Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Heydər Əsədovun “Bank Technique”ə yatırdığı 10 milyon manatın aqibəti necə olacaq?

Heydər Əsədovun “Bank Technique”ə yatırdığı 10 milyon manatın aqibəti necə olacaq?

Bu qədər maliyyənin qarşılığında ölkəmiz hələ də əsas kənd təsərrüfatı məhsullarının idxalçısı olaraq qalmaqdadır

Heydər Əsədov kənd təsərrüfatı naziri postuna təyin olunduqdan bir müddət sonra mətbuat qarşısına keçib rəhbərlik etdiyi qurumda qlobal dəyişikliklərin ediləcəyini, eyni zamanda uzun illərdən bəri həllini gözləyən problemlərin həll olunacağını bildirmişdi. Lakin hələ də ortada elə də ciddi dəyişiklik hiss olunmur. Görünən odur ki, kənd təsərrüfatı naziri ya verdiyi vədi unudub, ya da nəzarətində olan sistemdə mövcud olan nöqsanları aradan qaldırmaqda çətinlik çəkir. Əgər belə olmasaydı, o zaman Kənd Təsərrüfatı Nazirliyində köklü islahatlar aparılar, fermerlərin üzləşdikləri neqativ hallar öz həllini tapardı.

Azinforum.az “Gündəlik Bakı”ya istinadən xəbər verir ki,  hər il Kənd Təsərrüfatı Nazirliyinə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Belə ki, dövlət nazirliyin xətti ilə fermerlərə güzəştli kreditlər verir, subsidiyaların paylanılmasını təmin edir. Yəni hər il kənd təsərrüfatı subsidiyalarının verilməsinə büdcədən 100-150 milyon manat civarında vəsait ayrılır. Lakin bu qədər maliyyənin qarşılığında ölkəmiz hələ də əsas kənd təsərrüfatı məhsullarının idxalçısı olaraq qalmaqdadır. Təkcə ərzaq buğdasına az qala 200 milyona yaxın vəsait xərclənir. Maraqlıdır, görəsən bu qədər vəsait xərclənirsə, nədən kənd təsərrüfatı sahəsində vəziyyət hələ də müsbətə doğru dəyişməyib? Çünki dövlət büdcəsindən ayrılan subsidiyalar ədalətli bölünmür. Belə ki, subsidiyanı da, güzəştli kreditləri də alanlar əsasən bəzi məmurlardır. Düzdür, kəndli fermerlər də dövlətin ayırdığı vəsaitdən istifadə edə bilirlər. Lakin bunun bir qədər fərqli formada həyata keçirildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyindən güzəştli kredit almaq üçün “motosiklet şərti”ni qəbul etmək lazımdır: “Məsələn, fermer Kənd Təsərrüfatı Nazirliyinə 20 min manatlıq güzəştli kredit üçün müraciət etdikdə, ona həmin kreditin 5 min manatının əvəzinə motosiklet veriləcəyi bildirilir. Fermer bu şərti qəbul edirsə, ona nazirlik xətti ilə ölkəyə gətirilən Çin istehsalı olan yük motosikleti verilir. Sonradan fermer krediti alarkən 20 min manatlıq kredit razılaşmasına imza atır. Faktiki isə 15 min manat alır. Həmin motosikletlərin real qiyməti isə 1500-2000 min manat civarındadır. Hələ krediti alan fermerin 1000-2000 manat da əlavə xərci çıxır. Beləcə, 20 min manatlıq kredit almaq istəyən fermer sonda 12 min manatla evinə dönür. Məhz bu kimi halların üzündən Azərbaycan taxıl və digər dənli bitkilər ixrac edən ölkədən idxal edən ölkəyə çevrilə bilmir…”

Təxminən, bir ay öncə Yaponiyanın kənd təsərrüfatı sahəsinin inkişafı üçün Azərbaycana 900 min dollar məbləğində qrant ayırdığını deyən məlumatlı şəxs bildirir ki, həmin vəsaitin təyinatı üzrə xərclənəcəyi ciddi şübhə doğurur: “Yəqin, həmin 900 min dollarlıq qrant da sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun zamanında alınan qrantların taleyini yaşamalı olacaq. Bu arada, onu da nəzərinizə çatdırım ki, Heydər Əsədov bir müddətdir ki, Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan 10 milyona yaxın vəsaiti hazırda bağlanmaq astanasında olan “Bank Technique”dən çıxarmağa çalışsa da, buna nail ola bilmir. Deyilənlərə görə, kənd təsərrüfatı naziri son aylar həmin vəsaiti təyinatına uyğun olaraq yönləndirmək adıyla bankdan çıxarmaq istəyir. Lakin “Bank Technique”dəki mövcud problemlər üzündən büdcə vəsaiti üzərində verdiyi sərəncamları yerinə yetirmək mümkün olmayıb. Qeyd edim ki, Heydər Əsədov problemi sakit şəkildə həll etməyə çalışır. Buna görə də o, faktın gizli saxlanılmasına çalışır. Çünki həmin vəsait vaxtı ilə Cahangir Hacıyevin xahişi ilə “Bank Technique”də yeni hesab açılaraq ora köçürülüb. O zaman Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olmaqla yanaşı, həm də “Bank Technique”nin qeyri-rəsmi sahibi idi. Həmin vaxt Heydər Əsədov Cahangir Hacıyevlə bağlı hər hansı problem görmədiyindən büdcədən ayırılan 10 milyon manat vəsaiti həmin banka yatırıb. Onun bunu hansı məqsədlə etdiyi hələlik bəlli deyil. Lakin bəlli olan odur ki, kənd təsərrüfatı naziri bütün cəhdlərinə baxmayaraq, qeyd olunan məbləği nə digər banka transfer edə, nə də təyinatına uyğun xərcləyə bilir”.

İş adamı Dönməz Məmmədovun sahibi olduğu “Amal-D” MMC şirkətinə məxsus “Daewoo” markalı 17 avtobusun bu ilin may ayında xətdən çıxarılıb Bakı Şəhər Nəqliyyat Departamentinin cərimə meydançasına aparıldığını qeyd edən mənbənin sözlərinə görə, sahibkardan alınan marşrut nəqliyyat naziri Ziya Məmmədovun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun bacanağının qardaşı Kamil Sadayoğluna verilib: “Bu səbəbdən də iş adamı kreditlə aldığı “Daewoo” markalı avtobusların kredit borclarını ödəyə bilmir”. Nəzərinizə çatdıraq ki, iş adamı mövzu ilə bağlı iki ay öncə verdiyi açıqlamasında bildirib ki, illərdir çalışdığı, ailəsini dolandırdığı, xeyli insanın evinə çörək apardığı iş yeri əlindən alınıb: “Məndən qanunsuzluqla aldıqları marşrutu kənd təsərrüfatı naziri Heydər Əsədova veriblər. Marşrutu Heydər Əsədovun bacanağının qardaşı Kamil Sadayoğluna tapşırıblar. Nəqliyyat Nazirliyinin təsisçisi olduğum “Amal-D” MMC-yə verdiyi və 2017-ci ilə qədər qüvvədə olan lisenziya havada qalıb. Bununla bağlı nəqliyyat naziri Ziya Məmmədovun qudası olan kənd təsərrüfatı naziri Heydər Əsədova teleqram vurmuşam. Teleqramla Heydər Əsədova bildirdim ki, marşrutu qanunsuz olaraq ona veriblər. Onu bu qanunsuzluqdan əl çəkməyə çağırdım. Heç bir reaksiya vermədi. Haqqımı onlara halal etmirəm…”

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın