Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İcra hakimiyyəti təhlükədə olan sakinlərə: “Gedin küçədə ölün…”

İcra hakimiyyəti təhlükədə olan sakinlərə: “Gedin küçədə ölün…”

Zığdakı sürüşmə zonasında yaşayan 500 ailənin həyatı təhlükədədir. Ötən ay qəzalı evlərdə yaşayan 10 ailə kirayə mənzillərə köçürülüb. 55 ailəyə isə evlərinin hər an çökə biləcəyi ilə bağlı xəbərdarlıq olunub. Bəzi sakinlər qorxudan küçədə gecələyir.

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) isə qəzalı evlərin sakinlərini məhkəməyə verib. Sakinlər dövlət qurumlarını, dövlət qurumları isə bir-birini ittiham edir.

Bu barədə virtualaz.org saytına Zığ sakinləri məlumat verib. Saytın əməkdaşları isə deyilənlərlə tanış olmaq üçün Zığdakı sürüşmə zonasında yaşayan sakinlərlə görüşüb.

Əvvəlcə onu qeyd edək ki, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hər həftə ərazidə müntəzəm olaraq monitorinq aparırlar. Biz Zığda olanda da Fövqəladə Hallar Nazirliyinin nümayəndələri sürüşməyə məruz qalan evlərə baxış keçirirdilər. Lakin sakinlərə son vəziyyətlə bağlı məlumat verilməyib.

55 ailə təcili köçürülməlidir

Sakinlər deyirlər ki, 55 fərdi ev tamamilə qəzalı vəziyyətdədir. Hər an uçqun təhlükəsi ilə bağlı xəbərdarlıq olunub. Amma hələ də evlərini tərk etməyiblər: “10 evdə yaşamaq mümkün deyildi. Suraxanı Rayon İcra Hakimiyyəti bu ailələri FHN-in təkidi ilə köçürdü. Onlara ayda 250 manat kirayə haqqı ödənilir. İndi isə daha 55 ailə köçürülməlidir. İcra hakimiyyəti kirayə pullarını ödəməmək üçün işi yubadır. Xəbərdarlıq olunur, amma hara köçək – onu demirlər. Qalan ailələrin durumu da fərqli deyil”.

Zığ sakinləri onu da deyir ki, Suraxanı RİH məsuliyyətdən yayınmaq üçün qəribə çıxış yolu tapıb. Qəzalı evlərin sakinlərinə qarşı məhkəmə iddiası qaldırıb. Onlardan təhlükəli evlərini boşaltmaları tələb olunur: “İcra hakimiyyəti evlərini tərk etmələri üçün sakinləri məhkəməyə verib. Artıq bir neçə sakinə qarşı iddiaya baxılıb. Məhkəmə evlərin məcburi tərk edilməsi ilə bağlı qərar çıxarıb. Bir neçə günə məhkəmənin qərarı icra olunmalıdır. Məhkəmə qərar verəndə düşünmürmü ki, bu sakinlər evlərindən çıxarılandan sonra harada yaşamalıdırlar? İcra hakimiyyəti bizə “evdən çıx, lap küçədə yat, mənim vəsaitim yoxdur, təki ölən-filan olsa, məsuliyyəti mənim üzərimdə olmasın”, yəni gedin küçədə ölün deyir”.

Hatəm Allahverdiyev küçəsi, 43/3-də yaşayan Vidadi Həsənovun evinə baxış keçirmiş mütəxəssislər isə evdə vəziyyətin qənaətbəxş olduğuna dair rəy verib.

V.Həsənovun sözlərinə görə, 8 nəfərdən ibarət ailəsi hər gün səksəkə içində yaşayır: “Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəldilər. Amma evdə vəziyyətin qənaətbəxş olduğuna dair rəy verdilər. Səbəbini isə belə izah etdilər ki, sürüşmə gözlə görünmür. Halbuki aparıcı divar 1 mert yarım aşağı çöküb, evin arxasındakı çatlar isə hər ay 1-3 santimetr dərinləşir. Məqsəd vaxtı uzatmaqdır. Bu il 55 ailənin köçürülməsi nəzərdə tutulub. Bizi sonraya saxlayırlar”.

Həmin küçədəki 43 saylı evdə isə sürüşmə nəticəsində hasar əyilib, nəticədə küçə darvazası açılmır. Evin ikinci mərtəbəsinin tavanı çöküb, birinci mərtəbədə isə pəncərənin qarşısı, divarlar çat verib. Qonşular deyirlər ki, ev sakinləri növbə ilə gecələyirlər. Çünki evin hər an uçmaq təhlükəsi var.

“Ötən ay daha 105 evə baxış keçirilib, evlər qiymətləndirilib” – bunu isə Hətəm Allahverdiyev küçəsi, 88/16 ünvanda yaşayan Rafiq Abbasov deyir.

Onun sözlərinə görə, iyulun 31-də sakinlər Fövqəladə Hallar Nazirliyinə gediblər: “Bizə dedilər ki, 105 ailənin sənədləri tam hazırdır, bu evlərə görə kompensasiya ödəniləcək. Ancaq nə vaxt veriləcək, nə qədər veriləcək – bunu bilmirik. Bu sözü artıq 2 ildir eşidirik. Belə çıxır ki, bizi köçürməyə vəsait yoxdur”.

R.Abbasov bildirdi ki, sakinlər Nazirlər Kabinetinə də gediblər, lakin baş nazirin müavini Abid Şərifovun qəbuluna düşə bilməyiblər: “Nazirlər Kabinetində bizə dedilər ki, sizin probleminizi bilirik, amma bu işlə Fövqəladə Hallar Nazirliyi məşğul olur, biz bu işə qarışmırıq.  Artıq il yarımdır ki, Abid Şərifovun qəbuluna düşə bilmirik. Qəbul günündə yazılırıq, məlum olur ki, aşağı düşüb şikayətçiləri dinləməyəcək. Buna görə də ölkə prezidentinə, baş nazirə şikayət ərizəsi göndərmişəm”.

Narazı sakin kirayə köçürülən ailələrin çıxılmaz durumda olduğunu da qeyd etdi: “Bir aydan sonra məktəb açılacaq. Kirayə köçürülən ailələr uşaqlarını hansı məktəbə aparsınlar? Onlar nə vaxtadək kirayədə yaşayacaqlar? Hələ qəzalı evlərdə yaşayan uşaqları demirəm. Artıq neçə illərdir ki, köç üstündəyik”.

Maraqlıdır ki, sakinlərin əksəriyyətinə ev tikmək üçün sənəd verərkən ərazinin yaşayış üçün yararlı olduğuna dair rəy də verilib.

“Heç bir sənəddə buranın sürüşmə ərazisi olduğu göstərilməyib. Əksər evlərin “kupça”sı var. Hələ də evlər tikilir, satılır. İcra hakimiyyəti görmür ki, son zamanlar burada nə qədər evlər tikilib?” – deyə R.Abbasov sual edir.

Söhbətə digər sakinlər də qoşulur: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bura tez-tez gəlir, vəziyyətlə müntəzəm olaraq maraqlanırlar. Amma Bakı Şəhər İcra Hakimiyyəti bir dəfə də olsun sakinlərin problemləri ilə maraqlanmayıb. Suraxanı Rayon İcra Hakimiyyəti isə işini yalnız “vəsaitimiz yoxdur” deməklə bitmiş sayır. Elə bil bu qəsəbə onların ərazisi deyil. Deyək ki, sürüşməyə gücü çatmır, avtobus yoxdur, su, qaz, işıq problem var. Bəs niyə bu problemlərə baxmırlar? Zığ Suraxanı Rayon İcra Hakimiyyətinin yadından çıxıb. Burada hər gün tikinti aparılır. Bəs niyə göz yumurlar?!”

