Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “İcra başçılarına 20-25 min manat məvacib verilməlidir” – EKSPERT

“İcra başçılarına 20-25 min manat məvacib verilməlidir” – EKSPERT

“Mən sizi – birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum”. Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edərkən belə deyib.

Bəs yeni və gənc icra başçıları onlara göstərilən yüksək etimadı doğrulda biləcəklərmi?

Deputat Fazil Mustafa deyir ki, ölkədə gənclərə yüksək etimad göstərilir: “Prezidentin götürdüyü əsas kurs gənc, intizamlı və savadlı kadrların iş başına gətirilməsindən ibarətdir. Bu da müsbət tendensiyadır. Yaşlı və təcrübəli kadrların təyinatı yaxşıdır, amma göz qabağındadır ki, belələri gedib müəllimdən 50 manat pul yığır. Yaxud iş adamlarının  cibinə girir. Sovet dövründən miras qalan təkcə yaxşı təcrübə deyil. Həm də pis təcrübə toplamış insanlar var və bunlar da vəzifələrdədir. Biz təcrübədən daha çox vicdan və əxlaq meyarlarına dayanmalıyıq. Prezident də, görünür ki, bu meyarlara daha çox üstünlük verir. Heç kimin tanımadığı, müəyyən dərəcədə siyasi partiyada, strukturda alt qatlarda olan bir adama heç kimdən asılı olmadan, tabe olmadan, heç kimdən əlaqəsi olmadan, heç bir çevrənin, dəstənin adamı olmadan özünü doğrultma imkanı verilir. Əslində gəncliyin dinamikasını bu cür yönləndirmək olduqca vacibdir. Amma yerlərdə ümumiyyətlə icra başçılarının müəyyən dərəcədə fəaliyyətinin daha çox əlavə xərclər bölümünə diqqətlə yanaşmaq lazımdır. Müəyyən olunmalıdır ki, hansı yüklər var ki, icra başçısı o yüklərin altında rüşvət almağa məcbur olur. Bunu müəyyən edib ortadan qaldırmaq lazımdır. İcra başçıları var ki, normal işləmək istəyirlər. İnsanlara fayda vermək istəyən icra başçıları tanıyıram”.

Fazil Mustafa deyir ki, icra başçılarının müəyyən xərcləri olur və bunu araşdırmaq lazımdır ki, yük icra başçısının üzərindən götürülsün: “Prezident gəncləri vəzifəyə təyin edəndə onları rayonlarda təsir altında olmayan, birbaşa öz iş prinsipini tətbiq edərək rayonu ayaqda tutmağa çalışan anlayışla vəzifə borcunu yerinə yetirməyə təşviq edir. Prezidentin icra başçısı təyin edəcəyi şəxsi birbaşa qəbul etməsi müsbət bir haldır. Prezident icra başçısı təyin edəcəyi şəxsə birbaşa deyir ki, mən səni təyin edirəm və səndən tələb olunanlar da bu məsələlərdir. Bu çox yaxşı tendensiyadır və iş əxlaqının dəyişməsinə təkan verəcək. Gənc icra başçılarının qısa vaxtda bir rayonun problemlərini anlaması, özü üçün fəaliyyət planı hazırlaması və həmin fəaliyyət planı üzrə hərəkət etməsi vacibdir. Bu halda rayonlarda olan problemlərin çox böyük hissəsini çözmək olar. Gənc kadrlar onlara göstərilən etimadı doğrultmaq üçün yorulmadan çalışmalıdırlar”.

Ekspert Əkrəm Həsənov gənclərin icra başçısı postuna təyinatının müsbət tendensiya olduğunu bildirib: “İcra başçısı postuna təyin olunan gənclərin kimlərinsə təsiri altında olmaması çox vacib şərtlərdəndir. Yeni təyin olunan gənclərin tərcümeyi halları ilə tanış olanda məlum oldu ki, bu şəxslər daha çox ictimai sektorda təmsil olunublar. Ümid edək ki, yeni təyinatlar uğurlu olacaq. Yaxın 1 il ərzində bu gün təyin olunan başçıların fəaliyyətini qiymətləndirmək daha asan olacaq.  Gənc kadrlar yerlərdə köhnədən qalma komanda üzvləri ilə çox da uzağa gedə bilməzlər. Təsəvvür edin ki, Neftçalanın keçmiş icra başçısı rayonda elə sistem qurmuşdu ki, əksər vəzifəli şəxslər  rüşvət alıb-verməklə məşğul olublar. Yeni icra başçısı bu cür idarəçilik sisteminə alışmış kadrlarla necə işləyə bilər? Bu adamlar artıq  o cür işləməyə alışıblar. İcra başçısı həbs olunsa da, onun orada komandası qalıb. O kadrları dəyişmək lazımdır. Başqa cür işləmək mümkün olmayacaq”.

Əkrəm Həsənov deyir ki, kadr probleminin həlli də yeni təyin olunan başçıların bilik və bacarıqlarından olduqca asılı məsələdir: “Vaxtilə bank sistemində rəhbər vəzifələrdə çalışarkən kadr problemi ilə üzləşmişdim. Tələbə yoldaşlarımı işə götürdüm. Savadlı tələbə yoldaşlarımı vəzifələrə təyin etmişəm. Sən demə, oxumaqla deyilmiş. İşçi olmaq, işi yarıtmaq, tapşırılan vəzifəni layiqincə, qanunlara uyğun şəkildə yerinə yetirmək daha yüksək keyfiyyətlər tələb edir. Dost, tələbə yoldaşı kimi olduqca yaxşı insanlar işçi kimi özlərini təsdiq edə bilmirlər. İşi savaddan istifadə etməklə bacarmaq hər kəsin qabiliyyəti deyil. Bu baxımdan yeni kadrların özlərinə effektiv iş qabiliyyətləri olan komanda formalaşdırmaları vacibdir. İşin 50 faizi odur ki, yeni kadrlar rüşvət və korrupsiyadan uzaq olacaqlar. Bu, işgüzar münasibətlər üçün münbit platformadır. Korrupsiyaya bulaşmamış kadrın qanuni iş tələb etməsi, qanunların tələb etdiyi qaydada münasibətlərin qurulmasına çalışması mümkündür”.

Əkrəm Həsənov yüksək etmad göstərilən gənc icra başçlarına yüksək məbləğlərdə məvacib verilməsinin olduqca vacib şərt olduğunu deyir: “İcra başçılarına yüksək məbləğlərdə məvacib verilməlidir. Rayonun əhali sayından, iş həcmindən asılı olaraq icra başçılarına 20-25 min manat məvacib verilməlidir. Bu məvacibin qarşılığında icra başçılarından effektiv iş tələb etmək olar. Başqa cür rayonlarda vəziyyəti dəyişmək, effektiv idarəçiliyə nail olmaq qeyri-mümkündür. 2-3 min maaş alan icra başçısının rüşvətə, korrupsiyaya bulaşmaması inandırıcı görünmür. Dövlət məmurlarının əmək haqqı elə olmalıdır ki, onun gözü rayondakı müəllimlərin, həkimlərin əlində olmasın. İş adamlarına münasibətdə qanunsuzluqlara yol verməsin. Gənc kadrların rüşvət və korrupsiyadan uzaq olması üçün onlara yüksək məvacib ödənməsi təmin ediləcəksə, başçı aparatında çalışanlar yaxşı əmək haqqı alacaqlarsa, rayonlardakı problemlər də tədricən aradan qalxacaq. Ümumilikdə gənclərə etimad göstərilərək yüksək vəzifələrə təyin olunmaları müsbət tendensiyadır”. (Musavat.com)

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …