Ana səhifə / Cəmiyyət / İcra başçıları nə qədər maaş alırlar – o pulla villa, bahalı maşınlar əldə etmək olarmı? – Rəsmi SİYAHI

İcra başçıları nə qədər maaş alırlar – o pulla villa, bahalı maşınlar əldə etmək olarmı? – Rəsmi SİYAHI

Ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, Azərbaycandakı bəzi məmurlar vəzifə səlahiyyətlərdən sui-istifadə etməklə sürətlə var-dövlət toplamağa çalışır, əyri yollar hesabına əldə etdikləri pullarla villalar, bağ evləri tikdirir, böyük torpaq sahələri ələ keçirir, restoranlar, istirahət məkanları, ticarət obyektləri, tibbi klinikalar açır, bahalı maşınlar alırlar. Bu harınlıq onların özlərilə yanaşı, övladlarının da hərəkətlərində müşahidə edilir… Belə məmurlar arasında yerli (şəhər və rayon) İcra hakimiyyəti orqanlarına rəhbərlik edən vəzifə sahibləri də var. Bunu onların hamısına şamil etməsək də, cəmiyyət kimin kim olduğunu, nəyə necə sahibləndiyini müşahidə edir.

İcra başçılarından söz düşmüşkən, onların və tabeliklərindəki işçilərin aldıqları maaşın məbləği də yəqin ictimaiyyət üçün maraqlıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” qanununa əsasən, yerli İcra hakimiyyətlərində çalışanlar, icra başçısı istisna olmaqla dövlət qulluqçusu hesab olunur. İcra başçıları, həmçinin nazir və komitə sədrləri  siyasi təyinatlı vəzifə sahibləridir və dövlət qulluqçusu statusuna sahib deyillər.

Qanunla icra orqanlarında çalışan dövlət qulluqçuları, o cümlədən siyasi vəsifə sahibləri olan icra başçıları, nazirlər, komitə sədrləri biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər.
Amma di gəl, onların sahib olduqları mülklərə, maşınlara, obyektlərə bax… Başqasının pulunu saymaq yaxşı əlamət deyil, amma bir şərtlə ki, o pul haram yollarla deyil, halal zəhmət hesabına qazanılsın…

ayaq

Rəsmi məlumata görə, hazırda dövlət qulluqçularının orta aylıq əmək haqqı 617,6 manat təşkil edir. Gəlin, dövlət qulluqçuları və icra başçılarının ayrı-ayrılıqda maaşına baxaq.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadanyerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı Modern.az saytına təqdim edilən məlumatları sizin də diqqətinizə çatdırırıq.

Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır.

Yerli İcra Hakimiyyəti orqanı başçısının müavininin maaşı  Gəncə və Sumqayıtda 770 manat, əhalinin sayı 100 min nəfərdən çox olduqda 750 manat,  əhalinin sayı 50-100 min nəfər olduqda 735 manat, əhalinin sayı 50 min nəfərdən aşağı olduqda 720 manat təşkil edir.

Yerli icra hakimiyyəti başçısının şöbə müdirlərinin maaşı  Gəncə və Sumqayıtda 460 manat, əhali 100 min nəfərdən çox olan rayonlarda 440 manat, əhali 50-100 min nəfər olduqda 430 manat, əhali 50 min nəfərdən az olduqda 420 manatdır.

İcra hakimiyyətlərində şöbə müdirlərinin müavinləri Gəncə və Sumqayıtda 385 manat, əhali 100 min nəfərdən çox olduqda 380 manat, əhali 50-100 min nəfər olduqda 375 manat, əhali 50 min nəfərədək olduqda 370 manat məvacib alır.

Sektor müdiri, baş mühasiblərin maaşı yerli icra orqanlarından asılı olaraq 325-340 manatdır. İcra başçısının köməkçisi və baş məsləhətçi üçün 300-315 manat, böyük məsləhətçi üçün 295-310 manat, aparıcı məsləhətçi üçün 290-305 manat,məsləhətçi üçün isə 285-300 manat əmək haqqı müəyyən edilib.

İcra başçılarının özlərinə gəldikdə isə Modern.az-a məlum olub ki, onlar  900-1000 manat arası maaş alır.

Dövlət Qulluğu Komissiyasından verilən məlumatda Bakı Şəhər İcra Hakimiyyətinin işçilərinin maaşı ilə bağlı da məlumatlar öz əksini tapıb. Belə ki,  başçısının 1-ci müavininə aylıq1200 manat, müavinlərinə 1150 manat, aparat rəhbərinə 940 manat məvacib təyin edilib.

Bakı şəhər İcra Hakimiyyətində təminedici şöbənin müdiri üçün 870 manat, yardımçı şöbənin müdiri üçün 760 manat, təminedici şöbənin müdir müavini üçün 750 manat, yardımçı şöbənin müdir müavini və rəhbərin köməkçisi üçün 720 manat maaş müəyyən edilib.

Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan orqanların rəhbərlərinin (Reklam, Nəqliyyat, və s. şöbələr) maaşı isə 540 manatdır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatında sektor müdiri, baş mühasib 580 manat, baş məsləhətçi 530 manat, böyük məsləhətçi 520 manat, aparıcı məsləhətçi 510 manat, məsləhətçi 500 manat alır.

Hacıbala Abutalıbovun maaşı 1450 manat göstərilir. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın