Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Cəmiyyət / İcra başçısı ilə tanınmış vəkil arasında qalmaqal

İcra başçısı ilə tanınmış vəkil arasında qalmaqal

Vəkil Aslan İsmayılov ölkə başçısına və baş prokurora müraciət edib, mətbuatdan kömək istədi

 
Tanınmış vəkil Aslan İsmayılov Sabunçu Rayon İcra Hakimiyyətinin (RİN) başçısı Adil Vəliyevin adamlarının hücumuna məruz qalması barədə facebook səhifəsində məlumat yayıb. Vəkil baş verən insidentin yaranmasının səbəblərini göstərib.
O bildirib ki, hər şey Abbas Quliyev adlı şəxsin Dövlət Reyestrindən çıxarışı əsasında Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsi ətrafında hasar çəkməyə cəhd göstərməsindən başlayıb. A.Quliyev torpaq sahəsinin zəbt edilməməsi üçün 1 metr hündürlüyündə hasar çəkdirmək istəyib. Vəkilin sözlərinə görə, buna RİH-in nümayəndəsi olan Həbib adlı şəxs açıq şəkildə mane olaraq, torpaq sahəsinin sahibini icra hakimiyyətinə dəvət ediblər. Bundan sonra alver başlayıb. A.Quliyevə bildiriblər ki, 3 min manat pul verməlidir. Bütün söhbətlər icra başçısının adından aparılıb. Sonda Həbib 2500 manata razılaşıb. A.Quliyev sonradan bildirib ki, torpağı 2500 manata onlara satmağa  razıdır. Lakin ona deyirlər ki, ya pul verəcəksən, ya da hasar olmayacaq və torpaq əlindən alınacaq”.
A.İsmayılovun sözlərinə görə, tanışları A.Quliyevə bir vəkil kimi ona müraciət etməyi tövsiyə edir: “Mənə bu barədə müraciət olandan sonra icra başçısı Adil Vəliyevlə danışdım. Bilirdim ki, Vəliyev əvvəllər ”Porsche” mağazası işlədib, ancaq icra hakimiyyəti ilə mağazanı dəyişik saldığını söhbətdən sonra bildim. Birinci danışıqda mənə bildirildi ki, sənədlər artıq məhkəməyə göndərilib. Bütün məhkəmələri axtarıb işin məhkəmədə olmadığına əmin olandan sonra yenidən Adil Vəliyevlə əlaqə saxlayıb ona bildirdim ki, sənədlər məhkəmədə yoxdur, işçiləri qanunsuzluq edirlər. İcra başçısı isə kobud şəkildə dedi ki, heç bir hasar tikintisinə icazə verməyəcək, çünki sənədlər qanunsuzdur. Mən sənədlərin Azərbaycan dövlətinin adından Dövlət Reyestr Xidməti tərəfindən verildiyini xatırladanda isə başçı bildirdi ki, hamı bilir ki, rüşvət alıb veriblər. Adil Vəliyevə dedim ki, heç kimdən rüşvət alınmayıb. Hasarın çəkilməsi üçün isə Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində deyildiyi kimi, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə heç bir icazə tələb olunmur. Amma icra hakimiyyətinin nümayəndələri torpağın hər sotuna görə 2500 manat rüşvət istəyirlər”.
Vəkil insident barədə də geniş məlumat verib: “Sentyabrın 14-də iştirakımla hasar tikintisi yenidən aparılarkən, özlərini icra hakimiyyətinin nümayəndələri kimi təqdim edən və idmançı formasında olan 4 nəfər ”Niva” markalı maşında, eyni görkəmli Rafael adlı şəxs (Sabunçu RİH-in rəsmi saytında onun RİH hüquq şöbəsinin hüquqşünası kimi çalışdığı bildirilir, soyadı da Abdullayevdir-A.İ.) isə 10 SD 300 nömrəli, “Mercedes G Class” avtomobilində gəlib işləri yenidən dayandırdılar.
Mən şikayət edəcəyimi bildirdikdə isə onlar “hara istəyirsən yaz” deyib məni davaya çəkməyə başladılar. Onların dava salmaq istədiklərini görüb əvvəldən hazırladığım sənədləri, reyestrdən çıxarışı, qanunlardan qeydləri, Adil Vəliyevin özünə və yaxınlarına məxsus olan və dəyəri milyonlarla ölçülən maşınların şəkillərini və haqqında mətbuatda getmiş şikayətlərin surətlərini ona təqdim edib, dərhal oranı tərk etdim”.
 
