyun

Ağdamda məni gözləyən yox idi…

Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz …