Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İğdır və Qarsda millətçilər HDP-yə niyə uduzdu?

İğdır və Qarsda millətçilər HDP-yə niyə uduzdu?

Samir Adıgözəlli: “Çox sağ olun ki, sizin qəzet bu məsələni xüsusi olaraq işıqlandırdı”

“Həmin məfkurənin sərhədlərimizə yetişməsi həm Türkiyəni, həm də bizi ciddi narahat etməlidir”

Türkiyənin İğdır vilayətində HDP-nin iki millət vəkilinin seçilməsindən sonra millət vəkili çıxara bilməyən MHP və CHP üzvləri olan azərbaycanlılar arasında qarşıdurma yaşanıb.
MHP üzvləri olan gənclər səslərin bölünməsi səbəbilə CHP-nin namizədi olan sabiq millət vəkili Adil Aşırıma qarşı sərt mövqe nümayiş etdirib.
Vilayətin polis rəisi evinin qarşısında təhlükəsizlik məqsədilə polis təhkim edərək Aşırıma evdən icazəsiz çıxmamasını tapşırıb.
1995-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilən Aşırım qısa bir müddət sonra partiyasını ataraq başqa bir partiyaya keçmişdi. Daha çox azərbaycanlıların səsinə arxalanan CHP budəfəki seçkilərdə sadəcə 3463 səs toplaya bilib.
İki millət vəkili ilə parlamentdə təmsil olunan İğdır vilayətində seçkilərin qalibi HDP-nin namizədləri Mehmet Emin Adıyamanla Azərbaycan əsilli Kıznas Türkeli olublar.
CHP-nin namizədi Aşırım dünən şəhərdə gedərkən bir jurnalist ona yaxınlaşaraq “Seçkilərdə 25 min səs toplayacağınızı demişdiniz, bəs necə oldu ki, təxminən 3500 səs topladınız?” deyə soruşub. Daha sonra namizədlə jurnalist arasında mübahisə yaranıb. Ətrafda olan MHP üzvləri hadisə yerinə gələrək jurnalistə dəstək olub və Aşırımı azərbaycanlıların səslərini bölməkdə ittiham edib. Oraya toplaşan partiya üzvləri arasında qarşıdurma yaşanmasından sonra hadisə yerinə polis çağırılıb.
Göründüyü kimi, Azərbaycan üçün də strateji sayılan, Ermənistanla həmsərhəd olan bölgələrdə HDP-nin qalib gəlməsi yerli əhali arasında böyük narazılığa səbəb olub. Bunun Azərbaycan üçün hansı zərərləri ola bilər?
Dünya Azərbaycanlıları Konqresinin mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında Türkiyədəki seçkinin nəticələrindən üzüldüyünü bildirdi: “Bu, Türkiyəni istəməyən qüvvələrin həyata keçirdiyi layihənin tərkib hissəsi idi. Artıq həmin qüvvələr öz yarımstrateji hədəflərinə nail olub. Terroristlərin maraqlarını indi qalstuklu millət vəkiləri qoruyacaq. Onların edə bilmədiklərini bunlar etməyə çalışacaq. Xüsusilə də bizimlə həmsərhəd olan İğdır və Qarsdakı nəticələr böyük narahatlıq yaradır.
Bilirsiniz ki, həmin bölgə bir sıra parametrlərinə görə olduqca həssasdır.
Birincisi, həmin ərazilərdə azəri türkləri kompakt yaşayır. İkincisi, ermənilərin ərazi iddia etdiyi bir bölgədir, eyni zamanda, Ermənistanla həmsərhəddir.
Biz seçki dövründə azəri namizədlərə müəyyən dəstəyimizi ifadə etmişdik. Çox sağ olun ki, sizin qəzet bu məsələni xüsusi olaraq işıqlandırdı. Azərbaycan üçün narahatedici məqam ondan ibarətdir ki, HDP Ermənistanla sərhədlərin açılmasını istəyir, “soyqırım”ın tanınmasını tələb edir və ermənilərin ürəyincə olan tələblər irəli sürür. Həmin məfkurənin sərhədlərimizə yetişməsi həm Türkiyəni, həm də bizi ciddi narahat etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın