Ana səhifə / Cəmiyyət / Hüquq müdafiəçiləri Türkanda aclıq edən ahıl qadınlara baş çəkdi

Hüquq müdafiəçiləri Türkanda aclıq edən ahıl qadınlara baş çəkdi

Bakının Türkan qəsəbəsində 80-90 yaşlı ahıl qadınlar aclıq aksiyası keçirirlər. Onlar saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına, yaxınlarına vəkil tutmaqda kömək etmiş Natiq Məhəmmədsoyun qanunsuz həbsinə etiraz olaraq aclığı davam etdirirlər. 90 yaşlı Xumara Şabanovanın təzyiqi düşüb, ürək ritmi pozulub. Əzizəxanım Atayeva halsızlıqdan şikayət edir. Aprelin 20-də Bakı İnsan Hüquqları Klubunun (BİHK) həmtəsisçiləri, hüquq müdafiəçisi Rəsul Cəfərov və vəkil Cavad Cavadov Türkan qəsəbəsinə gedərək hüquqları pozulan sakinlərlə görüşüb, məsələni yerində araşdırıblar.

Hüquq müdafiəçisi Rəsul Cəfərov “Yeni Müsavat”a deyib ki, Bakı İnsan Hüquqları Klubu Türkan qəsəbəsində olan vətəndaşların hüquqlarının qorunması istiqamətində qanuni addımları davam etdirəcək: “Bakı İnsan Hüquqları Klubu Türkan qəsəbəsində vətəndaşlara məxsus olan torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi halları ilə bağlı narahatlığını ifadə edir. Bu işdə xüsusi məqamlardan biri ondan ibarətdir ki, kənd sakinlərinin hüquqlarını qanunların yol verdiyi vasitələrlə müdafiə edən Natiq Məhəmmədsoy əsassız ittihamlarla bu fəaliyyəti həyata keçirə bilməsin deyə həbs edilib. Biz torpaq sahələrinin əsassız şəkildə özgəninkiləşdirilməsi məsələsində müsbətə doğru bir neçə ədalətli addımı da müşahidə etmişik. Müvafiq dövlət qurumlarına çağırışımız ondan ibarətdir ki, vətəndaşların hüquqları bərpa edilsin, bu işdə fəallıq nümayiş etdirən Natiq Məhəmmədsoy hüquqi mexanizmlər tətbiq edilərək azadlığa buraxılsın”.

Baş Prokurorluq: Sağ qadınların ölməsi barədə sənəd hazırlayanlara cinayət  işi açılıb

Əzizəxanım Atayeva “Yeni Müsavat”a deyib ki, onlara qarşı baş verən cinayətin araşdırılmamasına etiraz edirlər: “Baş prokurorun qəbuluna 5 dəfə getmişik. Hər dəfə bir söz deyib yola salırlar. Biz qanunların işləməsini istəyirik. Bizi sənəd üzərində öldürüblər onsuz da. Qoy aclıq edib ölək, canımız bu haqsızlıqdan, ədalətsizlikdən qurtarsın”. Natiq Məhəmmədsoyun anası, 78 yaşlı Tamara Süleymanova deyir ki, oğlunu şərləyib həbs ediblər: “Adamlar sağ ola-ola ölüm kağızı düzəldib, camaatın torpaqlarını satanları türmədən buraxırlar, günahsızı tutub həbsxanaya salırlar. Mehriban xanıma müraciət yazmışıq, istəyirik ki, bizlərə qarşı ədalətsizliklərə son qoyulsun”, – Tamara Süleymanova belə deyib. Onun ailə üzvləri bildirib ki, həkim onun insult riski olduğunu deyib.

Qeyd edək ki, Əzizə Atayeva və Xumara Şabanovanın əmlakını saxta sənədlərlə satmağa görə 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə sakini Çingiz Səfərovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Əvvəlcə Rahil Babayev və Çingiz Səfərov həbs edilib, Daşqın Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Mart ayında Daşqın Nəsirov səhhətindəki problemlər əsası ilə ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır. 55 yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silah onun deyil. Səbəb isə qəsəbə sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya yardım etməsidir. Ahıl qadınların aclıq aksiyasına daha 4 qadının da qoşulacağı bildirilir.

Həmçinin oxuyun

Aqil Abbasın toyu təxirə salındı

Milli Məclisin deputatı Aqil Abbasın Ağdamda keçirilməsi nəzərdə tutulan toyu təxirə salınıb. Pravda.az-ın xəbərinə görə, …