Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / İcra nümayəndəliyində “qohumbazlıq” davası: saxta diplomla vəzifəyə gəlmək iddiası – FOTOLAR

İcra nümayəndəliyində “qohumbazlıq” davası: saxta diplomla vəzifəyə gəlmək iddiası – FOTOLAR

Ağsu rayon İcra Hakimiyyətinin başçısının Kalva kənd ərazi nümayəndəsi Cavid Qədirovdan şikayət var. Hazırda Xətai rayonunda, NZS qəsəbəsində yaşayan Nurəddin Qədirov icra nümayəndəsinin ona sosial yardım almağa imkan vermədiyini deyir.
Şikayətçi yaranan problem və bunun səbəblərini “Yeni Müsavat” qəzetinə danışıb. Aydın olub ki, tərəflər arasında münasibətlər hər iksinin Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışdığı zamandan pozulub. 
Şikayətçi Nurəddin Qədirov deyir ki, kənd ərazi nümayəndəliyinin sədri olan Cavid Qədirov ondan qisas almaq məqsədi ilə nəvələrinə sosial yardım almasına imkan vermir.
Nurəddin Qədirov 2 ildən çoxdur ki, Ağsu rayon sosial yardım şöbəsinə müraciət etsə də yardım ala bilmədiyini söyləyir: “2 ildən çoxdur müraciət etmişəm. Amma heç bir cavab verilmir. Şöbə müdiri mənə dedi ki, Cavid Qədirovdan qorxduğu üçün heç nə edə bilmir. Sosial yardım ala bilməməyimin səbəbi Cavid Qədirovdur. Amma özü bütün qohumlarına, istədikləri adamlara sosial yardım almağa şərait yaradır”.
Nurəddin Qədirov 2000-2003-cü illər arasında nümayəndəlikdə sədr müavini vəzifəsində çalışdığını deyir. Həmin zaman isə nümayəndəliyin sədri Cavid Qədirovun qayınatası Zabit Mirzəməmmədov olub.
Zabit Mirzəməmmədov sədr təyin edilməmişdən əvvəl Cavid Qədirov keçmiş sədrin müavini olub. Qayınatası sədr seçiləndən sonra o nümayəndəliyin hesabdarı (kassiri) vəzifəsinə keçirilib. Sədrin müavini isə Nurəddin Qədirov olub.
Şikayətçinin sözlərinə görə, həmin illərdə iclaslardan birində Zabit Mirzəməmmədov deyib ki, “elə qayınata-kürəkən bu nümayəndəlikdə işləyə bilərik”.
Bundan sonra Nurəddin Qədirovun qara günləri başlayıb: “Bu sözdən sonra dəqiqə ilə işə gəlib, dəqiqə ilə işdən gedirdim. Zabit Mirzəməmmədov hər işimdə nöqsan axtarmağa başladı. Sədr məzuniyyətdə olanda əvəzedici mən qalmışdım. Zabit Mirzəməmmədov məzuniyyətdə olsa da məni yoxlamaq üçün hər gün işə gəlirdi. Bir gün camaat şikayətə gəldi. Bələdiyyədən narazılıq var idi. Nə oldusa, ondan sonra oldu. Zabit Mirzəməmmədov haqqımda icra başçısına təqdimat yazdı. Mən də ərizə yazıb işdən çıxdım. 12 ildir onlardan uzaqlaşmışam. Amma indi nəvələrin üçün sosial yardım ala bilmirəm”.
Nurəddin Qədirov işdən çıxandan bir ay sonra Zabit Mirzəməmmədov da işdən çıxarılıb. Nümayəndəliyə yeni sədr gəlib. Sədrin müavini isə Cavid Qədirov olub. Cavid Qədirov  2012-ci ildən nümayəndəliyin sədridir. Müavini isə qohumu Vüqar Əfəndiyevdir.
Şikayətçi hazırda sədr vəzifəsində oturan Cavid Qədirovun saxta diplomla vəzifəyə gəldiyini iddia edir və bununla bağlı müvafiq qurumlara şikayət etdiyini bildirir: “Ağsu Rayon İcra Hakimiyyətinə Cavid Qədirovun diplomunun saxta olması ilə bağlı məlumat vermişəm. Cavid Qədirov guya 2000-ci ildə San-Marino Universitetinə daxil olub. Universitet bağlanandan sonra isə Koorperasiya Universitetinə köçürülüb. Cavid Qədirov diplomu Koorperasiya Universitetində yüksək vəzifə tutan qaynı Aydın Mirzəməmmədovun əli ilə alıb. Təhsil Naziriliynə də müracit etmişəm. Mənə deyirlər ki, diplomun əslini gətirin. Diplomun əslini mən hardan alım? Bu saxtakarlıqla bağlı baş prokuror Zakir Qaralova da müraciət etmişəm”.
Nurəddin Qədirovun iddiaları ilə bağlı Cavid Qədirovun da fikirlərini öyrənə bildik.
C.Qədirov “Yeni Müsavat”a açıqlamasında qarşı tərəfin iddialarının əsassız olduğunu dedi. Nümayəndəliyin sədri deyir ki, Nurəddin Qədirov nəvələri üçün sosial yardım almaq istəyi ilə bağlı onlara müraciət etməyib. Əgər yazılı şəkildə müraciət etsəydi, ona lazım olan köməklik göstərilərdi: “Biz hər bir vətəndaşa xidmət etməyə hazırıq. Kimliyindən asılı olmayaraq. Nurəddin Qədirovun sosial yardım şöbəsindən “mənə görə arayış verilmir” deməsi də yalandır. İsətyirsə, gəlsin birlikdə gedib o sözü deyən adamla üzləşək. Əgər problem varsa, narazılıq varsa, birinci bizə müraciət etsin”.
Saxta diplom iddiasına gəlincə isə Cavid Qədirov bunları əlavə etdi: “Nurəddin Qədirov kimdir axı mənim şəxsi işimə qarışır? Ona nə dəxli var ki, mən diplomu hardan almışam. Əgər işimlə bağlı şikayəti varsa, buyursun gəlsin, dinləyək”.

 

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …

Bir cavab yazın