Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Cəmiyyət / Hikmət Həsənovla bağlı deyilənlərə sərt reaksiya

Hikmət Həsənovla bağlı deyilənlərə sərt reaksiya

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Birinci Ordu Korpusunun sabiq komandanı, general-mayor Hikmət Həsənovun 20 noyabr 2020-ci ildə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşərək xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb, istintaq gedir.

Hikmət Həsənovla bağlı cinayət işinin açılması sosial şəbəkələrdə müxtəlif müzakirərlə səbəb olub. Bu müzakirələrdə general barədə müsbət fikir bildirənlərlə yanaşı, onu bəzi məsələlərdə, o cümlədən “Tərtər hadisələri”ndə ittiham edənlər də var.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a bildirib ki, indiki vəziyyətdə belə müzakirələrin açılması Zəfərin qazanılmasında əməyi keçən hərbi qulluqçuların fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır:

“Sosial şəbəkələrdə hərbçilərimizə qarşı əsaslanmamış müəyyən fikirlər söylənilir. Mən deyə bilərəm ki, biz Vətən müharibəsində qalib gəldik, indi isə hibrid müharibəsi dövründəyik. Hibrid müharibə sosial şəbəkələrdə müəyyən insanların fikrini dəyişdirmək məqsədi daşıyır. Bu, müasir dövrün yanaşmasıdır.

Hikmət Həsənov barədə mən istəmirəm müəyyən bir açıqlama verim. Amma deyə bilərəm ki, belə yalan məlumatları tək Hikmət Həsənova qarşı deyil, bir neçə yüksək vəzifəli şəxslər var ki, onların Vətən müharibəsindəki Zəfərin qazanılmasında fəaliyyətinə kölgə salmaq üçün yayırlar. Bu məsələdə bir az ehtiyatlı olmaq lazımdır”.

Hərbi ekspert deyib ki, hanısa general uzun müddət eyni vəzifədə qala bilməz: 

“Hər kəsin vəzifəsi dəyişə bilər, məsələn, Hikmət Həsənov təcrübəli generaldı, korpus komandiri idi. Axı heç kim ömürlük korpus komandiri ola bilməz. Yəni vəzifələr müəyyən bir vaxtdan sonra dəyişir. Vəzifədən azad olunduqdan sonra niyə bunu töhmət kimi dilə gətirirlər?”.

Hikmət Həsənovun prezidentin Şuşadakı hərbçilərlə görüşündə iştirak etməməsinə gəlincə, Ş.Ramaldanov bildirib ki, orada bütün rəhbər heyət – generallar yox, yalnız Şuşada xidmət edən hərbi qulluqçular olub:

“Prezidentlə görüşmək məsələsinə gəldikdə, guya ki, prezidentlə görüşə bütün rəhbər heyət, generallar gəlmişdi? Yox. Cənab prezident getmişdi Şuşaya, orada olan hərbçi və rəhbər şəxslərlə görüşdü. Bu məsələlərə düzgün yanaşmalıdırlar.

Eyni zamanda, hərbi tədbirlərdə kiminsə iştirakını ancaq Müdafiə Nazirliyi müəyyənləşdirir. Mən demək istəyirəm ki, bunu bu formada yozmaq düz deyil.

Hikmət Həsənovu tanımayan şəxslər başlayıb onun haqqında fikirlər səsləndirməyə. İnsanı şəxsən tanımadığımız halda onun haqqında fikir söyləmək bizə yaraşırmı? Hikmət Həsənov pillə-pillə bu vəzifəyə qalxıb”.

Ş.Ramaldanov Hikmət Həsənovun minaya düşməsi faktına toxunaraq xatırladıb ki, o, həmin hadisəni Baş Qərargahın hazırkı rəisi, general-leytenant Kərim Vəliyevlə bir yaşayıb:

“Minaya düşəndə Hikmət Həsənov tək olmayıb. Onunla birgə eyni maşında Baş Qərargah rəisi Kərim Vəliyev də olub. Bu real faktdı, şəkillər var. Mən maşında olanların hamısını tanıyıram. Allah qoruyub ki, heç kim həlak olmayıb.

Cinayət işinin nəticəsinin nə olacağını bilmirəm. Biz bu cinayətlərin hamısının üzünü açmalıyıq”.

Qeyri-rəsmi məlumata görə, Hikmət Həsənov 3 avqust 2021-ci ildə Birinci Ordu Korpusunun komandiri vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …