Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / İcra Hakimiyyətinin əməkdaşları üçün tələb – İngilis dili

İcra Hakimiyyətinin əməkdaşları üçün tələb – İngilis dili

Respublikamızın qərb bölgəsində sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən Naftalan ötən il rekord həddə – 61 ölkədən 40 min turist qəbul edib. Bununla da Naftalana gələn turistlərin coğrafiyası daha da genişlənərək dünyanın bütün regionlarını əhatə edib.

Xarici turistlərin sayında artıma nail olunması üçün son illər zəruri tədbirlər görülüb. Belə ki, Naftalanın infrastrukturu müasirləşdirilib, şəhərdə 3-ü beşulduzlu olmaqla, 10 istirahət-sağlamlıq mərkəzi fəaliyyətə başlayıb. Burada fəaliyyət göstərən istirahət-sağlamlıq mərkəzləri zəruri hazırlıq mərhələsini keçdikdən sonra Avropa standartlarına uyğunluq sertifikatı ilə təmin olunub. Turizm xidmətləri sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə dünyada daha çox balneoloji turizm mərkəzləri kimi şöhrət qazanmış Fransanın Leqel, İtaliyanın Pozitano, Polşanın Umeyov və Rusiyanın Yessentuki şəhərləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulub.

Naftalanın turizm imkanlarının növbəti illərdə beynəlxalq aləmdə daha geniş təbliği, şəhərə gələn qonaqların daha yüksək səviyyədə qarşılanması və müntəzəm işgüzar münasibətlərin formalaşdırılması üçün şəhər icra hakimiyyəti aparatındakı işçilərin praktiki xarici dil bacarıqlarının artırılmasına zərurət yaranıb.

Bu məqsədlə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə aparatın işçiləri üçün 3 aylıq ekspres ingilis dili kursu təşkil olunub. Kurslarda əsasən icra hakimiyyəti aparatının gənc əməkdaşları iştirak edir. Gələcəkdə rus dili kursunun da təşkil olunması nəzərdə tutulur. Azərtac

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …