Çərşənbə , Mart 29 2023
Ana səhifə / Cəmiyyət / Hökumətimiz Ukraynadakı yaralı vətəndaşlara görə məsuliyyət daşıyır – Hüquqşünas

Hökumətimiz Ukraynadakı yaralı vətəndaşlara görə məsuliyyət daşıyır – Hüquqşünas

Xəbər verdiyimiz kimi, Xarkovda Masallı rayon Ərkivan kənd sakini 1980-ci il təvəllüdlü Bayramov Yusif və Masallı rayon Hışqədərə kənd sakini 1982-ci il təvəllüdlü Tahirov Samir Ukraynanın Xarkov şəhərində güllə yarası alıblar və hazırda heç bir şəraiti olmayan xəstəxanadadırlar. Onların vəziyyəti çox acınacaqlıdır. Rəsmi qurumlardan bildirilib ki, onların təxliyəsi yalnız sağalandan sonra mümkün ola bilər.

Əgər onlar təxliyə olunana qədər həyatları və sağlamlıqları ilə bağlı problem ciddiləşərsə, məsuliyyəti kim daşıyır?
Hüquqşünas Ələsgər Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarının Xarkovdakı vəziyyəti ilə bağlı dövlətimizin konkret olaraq öhdəliyi mövcuddur.

O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının hüquqlarını və mənafelərini qorumaq dövlətimizin vəzifəsidir:

“Bununla bağlı Konstitutsiyanın 26-cı maddəsində açıq şəkildə müddəa var ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşı özünün təqsirkar olmadığı bir səbəbdən belə çətin vəziyyətdə qalıbsa, dövlət maksimum onların həm sağlamlığı, həm hüquqları üçün addım atılmalıdır. İndiki halda anlayırıq ki, Xarkovda vəziyyət gərgindir, əraziyə giriş-çıxış problemi var. Atəşkəs olmadan insanların daşınması problemdir. Çünki onların oradan təxliyə olunmasına cəhd olunduğu zaman həyatlarını itirmə ehtimalı da ola bilər. Əgər Xarkovda olan soydaşlarımız çox ağır deyillərsə, müəyyən mənada təcrid olunmuş yerdə gözləmələri daha məqsədəuyğun olar”.

Ə.Məmmədlinin sözlərinə görə Azərbaycan hökuməti yaralı soydaşlarımızın təxliyəsi ilə bağlı hər iki ölkə ilə təmasa keçməlidir:

“Bununla bağlı hökumət həm Rusiya, həm də Ukrayna ilə təmasa keçməlidir ki, yaralı vətəndaşlarının təxliyəsi üçün zəruri addımlar atılsın. Burada Qırmızı Xaç Təşkilatına da hökumətimiz müraciət etməlidir. O, insanların həyati riski olmadan mütləq müdaxilə etməlidir. Əgər oradakı antisanitariya vəziyyəti onların sağlamlığının daha da ağırlaşmasına, hətta həyatını təhlükə altına atmasına aparıb çıxaracaqsa, o zaman orada gözləmənin və ya müharibə bitsin deməyin bir anlamı yoxdur. Tez bir anda nə tədbir lazımdırsa, atılmalıdır”.

Həmçinin oxuyun

Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? – AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzir qutuları ilə bağlı yayılan məsələyə münasibət bildirib. Komitədən …