Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Cəmiyyət / “HEYRƏTİN ÇAĞIRIŞI” VƏ YA ƏLİ RZA XƏLƏFLİ İŞIĞINDA ƏDƏBİYYAT GECƏSİ

“HEYRƏTİN ÇAĞIRIŞI” VƏ YA ƏLİ RZA XƏLƏFLİ İŞIĞINDA ƏDƏBİYYAT GECƏSİ

– Vara, zora güvənən, yoxa, heçə qardaşdı,

Günlü günə, gündüzə, zülmət gecə qardaşdı.

Açıb könül qapımı qonaq gəlsən evimə,

Görərsən Xələflini dərdə necə qardaşdı.

Yazdıqca fikirlərinin əksəriyyəti tarixən deyilmiş aforizmlərimizlə, hikmətli sözlərimizlə qoşalaşan bu misraların müəllifi, görkəmli şair, yazıçı, publisist, bir sıra titulları haqq etmiş müasirimiz Əli Rza Xələfli 70 yaşın müdriklik çağlarını yaşamaqdadır. Əli Rza müəllim haqqında deyilənləri, yazılanları nəinki bir yazıya, heç qalaq-qalaq kitablara da sığışdırmaq mümkün deyil. Ona görə bu sənətkarımız haqqındakı bilgiləri bax beləcə, hissə-hissə incələmək məcburiyyətindəyik.

Onun haqqında yazıçı-publisist Nəriman Mahmudun (qeyd edək ki, Nəriman Mahmud (Mahmudov Nəriman Məhəmməd oğlu) 1962-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. N.Tusi adına ADPU-nun riyaziyyat fakültəsini və Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. “Sirr qapısı” (2006), “Mavi Xəzərdə qətl” (2008), “Bağ evinin sirri” (2011), “Zəncirlənmiş ədalət” (2013)  romanlarının, “Qanlı kürsü” (2007) və “Qatil qadın” (2007) və “İlahi sınaq qarşısında” (2014) povestlərinin, ibrətamiz hekayələrdən ibarət “Sirli əməliyyat” (2016), şəhid Həsən Həsənova həsr edilmiş “Vətən aşiqi” (2018), birinci və ikinci Qarabağ (Vətən müharibəsi) savaşı iştirakçılarının döyüş yollarından bəhs edən “Qarabağ: Xələfli səngəri” (2021) kitablarının, detektiv hekayələrin və bir elmi-kütləvi ədəbiyyatın, minlərlə publisistik məqalələrin, analitik yazıların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür…) qələmə aldığı, yenicə çapdan çıxmış “Heyrətin çağırışı” (Əli Rza Xələflinin aforizmləri və hikmətləri üzərində ədəbi-fəlsəfi düşüncələr) kitabında yazılanlar kimi.

…“Heyrətin çağırışı”nın təqdimat mərasiminə yığılmışdı dostlar. Diqqət çəkən xüsusi bir məqam da vardı. Hər bir sənət adamı sirr deyil ki, zamanın, Böyük Yaradanın ona bəxş etdiyi illərin, onillərin qoynunda püxtələşir, yetişir. 70 yaşlı Əli Rza Xələflinin  “Heyrətin çağırışı”ndakı tədbir-təqdimatında onun peşə fəliyyəti zamanı qazandığı dostlarla bərabər, 50 ildən artıq zaman kəsiyinin arxasından boylanan ən gözəl, şüvərək gənclik həyatının yadigarları – indi hər biri ahıllıq yaşına çatmış tələbə və qrup yoldaşları bir araya gəlmişdi. Siz hələ ölkənin müxtəlif bölgələrindən tədbirə vootsap vasitəsilə qoşulan, zəng çalan nənə və babaları görəydiniz!.. Əli Rza müəllim bu toplantı və təqdimatla onların hamısını gəncləşdirib bir araya gətirmişdi. Təsəvvür edirsinizmi, ölkənin artıq elm, ictimai xadimləri kimi tanınmış insanları, nəvə-nəticə sahibləri bir anda necə dönüb gəncləşir, uşaqlaşır, bütün bunları dilə gətirməkdən belə çəkinmirdilər də. Bunları müşahidə etməyin özü də böyük xoşbəxt anları yaşamaq demək idi. Bu da bəndənizin qismətinə düşmüşdü. Sizlərə də arzulayıram.

…“Heyrətin çağırışı”nın müəllifi Nəriman Mahmud Əli Rza Xələflini hələ gənclik illərindən tanıdığını, daim onun yaradıcılığını izlədiyini, hətta özünün bir yazar kimi formalaşmasında Xələfli yaradıcılığı və şəxsiyyətinin xüsusi önəm daşıdığını dilə gətirdi. Onu da qeyd etdi ki, Xələfli yaradıcılığındakı aforizmlərin yığılıb birgə çapla indiki və gələcək nəsillərə çatdırılması bu hikmətli fikirlərin bütün dövrlər üçün aktuallığı və vacibliyi baxımından çox önəmlidir.

Sonra təqdimat mərasimi Əli Rza Xələflinin tələbə yoldaşlarının onun haqqında xatirələrini söyləmələri, eləcə də onun çoxşaxəli yaradıcılığına və jurnalistik fəaliyyətinə münasibət bildirmələri ilə davam etdi. Ümumi prizmadan yanaşanda yarı ziyafət, yarı söz çələnginə, yarı xatirələrə bürünmüş tədbiri “maraqlı və yaddaqalan bir ədəbiyyat gecəsi” də adlandırmaq olardı. Burada yubilyarla bərabər, Azərbaycanın bir çox nəhəng söz adamları barədə də danışıldı, onların əsərlərindən nümunələr söylənildi. Ta İslam dininin dayağı, sərkərdəsi və böyük, qiymətli fikirlər ustadı Həzrət Əliyə, ədəbi aləmin şeyxi Nizami Gəncəviyə, ilahi eşqin tərənnümçüsü Məhəmməd Füzuliyə, söz sərrafı Mövlanə Cəlaləddin Rumiyə, müasirlərimiz olmuş Səməd Vurğuna, Məmməd Araza, Musa Yaquba, Söhrab Tahirə, Zəlimxan Yaquba qədər…

Təqdimatın reqlamentinə xüsusi əməl edərək lakonik, lakin dərin məzmunlu  çıxışlar da diqqətimizdən yayınmadı. Ə.Xələflinin tələbə yoldaşları – tanınmış şair Rafiq Musa,  Filologiya elmləri doktoru, professor İslam Qəribli, Azərbaycanın Əməkdar müəllimi Saməddin İbrahimov, öz fəaliyyətini polis orqanlarında davam etdirmiş istefada olan polis polkovniki, Birinci Qarabağ Savaşının veteranı İsmayıl Həkimli, Şahalı Quliyev, Hüseyn Babayev, eləcə də bu sətirlərin müəllifi Əli Rza Xələflinin dərin məzmunlu yaradıcılığı barədə ürək sözlərini söyləyib ona möhkəm can cağlığı və tükənməz yaradıcılıq uğurları arzuladılar. Tədbir boyu bütün çıxışlara dərin erudisiyası ilə xüsusi çalar verən Əli Rza Xələfli bununla hər kəsə öz minnətdarlığını ifadə etmiş oldu.

Nəzirməmməd Zöhrablı

P.S.Əli Rza Xələflinin yaradıcılığından qaynaqlanıb yaranan aforizmlərin toplanılıb çap olunması çox gözəl bir təşəbbüsdür. Buna görə müəllif Nəriman Mahmuda təşəkkürlər! Lakin tədqiqatçılara buradan səslənib deyirik ki, Əli Rza Xələflinin yaradıcılığında abidələşən atalar sözlərimizə, aforizmlərə,  folklorumuzun digər nümunələrinə və onların bu əsərlərdə işlənmə yerlərinə də bir nəzər salmağa dəyər. Həm də zamanı itirmədən.   

Həmçinin oxuyun

Vitali Balasanyan azərbaycanlı olmaq istəyir

Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Qarabağı tərk etmək niyyətində deyil. Bu barədə …