Qeyd edək ki, Zığda yalnız həyət evləri deyil, 41 və 43 saylı binalar da sürüşmə nəticəsində qəzalı vəziyyətə düşüb.

43 saylı binada 90 mənzil var. Mənzillərin əksəriyyətinin tavanında çatlar yaranıb, blok və zirzəmidəki çatlar isə daha dərindir. Binanın arxasında yeni beton bəndlər çəkilib. Həm binada, həm də bəndlərdə nazirliyin ştampları vurulub. Ştamplardan bəlli olur ki, hər ay çatlar bir-iki santmetr dərinləşib. Beton bəndlər isə bəzi yerlərdə ikiyə ayrılıb, əyilib.

Bina sakini Nəcibə Məmmədova deyir ki, yağışlı havalardan sonra çatların dərinləşib-dərinləşmədiyini elə evdə oturub müəyyənləşdirmək də mümkündür: “Pəncərənin altında, divarlarda çat var. Hər dəfə yağışdan sonra çat böyüyür. Artıq evimizdə yaşamağa qorxuruq. Heç kim təmir etməyə, yeni nəsə almağa cəsarət etmir”.

77 saylı mənzildə yaşayan Zülfiyyə İbadova deyir ki, hər dəfə çatlar dərinləşəndə vahiməyə düşürlər: “Təxminən 15 gün əvvəl RİH-dən gəlmişdilər. Öz aralarında danışdılar, bizə dedilər ki, sizə açıqlama versək, təşvişə düşərsiniz. Elə bu söz bizi təşvişə salıb. Bina çox təhlükəli vəziyyətdədir. Təxminən hər ailədə 4-5 nəfər var. Bina uçsa, 450-dən çox adam küçədə qalacaq, itki çox olacaq”.

Qeyd edək ki, Dövlət Neft Şirkətinə məxsus bina 2001-ci ildə istifadəyə verilib.

Binanın digər sakini isə deyir ki, əvvəllər bu ərazi boş olub: “Zığ kəndinin sakinləri bizə ərazinin sürüşmə zonası olduğunu bildirmişdi. Deyrlər burada yerin altından çay axır. Sürüşmə ərazisi olduğunu bilə-bilə niyə bina tikirdilər? Həyət evlərinin kanalizasiya suyu da binanın yanına axıdılır”.

“Zığda təhlükə hər gün artır”

Zığdakı sürüşmə zonasında təhlükə günbəgün artır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev açıqlama verib.

Baş geoloq APA-ya bildirib ki,  hər hansı hamarlama işləri aparmaqla, divar çəkməklə sürüşmənin qarşısını almaq mümkün deyil. Orada yaşayan əhali mütləq köçürülməlidir: “Ötən ay Zığ 1 sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında quraşdırılmış mayaklarda eni 0,07-0,17 sm olan yeni çatlar əmələ gəlib və ayrı-ayrı hissələrdə, lokal sürüşmə sahələrində aktivləşmələr müşahidə olunub”.

Suraxanı RİH Aparatının Mülki Müdafiə Qərargahının rəisi Xanoğlan Allahverdiyevin, icra hakimiyyətinin Zığ qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədovun, FİN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin sakinlərə verilən rəyində isə qeyd olunur ki, binanın divarında iriölçülü, müxtəlif istiqamətli keçici, təhlükəli çatlar və aralanmalar var. Arxa divarda ciddi deformasiya var, bina qəzalı vəziyyətdədir, hər an dağılma təhlükəsi var. Sakinlər köçürülməlidir, əraziyə xəbərdarlıq nişanı qoyulmalıdır, əraziyə giriş-çıxış məhdudlaşdırılmalıdır.

Onu da qeyd edək ki, 2012-ci ildə Zığda sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən binada ucqun olmuşdu. Sakinlər yalnız bundan sonra köçürülmüşdü.

Suraxanı Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bütün dövlət qurumlarının problemdən xəbərdar olduğunu, buna görə də əlavə şərh vermək istəmədiklərini dedilər.

Ülviyyə Xuduzadə

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın