Ana səhifə / Cəmiyyət / Heydər Əliyevin 1999-cu ildə yazıçılarla məşhur görüşü: “Mən ədəbsiz insanlar görmüşəm, amma sizə deyim ki, bu qədər ədəbsiz insan tariximdə görməmişəm…”

Heydər Əliyevin 1999-cu ildə yazıçılarla məşhur görüşü: “Mən ədəbsiz insanlar görmüşəm, amma sizə deyim ki, bu qədər ədəbsiz insan tariximdə görməmişəm…”

1999-cu ildə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar çox ağır perioddan keçməli olub. 27 oktyabrda Ermənistan parlamentinin gülləbaran edilməsi ilə sülh prosesi dayandı.

Həmin dövrdə Azərbaycanda da ictimi rəy Qarabağla bağlı aparılmış qapalı danışıqlardan narahatlığını ifadə edib. Həmin il yayılan məlumatlardan biri Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən hansısa sazişlə bağlı olub. Gözlənilirdi ki, ilin əvvəlindən start götürən intensiv danışıqlar son nəticədə 1999-cu ilin noyabrında İstanbulda keçiriləcək ATƏT-in sammitində müəyyən nəticələrlə yekunlaşsın.

Bu narahatlıq isə Azərbaycanın bir qrup tanınmış yazıçını prezident Heydər Əliyevə müraciət edərək onları qəbul etməsi üçün məktub yazmağa vadar edib. Heydər Əliyev bu xahişi yerinə yetirib və xalq yazıçıları, şairləri Anar, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qabil və Fikrət Qoca ilə görüşüb. Həmin görüşdə prezident qəti şəkildə bəyan edib ki, Ermənistanla hər hansı bir sazişin imzalanması nəzərdə tutulmayıb.

Əvəzində İstanbul sammitində Azərbaycanın iqtisadi gücünün əsas lokomotivi olacaq Bakı-Ceyhan kəməri ilə bağlı sazişin imzalanacağını açıqlayıb.

Azərbaycan yazıçıları ilə bu məşhur görüş Prezident sarayında, 10 noyabr 1999-cu ildə baş tutub.

Mərhum president bu görüş zamanı Dağlıq Qarabağla bağlı aparılan qapalı danışıqların bir sıra detallarını açıqlayıb, beynəlxalq güclərin bu problemdə maraqlarını və tutduqları mövqeyi izah edib.

Strateq.az “Tarix” layihəsi çərçivəsində 1999-cu ilin noyabrında keçirlimiş həmin görüşü qısa ixtisarla oxuculara təqdim edir:

 

Prezident sarayı, 10 noyabr 1999-cu il…

Heydər Əliyev:

-Sizin hamınızı səmimi-qəlbdən salamlayıram. Çoxdandır görüşmürük. İndi siz təşəbbüs göstərmisiniz, mən də sizing təşəbbüsünüzü qəbul etmişəm. Amma görüşmürük bir ona görə yox ki, görüşmək istəmirik, yaxud ehtiyac yoxdur. Sizin də işiniz çoxdur, amma mənim işim daha da çoxdur. Siz bunu bilirsiniz. İndi mən sizi dinləmək istəyirəm. Çünki siz mənə məktub yazmısınız və məndən xahiş etmisiniz ki, sizə nəsə izah edim. Ona görə mən sizi dinləyirəm.

Anar: 

-Cənab prezident, bu məktubun yazılması səbəblərini mən bir az izah etmək istəyirəm. Biz hamımız başa düşürük ki, danışıqlar gizli gedir, o danışıqların çox məqamlarını hələ açıqlamaq vaxtı deyildir və açıqlamaq da olmaz. Biz onu da başa düşürük ki, bu elə bir şəraitdir ki müəyyən güzəştlərsiz olmaz. Yəqin ki, o tərəf də, bizim tərəf də müəyyən güzəştlərə getməli olacaqdır. Amma bununla bərabər, içtimaiyyətdə bir nigarançılıq vardır. Bizə çoxlu telefon zəngi edirlər, məktub yazırlar, Yazıçılar Birliyinə gəlirlər. Biz milyon dərəcədə imkan daxilində bu danışıqlar haqqında hörmətli prezidentimizdən bir açıqlama istəyirik ki, biz nə həddə qədər güzəştə gedə bilərik? Yəni Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək bir şey olmayacaq ki? Biz də hamıya cavab veririk ki, bizim prezidentimiz heç bir vaxt Azərbaycanın mənafeyinə uyğun olmayan bir sənədə qol çəkməz. Amma bununla bərabər, istərdik ki, Siz bir daha, imkan daxilində bunu müəyyən hüdudlarda açıqlamaq olarsa açıqlayasınız.

Doğrusu, ikinci bir tərəf də odur ki, biz istəyirik o danışıqlarda Siz yalnız müxalifətin yox, – müxalifətin öz işidir, – Sizi dəstəkləyən ziyalıların da mövqeyini danışıq apardığınız tərəfə çatdırasınız ki, ziyalılar da, geniş ictimaiyyət də məhz bu məsələ ilə maraqlanırlar, bu məsələnin, Ümumiyyətlə, Azərbaycanın mənafeyinə toxunmayacaq bir şəkildə imzalanmasının tərəfdarıdırlar. Bizim məktubumuzun səbəbi də bu idi. Bunları Sizə demək istəyirdik.

Bəxtiyar Vahabzadə:

-Anar müəllim çox gözəl dedi. Bilirsiniz, mən hərdən görüşəndə Sizə məktublar təqdim edirəm – mənə gələn məktubları. İnanın ki, hər gün evə beş-on adam gəlir. Əvvəllər başqa şey üçün gəlirdilər. Gəlirdilər ki, “mənə iş düzəlt, ya məhkəməyə düşmüşəm, ya oğlum məktəbdən kəsilib” və sairə. Ümumi məişət söhbətlərinə aid xahişlər. Amma son zamanlar – Sizin Cenevrədəki,Sədərəkdəki görüşlərinizdən sonra məktubların məzmunu əsasən ondan ibarətdir ki, biz nigaranıq, necə olacaq, nə təhər olacaqdır. Sizi inandırıram, yolla, küçə ilə piyada əlli addım getmək mümkün deyildir. Camaat müraciət edir ki, siz bilirsiniz. Özü də bunlar elə güman edirlər ki, biz hər gün Sizin yanınızdayıq. Ona görə biz narahat idik. Yazıçılar Birliyində bir yerdə oturduq və dedik ki, prezidentə müraciət edək. Siz tam olmasa da, heç olmasa müəyyən bir açıqlıq verəsiniz ki, camaat da bilsin.

Heydər Əliyev: 

-Yaxşı. Daha nə demək istəyirsiniz?

Hüseyn Abbaszadə:

-Möhtərəm prezident, bu hadisə ilə əlaqədar son zamanlar bizi küçədə, yolda saxlayıb soruşurlar ki, bu işlər necədir, güzəşt nədən ibarətdir? Deyin, biz bilək. Vallah, billah, bilin ki, biz də bilmirik. Amma güzəşt məsələsi var. Bu güzəştləri bilmək istəyirik. O güzəştlərdə bizim ərazi bütövlüyümüz təmin olunurmu, Azərbaycana zərər dəyəcəkmi? Biz də deyirik, – inanmırıq ki, bizim prezidentimiz Azərbaycanın mənafeyinə zidd olan bir sənədə qol çəksin. Onlar evə zəng edirlər, Yazıçılar Birliyinə gəliblər, hər yerdə soruşurlar. Deyirlər ki, axı biz onlara kifayət qədər güzəşt etmişik, ən yüksək status verməyə hazırıq.

Cənab prezident, müxtəlif söz-söhbət gəzir. Özü də bunları çaşdıran ələlxüsus Azərbaycandan kənarda çap olunan materiallar və Rusiya televiziya və radiosunun verdiyi, yaydığı məlumatlardır. Məsələn, “Nezavisimaya qazeta”da, “Den” və başqa qəzetlərdə onlar bəzi şeylər yayırlar. Bütün bu informasiyalar adamları çaşdırır. Biz də Sizdən xahiş edirik ki, camaatı sakit etmək üçün mümkün qədər, nə mümkünsə deyəsiniz.

Heydər Əliyev: 

-Qabil, sən nə demək istəyirsən?

Qabil: 

-Bizim o müraciətimiz ancaq can yanğısıdır. O heç məsləhət də deyil. Nəticəsi elə odur. Məsələn, camaat elə bilir ki, mən hər gün Sizinlə görüşürəm, oturub çay içirəm. Amma başa düşmürlər ki, elə deyildir. Camaat elə bilir ki, mənə nə desələr, o dəqiqə Sizə satdıra bilərəm. Elə bilirlər ki, biz ixtiyar sahibiyik. Amma camaatın bu təsəvvürü yanlış deyil. Ona görə ki, bizim Azərbaycan xalqı həmişə şairi ilə, yazıçısı ilə fəxr edibdir, -mən o qrafomanları və s. nəzərdə tutmuram, – dərdini, sözünü ona deyilə, onun üstünə gəlibdir. Tanıdığına, etibar etdiyinə, əsərlərinə, çıxışlarına görə. Ona görə də biz Sizə bu müraciəti dostyana, məhrəmanə, böyük bir səmimiyyət pərdəsi ilə yazmışıq, qol çəkmişik.

Sizə onu deyim ki, Sizin öz sözləriniz bizə imkan verir. Məsələn, Siz bütün çıxışlarınızda deyirsiniz ki, sülh, sülh, sülh yolu ilə. Lap axırda deyirsiniz ki, əgər bunların hamısından əlimiz üzülsə, heç bir şey mümkün olmasa, biz müharibə, hərb yolu ilə torpaqlarımızı azad edəcəyik. Camaat da fikirləşir ki, bir halda prezidentimiz sözünün sonunda deyir ki, torpaqlarımızı hərb yolu ilə azad edəcəyik, onda bəs bu ordunun – heç olmasa gizli şeylər qalsın, istəmirik və istəyə də bilmərik -vəziyyəti yaxşıdırmı, hazırdırmı? Ordumuzun haqqını, çörəyini, paltarını kəsənlərlə, əliəyrilərlə necə mübarizə aparılır?

Siz göstəriş vermisiniz, orduda işləri komissiya yoxlayıb Sizə məlumat veribdir. İndi, türkün sözü, ucundan-qulağından bəlkə biz də bir şey bilək, məsləhətinizlə camaata deyək. Mən çıxışımda da demişəm ki, – Sizdən uzaq-uzaq olsun, – Allahın bir çobanı – çobana bizim hörmətimiz var, zəhmətkeşdir – üstündə gəzdiyi, qoyun otardığı torpağın bir qarışını vermədiyi halda, necə ola bilər ki, ölkənin, xalqın qarantı olan böyük bir şəxsiyyət, necə deyərlər, əlli, yüz diplomatı, aşıqlar demişkən, bağlayıb yola salan adam gərəksiz bir şeyə qol çəksin, xalqa sərf etməyən bir sənədə qol çəksin?

Bağışlayın, başınızı ağrıdıram. Siz bir dəfə Dövlət Neft Şirkətinin prezidentinə əsəbiləşdiniz və dediniz ki, axı hələ bu “Mirvari”, “Lənkəran” yataqları bir yana qalsın, indi çıxan neft hara gedir? O da nəm-nüm etdi, qaldı belə, indi onu camaat da soruşur.

Ordumuzun möhkəmlənməsi, güclənməsi, – Sizin sözünüzün qüvvəti, – çox vacib bir məsələdir. Torpağımızı, vətənimizi, millətimizi qorumaq üçün lazımdır. Bütün bu məsələlər haqqında camaat bilmək istəyir, məlumat istəyir.

Fikrət Qoca: 

-Biz bir orduya bərabər insana öyüd-nəsihət vermək fikrində deyilik. Sizin bu dövlətin, Azərbaycan Respublikasının üzərində o qədər zəhmətiniz vardır ki, onu məndən, hamımızdan çox qorumağa Sizin haqqınız vardır və bilirik ki, Siz onun bir daşından da keçməzsiniz.

Bu söz-söhbət bağlı gedirsə, deməli, belə olmalıdır. Çünki üz-üzə gələn adamlar, əlbəttə, – bir addım o atanda, bir addım da o birisi atır. Ümumiyyətlə, əgər danışıq yoxdursa, kompromis yoxdur. Danışıq varsa, kompromis də olmalıdır. Bu məlumdur. Biz bunu yaxşı bilirik. Amma camaatın bir hissəsi var ki, bu sözsüzlükdən, səssizlikdən şayiələr yaymağa başlayırlar. Məncə, bizi kənarda istəməyənlərdən çox, içimizdə istəməyənlər vardır və bundan istifadə edənlər vardır.

 

Heydər Əliyev: 

-Sözün çox düzdür.

Fikrət Qoca: 

-Bundan istifadə edirlər. İstədik ki, bu sözlərin qabağına hər kəs bacardığı bir daş qoysun. Bu günlər qəzetlərin birində bizə yazıblar ki, “kor şairlər də dilləndi”. Bu belədir. Bunların mənəviyyatı budur.

Cənab prezident, bilirik, belə danışıq olmaz – yəni, məgər 8 milyon yığışıb danışmaq üçün Ermənistana gedəcəkdir? Bu, mümkün olan iş deyildir. Bu danışıqları bir adam aparmalıdır. Biz də Sizə səs vermişik, Sizə inanırıq və bilirik ki, bunu Sizdən yaxşı apara bilən olmayacaqdır. Yəni, biz məktubu bu mənada yazmışıq.

Heydər Əliyev: 

Mən sizi çox məmnuniyyətlə dinlədim. Sizinlə görüşümdən çox məmnunam. Çünki siz bilirsiniz ki, mənim ədəbiyyat, elm, mədəniyyət, incəsənət xadimlərinə xüsusi hörmətim var.

Siz mənə məktub yazmısınız. Bu təbiidir. Çox sağ olun və indi nə mümkündür, mən sizə deyəcəyəm.

Mən hesab edirəm ki, bizim aramızda olan səmimi münasibətlər, dostluq münasibətləri elədir ki, siz həmişə mənə müraciət edə bilərsiniz – məktubla da, telefonla da. Heç narahat olmayın, mən həmişə sizi dinləyə bilərəm.  Bəli, mən 1993-cü ildə buraya gələndən Azərbaycanı bu bəladan, bu faciədən qurtarmağa çalışıram. Siz bunların, ola bilər ki, az hissəsini bilirsiniz. Məsələn, o görüşü ki, televiziyada verirlər. Yaxud da, televiziyada görürsünüz ki, mən onunla, ola bilər, yarım saat danışıram, amma televiziyadan sonra bir-iki saat da mətbuatsız danışıram. Eləsi də var ki, bu görüşlər televiziyada da verilmir, mətbuata da verilmir.

Əmin ola bilərsiniz ki, 1993-cü ilin payızından mən artıq başladım bu işlərə girişməyə. Azərbaycanın daxilində vəziyyəti bir az sabitləşdirərək mən gecə-gündüz bu məsələ ilə məşğul oluram. Ancaq məsələ həddindən artıq ağır, çətin məsələdir. Ona görə ki, bu münaqişə 1988-ci ildən başlayıbdır və o vaxtdan Dağlıq Qarabağ Azərbaycanın hakimiyyətindən çıxıbdır. Bunun tarixini siz yaxşı bilirsiniz. 1989-cu ildə Moskvanın qərarı ilə Dağlıq Qarabağın idarə edilməsi üçün xüsusi bir idarə yaradılanda, demək, Dağlıq Qarabağ tamamilə Azərbaycanın tərkibindən çıxdı. Ondan sonra idarə ləğv edildi, amma Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayıbdır. 12 ildir Dağlıq Qarabağ Azərbaycanın tərkibində deyildir və Ermənistanla birbaşa bağlıdır. Səbəblərini siz yaxşı bilirsiniz. Bu səbəblərdən ermənilər 1988-89-cu illərdə azərbaycanlıları oradan çıxartdılar. Amma son olaraq bunlar 1992-ci ildə bir neçə yerdə qalmışdılar, oradan da çıxırdılar. Ondan sonra Dağlıq Qarabağda bir azərbaycanlı da yaşamır. Ancaq Dağlıq Qarabağın ətrafında bizim yeddi rayonumuz, özü də böyük rayonlarımız, sırf azərbaycanlılar yaşayan rayonlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. O qaçqınlar da bir milyona qədərdir. Onlar nə qədər ağır şəraitdə yaşayır, – siz bunu bilirsiniz.

Bilirsiniz, məni bu dərd gecə-gündüz yandırır və indiyə qədər nə mümkündür, əlimdən gələni eləmişəm. Mən bunu cəsarətlə deyirəm, bəlkə də heç kəs mənim kimi bu qədər bu məsələ ilə məşğul ola bilməzdi. Nə üçün? Çünki belə məsələlərlə məşğul olmaq üçün birinci, siyasi təcrübə lazımdır; ikincisi, diplomatiya təcrübəsi lazımdır; üçüncüsü, iradə lazımdır; dördüncüsü, vətənə, torpağa, millətə səmimi bağlılıq lazımdır; beşincisi, öz canını, öz həyatını bu işə sərf etmək lazımdır. Bəlkə başqaları da vardır. Amma bütün bu xüsusiyyətlər məndə cəmdir və ona görə də mən bu danışıqları aparmışam. Təsəvvür edin, 1992-ci ildə Helsinkidə ATƏT-in zirvə görüşü oldu. Azərbaycan nümayəndə heyəti Azərbaycanın o vaxtkı prezidenti Elçibəy başda olmaqla bu zirvə görüşündə iştirak edirdi. Orada bir qərar qəbul olunmadı, heç bu barədə söhbət də getmədi. Ola bilər, danışıq oldu, amma bir yerdə bir maddə yazılmayıbdır. 1992-ci ildən bununla ATƏT və ATƏT-in Minsk qrupu məşğuldur. Siz bilirsiniz.

1994-cü ilin dekabr ayında Budapeştdə ATƏT-in zirvə görüşü oldu. Mən o vaxta kimi nə qədər danışıqlar apardım -Amerikanın prezidenti ilə, Fransanın prezidenti ilə, İngiltərənin Baş naziri ilə, Rusiyanın prezidenti ilə, hələ başqalarını demirəm. Bizə yaxın olan Türkiyənin prezidenti həmişə bizimlə bərabər idi. Nəhayət, biz 1994-cü ilin dekabr ayında Budapeşt zirvə görüşündə bu məsələni çox köklü olaraq gündəliyə saldıq və ATƏT-in xüsusi olaraq sülhməramlı dəstələr yaratması qərara alındı. Orada Amerika ilə Rusiya bir neçə öz məsələlərini güzəştə gedərək belə qərar qəbul olundu ki, bu, qəbul edilsin. Bu, məsələnin sülh yolu ilə həll olunması üçün artıq bir irəliləmə idi.

1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə 23-cü maddə var idi. Sonra oldu 22-ci maddə. Bilirsiniz ki, hər bir zirvə görüşündə siyasi bəyannamə qəbul olunur. İndi də İstanbulda siyasi bəyannamə qəbul olunacaq və bir neçə başqa sənəd də qəbul ediləcəkdir. Demək, o bəyannamədə münaqişələr və başqa məsələlər əks olunur. Oraya biz Azərbaycanın mənafelərini təmin edən maddə salmışıq və bunu da biz Minsk qrupunda hazırlamışdıq. Hazırlıq da əvvəl Helsinkidə keçmişdi, sonra Vyanada keçmişdi və Minsk qrupunun üzvləri də bununla razı olmuşdular. Ancaq Ermənistan buna etiraz etdi. Çünki burada yazılırdı ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Dağlıq Qarabağa Azərbaycanın daxilində status verilməlidir. Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunmalıdır – bunların hamısı bu maddədə var idi. Ermənistan bunun əleyhinə çıxdı. ATƏT-in də qanunudur – konsensus: əgər bir dövlət etiraz edirsə, bu qərar qəbul olunmur. Bizdə nə qədər böhranlı vəziyyət yarandı. Mən orada nə qədər, neçə adamlarla görüşdüm. Yəni dövlət başçıları ilə. Deyirdilər ki, həqiqətən, biz sizi dəstəkləyirik. Hamısı dedi ki, düzdür, biz sizi dəstəkləyirik, ancaq biz konsensus prinsipini poza bilmərik. Əgər Ermənistan buna razı deyilsə, biz bunu bəyannamədən çıxarmalıyıq. Nə edək? Bir dənə yüngül, mənasız bir şey yazılırdı. Heç kəsin təsəvvürünə gələ bilməzdi ki, Azərbaycanın prezidenti – xırda, kiçik bir respublikanın prezidenti və ağır vəziyyətdə olan bir ölkənin prezidenti bu qədər cəsarətli addım atsın. Bu da nədən ibarət oldu? Mən öz səlahiyyətlərimi bilirdim. Əgər Ermənistan hansısa maddəyə veto qoyursa, mən də hansısa maddəyə veto qoya bilərdim. Amma orada elə bir maddə yox idi ki, mən bunun əvəzinə ona veto qoyum. Mən isə götürdüm bütün bəyannaməyə veto qoydum. Təsəvvür edirsiniz?!

