Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / İcra başçısı Novruz Novruzov sahibkarları rayondan qaçaq salıb

İcra başçısı Novruz Novruzov sahibkarları rayondan qaçaq salıb

Keçmiş Dəvəçi, hazırda Şabran adlanan rayon münbit torpaqları, meşələri, meyvə bağları, zəngin faunası ilə fərqlənir. Rayonun ərazisində Qalaaltı kimi istirahət mərkəzləri və digər müalicəvi obyektlər var. Bir sözlə, Uca Allah Şabrandan və şabranlılardan heç nəyi əsirgəməyib. Yəni camaatın təbiət sarıdan bəxti gətirib. Bu boyda zənginliyin qarşılığında şabranlıların icra başçısı sarıdan bəxti gətirməyib. Bir çox kütləvi informasiya vasitələrinin yazdığına görə 10 ilə yaxındır ki, rayona başçılıq edən Novruz Novruzov rayonda talamadığı yer qoymayıb. Əmək fəaliyyətinə kitabxanaçı kimi başlayan, sonra “komsomol” işiçisi olan Novruz Novruzov bir neçə rayonda, daha dəqiq desək, əvvəllər Lerikdə və Goranboyda icra başçısı işləyib. Sonra gəlib çıxıb Şabrana. Əvvəllər rayonda xırda və orta sahibkarlıq xeyli inkişaf eləmişdi. Novruz Novruzov rayona başçı təyin olunan kimi yazıq sahibkarlara o qədər “vergi-töycü” qoydu ki, hamının işdən əli soyudu, bəzi sahibkarlar isə rayondan qaçaq düşdülər. Sahibkarlardan tələb olunan rüşvət heç bir əndazəyə sığımır. Razılaşmayanların obyektləri yerlə-yeksan etdirilir. İcra başçısı sahibkarlara qarşı hətta yolverilməz metodlardan da istiifadə edir. Belə məqamlarda zərif cinsin nümayəndələri də icra başçısının köməyinə çatır. Məlumdur ki, rayonda xeyli münbit sahələr vətəndaşlar tərəfindən meyvə bağları kimi istifadə olunur.

Bu işdə ölkə başçısının sahibkarlara dəstək verməsi və bu dili “Kənd təsərrüfatı ili” elan etməsi və digər atılan mühüm addımlar nədənsə Şabranda öz nəticəsini vermir. Çünki icra başçısı üçün vacib olan dövlətin maraqları deyil, məhz öz cibidir. İcra başçısı öz cibi üçün hətta sahibkarları, iş adamlarını şərlədib “içəri” də saldıra bilir. Vəziyyət o dərəcədə dözülməzdir ki, Novruz Novruzov icra başçısı təyin olunanadək normal işləyən ticarət obyektləri bağlanıb. Çünki o qədər “şapka” tələb olunur ki, iş adamları işləmək istəmirlər. Bəzi iş adamlarının isə ümidi dövlət rəhbərlərinə teleqram vurmağa çatır. İcra başçısı isə o qədər həddini aşıb ki, iş adamlarına deyir ki, hara şikayət etsəniz də sonda mənə gələcək. İcra başçısı yüz hektarlarla meşə ərazilərini zəbt edərək orada heyvan saxlatdırır. Hər təpədə icra başçısının fermaları var. İcra başçısı rayon mərkəzindəki keçmiş idarələrin ərazisini zəbt edərək özəlləşdirib. Rayonun abadlaşdırılması üçün dövlətin ayırdığı milyonları mənimsəyən icra başçısı, sonra abadlaşdırma işlərini sahibkarların boynuna qoyur. İcra başçısının rayonda böyük camışçılıq təsərrüfatı var. İcra başçısı eyni zamanda öz müavini ilə birlikdə Qalaaltı kurortunun ərazisini özlərinin əsas biznes yerinə çeviriblər. Burada villalar, kotteclər tikərək baha qiymətə məmurlara satırlar. İcra başçısı Novruz Novruzov ərazidə 40-dan çox villa stilli evlər tikib. İcra başçısının müavini də Novruz Novruzovdan geri qalmır onun da təxminən 20 dən çox villa tipli evi var və bu evlərin qiyməti 60 min manatdan 150 min manata kimi dəyişir.
Nopvruz Novruzovun Qalaltı ərazisində bir neçə İstirahət Mərkəzi də mövcuddur və bu İstirahət Mərkəzlərində çoxlu sayda kotteclər var. Bu kotteclərin gündəlik kirayəsi 80 manatdan başlayır. Novruz Novruzov Şabranda topladığı var-dövlətinin bir hissəsini də paytaxt Bakıya və doğulduğu Lerik rayonuna köçürüb. Belə ki, icra başçısı Bakının Badamdar qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villa inşa etdirib . Həmçinin şəhərin müxtəlif yerlərində yeni inşa edilən binalarda çoxlu sayda ev alıb. Mənbə qeyd edir ki, Novruz Novruzov bir vaxtlar rayonun Udulu deyilən ərazisində yüz hektarlarla torpaq sahələrini icarəyə götürüb qoyunçuluq təsərrüfatları yaratmışdı. Hətta Şabran sakinləri Novruz Novruzovun ölkə başçısına həqiqətə uyğun olmayan məlumat verməyi ilə bağlı da mətbuata müraciət ünvanlayıblar. Şabran sakinləri qeyd edir ki, Şabran Rayon İcra Hakimiyyəti başçısının ilin yekunları ilə bağlı dedikləri öz təsdiqini tapmır.

İcra başçısı deyir ki, yüzlərlə iş yeri açıb, küçələri abadlaşdırıb. Bəs, biz şabranlılar niyə həmin abad küçələri görmürük..? Şabran sakinləri qeyd edir ki, ölkə başçısına düzgün olmayan məlumat vermək vətənə xəyanət etmək kimi bir cinayətdir. Sonda onu da qeyd edək ki, rayondakı kənd təsərrüfatı təyinatlı torpaqlardan tam başqa məqsədlər üçün istifadə edilir. Məlumdur ki, ölkə başçısı 2015-ci li “Kənd təsərrüfatı ili” elan edib. Qafqaz Xəbər Agentliyi bildirir ki, Şabran icra hakimiyyətinin rəhbərliyi isə bu qərara zidd olaraq iş adamlarının rayonda kənd təsərrüfatı ilə məşğul olmasına mane olur. İcra hakimiyyətinin rəhbərliyi rayondakı münbit torpaqları ancaq öz qohumlarına uzun müddətə icarəyə verir. Başqa iş adamlarına vermir ki, qohumları üçün rəqib olmasın. Rayonda rəqabət mühiti olmadığı üçün bu qohumlar camaatı qul əvəzinə işlədir və onlara ayda 100-120 manat əmək haqqı verirlər. Bir sözlə, Şabranda ədalətsizlik, haqsızlıq, zülm ərşə dirənib. Yəqin ki, möhtərəm Prezidentimiz belə özbaşınalığın davam etməsinə imkan verməyəcək və Şabran camaatını yaşadıqları zülmdən azad edəcək. JAM.AZ

Həmçinin oxuyun

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada:”Qalib kimi gəlmişik”

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu …

Bir cavab yazın