Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Cəmiyyət / Heyvanların örüş sahəsinə çevrilən “Qaraçuxur” parkı – FOTOLAR

Heyvanların örüş sahəsinə çevrilən “Qaraçuxur” parkı – FOTOLAR

Ərazi baxımından Bakının ən böyük parklarından biri sayılan və yaşıllıqları içərisində olan “Qaraçuxur parkı” hazırda xarabalığı xatırladır. Suraxanı rayonu ərazisində yerləşən bu park illərdir dəmir hasarlar içərisindədir. Parkın nə zaman salındığını, adının nə olduğunu əks etdirən bir lövhə olmasa da, onun niyə bu vəziyyətdə olmasını burada dincəlməyə gələn sakinlərdən öyrənə bildik.

Sakinlər deyir ki, park 1960-cı illərdə salınıb, Qaraçuxur qəsəbəsinin ərazisində yerləşdiyi üçün adı da elə “Qaraçuxur parkı” kimi tanınır. Parkın 10 hektara yaxın ərazisi var. Buranı Bakının ən çox yaşıllığı olan park hesab etmək olar. Parkda əsasən şam ağacları üstünlük təşkil edir.

Onu da qeyd edək ki, bu istirahət məkanının baxımsızlığı barəsində mətbuatda dəfələrlə yazılar dərc olunub. Yaşıllıqlar yandırılması, ağacların kəsilməsi halları ilə bağlı həyəcan təbili çalınıb. Yalnız bundan sonra parkdakı ağaclara cüzi diqqət göstərilib, ağacların dibləri bellənib, budanıb.

Park Sabunçu Rayon İcra Hakimiyyətinin ərazisində yerləşsə də, bu qurum tərəfindən məkan yetərincə qulluq göstərilmir. Ən acınacaqlı məqam isə, parkın mərkəzində ucaldılar Milli Qəhrəman Rəhimov Cavanşir İzzət oğlunun abidəsinin bərbad durumda olmasıdır. Bu qəhrəmanın adını daşıyan parkda onun abidəsinə sahib çıxılmır. Abidənin ətrafında yaranan gölməçələr, döşəmə daşlarını da yarasız hala salıb. Abidənin ətrafı uçub tökülüb. Onun yaxınlığında ucaldılan “Ana və uşaq” heykəlinin bir hissəsi isə uçub.

Sakinlərin dediyinə görə, həmin yer heyvanlar üçün əlverişli otlaq sahəsi olduğuna görə, abidənin gövdəsinə at bağlayıblar. Bir müddət belə davam etdiyi üçün, nəticədə at heykəli yerindən qoparıb.

Məlumata görə, parkda sonuncu dəfə iki il öncə abadlıq işlləri aparıblar. Yeni skamyalar, uşaqlar üçün atraksionlar quraşdırılıb. Lakin sonradan hamısı yoxa çıxıb.

Parkda dincəlməyə gələn şəxslərdən biri adının çəkilməməsi şərti ilə bəzi məlumatları bizimlə bölüşdü: “Mənim 60 yaşım var, gözümü açandan bu parkı görmüşəm. Özüm də qaraçuxurluyam. Bu park baxımsızlıqdan bu günə qaldı. Döşəmələri bərbad duruma düşdü. Təxminən 3 il öncə təmir işləri apardılar. O da ki, yarımçıq şəkildə… Parkın təmirinə ayrılan milyonlar mənimsənildi. Tikinti aparan şirkət işi tam başa vurmadı. Son aylar abadlıq Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparılacağını desələr də illərdir ki, vədlərinə sahib çıxmırlar. Milli Qəhrəmanın adına olan abidəyə bir diqqət edin, görün nə vəziyyətdədir. Parkda kimi gəlib ocaq qalayıb kabab tutur, kimi mal otarır. Bir dəfə hətta yanğın düşdü, sakinlər çətinliklə söndürdü. Yoxsa, bu qədər yaşıllıq məhv olacaqdı… Hətta parkda olan ağacları kökündən çıxarıb, oğurlayanlar belə olub. Qoyunları, inəkləri, atı gətirib buraya hörükləyirlər. İllərin hesabına başa gələn ağaca at bağlayarlar? Axı ağac quruyur…”.

Mövzu ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

“Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar. Bu haqda …

Bir cavab yazın