Baş verənlərlə bağlı “Yeni Müsavat”a açıqlama verən A.İsmayılov ölkə başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova müraciət etdiyini bildirdi: “Bu, mənimlə Adil Vəliyev arasında olan qarşıdurma deyil. Yəni şəxsi məsələdən doğmur. Özbaşınalıq o həddə gəlib ki, biz susduqca, daha pis olacaq. Demokratik cəmiyyət qurmaq istəyən ölkələrin hamısında qanunsuz halları ictimailəşdirirlər. Bunları etməklə, digərlərini də qanunsuz əməllərdən çəkindirirlər. Hazırda əsas məqsədim budur. Kim olmasının mənim üçün problemi yoxdur. Adil Vəliyev olmur, Əli Vəliyev olsun. Açığı, Adil Vəliyevi yaxından belə tanımıram. Sadəcə, telefonla danışmışam. O, tam qanunsuzluqla məşğuldur. Heydər Əliyev Fondunun adından istifadə edərək, müəyyən ərazini bağlayır. İnsanlar da elə bilirlər ki, fond onlara park tikir. Sonradan açılışı olanda məlum olur ki, özünə şəxsi bağça tikib. Ölkə prezidenti və baş prokurora müraciət etmişəm.  Başqa nəyəsə gücüm yoxdur”.
Vəkil mətbuatdan kömək istədi: “Mətbuat bu məsələdə mənə kömək edərsə, minnətdar olaram. İndidən bu məsələni gündəmdə saxlayan bütün mətbuat orqanlarına təşəkkürümü bildirirəm. Sizin qəzetiniz vasitəsilə bütün mətbuata səslənirəm. Belə halları daim ictimailəşdirmək lazımdır. Artıq bu, bütün əndazələri aşıb. Baş verənlər dözülməzdir. Ölkə vətəndaş müharibəsinə sürüklənir. Əgər biz Azərbaycanın Suriya, Liviya olmasını istəmiriksə, bu halların qarşısını almalıyıq. İnsanlarda yığılan nifrət partlayıb küçələrə töküləndə, onun qarşısını heç kim ala bilməyəcək. Bura vətənimizdir. Məni ən çox incidən odur ki, yazdıqlarımın altında deyirlər ki, Aslan müəllim özünüzü yormayın, vaxtınızı itirməyin. Ən dəhşətlisi bax budur”.
A.İsmayılov icra başçısının arxasında hakimiyyətin yuxarı dairələrinin dayandığını söylədi: “Adil Vəliyevin arxasında mümkün deyil ki, hakimiyyətin ilk üçlüyünə, beşliyinə daxil olan şəxslərdən kimlərsə dayanmasın. Bəla odur ki, bu şəxsin arxasında dayanan şəxsin vəzifəsi çox böyükdür. Mənə açıq şəkildə Rəfail adlı şəxs deyir ki, Adil Vəliyev nə istəyirsə, onu elə. Bu nə deməkdir?  Özüm şəxsən Adil Vəliyevə bildirdim, özünüz deyirsiniz, nə istəyirsən elə, indi mən bildiyimi edəcəm. Hələ çox materiallar olacaq. Artıq materiallar toplanıb. Mən bu problemdən çıxış edərək, digər ictimai-siyasi xadimlərə, siyasətçilərə, hüquqşünaslara müraciət edirəm. Onlar da öz səhifələrində qanunsuz əməllərlə məşğul olan başqa şəxslər barədə məlumat versinlər. Hamısı bir bezin qırağıdır. Rayonlarda icra başçısı özünü Allahın yerdəki nümayəndəsi hesab edir. Bir şeyə tam əminəm. Bu ölkənin başında duran ilk onluğa daxil olan şəxslər bir nəfərin arxasında dursalar belə, ictimai fikir, insanlar  birləşib, bir gücün üzərinə getsələr, heç nə bu gücün qarşısında dayana bilməz”.
Səslənən iddialarla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini aldıq. İcra başçısının köməkçisi Müslüm Mahmudov lazım gələrsə, mətbuata açıqlama verəcəklərini qeyd etdi: “Deyilənlər cəfəngiyyatdır. Bu barədə lazım gələrsə, mətbuata məlumat veriləcək”.

Həmçinin oxuyun

Azərbaycanda 53595 şagird məktəbini dəyişib

Təhsil Nazirliyinə şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56462 müraciət daxil olub. Bu barədə APA-nın sorğusuna …

Bir cavab yazın