 

Demək, belə çıxırdı ki, iki gün ərzində ATƏT-in zirvə görüşü keçib və adamlar artıq bir neçə saatdan sonra dağılmalıdır, görüş qurtarır. Mən axşam buna veto qoydum. Səhər tezdən mənimlə görüşlər başladı. Əvvəl bütün dövlət başçıları ilə görüşə mən gedirdim. İndi onlar bir-bir mənim yanıma gəlirdilər. Özü də ki, ən böyük dövlətlərin başçıları. Ən böyük bir dövlətin başçısı mənə dedi ki, siz niyə belə edirsiniz, nədən ötrü belə edirsiniz? Dedim, bəs əlacımız nədir? Başqa əlacımız yoxdur. Siz nə üçün Ermənistana təsir edə bilmirsiniz ki, Azərbaycanın bu ədalətli təklifi orada əks olunsun? O mənə dedi ki, bilirsiniz, konsensus prinsipi vardır. Dedim, çox sağ olun, mən də bu konsensus prinsipindən istifadə edirəm. Mənə bir söz deyə bilmədi.

Ondan sonra başladılar mənə yalvarmağa ki, bunu götür. Dedim, götürməyəcəyəm. Nə edirsinizsə edin, götürməyəcəyəm. Mən buradan çıxıb gedirəm, mən burada ədalət görmürəm, bu ATƏT-də ədalət görmürəm, çıxıb gedirəm. Məcbur oldular, həmin bu maddələr ki orada yazılmışdı, onu götürüb ayrıca, geniş bir sənəd kimi qəbul etsinlər. O da sədrin bəyanatı kimi qəbul olundu. Amma buna da səs vermək lazım idi. Onu da sədr elan edə bilməzdi. 54 dövlətdən 53-ü buna səs verdi. Demək, 53-ü bizim mövqeyimizi müdafiə etdi. Bir Ermənistandan savayı. Doğrudur, burada müxalifət bunu məğlubiyyət kimi qiymətləndirdi. Müxalifət qaraya ağ deyir, ağa qara deyir. Bu təbiidir.

Mən buna, necə deyərlər, heç təəccüblənmirəm. Amma Ermənistanda matəm oldu. O vaxtdan üç il keçibdir. Biz o prinsiplərin həyata keçirilməsinə çalışırıq. Həmin o 53 dövlət ki, bunu dəstəkləyibdir, onların vasitəsilə, onlarla görüşərək, onlardan xahiş edərək Ermənistana bunu qəbul etdirə bilmirik.

Siz bilirsiniz, Rusiyanın xarici işlər naziri sentyabrın əvvəlində burada olmuşdur. Əgər televiziyada gördünüzsə, – qəzetlərdə də yazılıb, – mən ona nə qədər kəskin sözlər dedim. Ondan sonra Amerika prezidentinin bu məsələlər üzrə xüsusi səfiri Kavano buraya gəlmişdi, – ona nə qədər kəskin sözlər dedim. Fransa Minsk qrupuna yeni səfirini təyin edibdir. Dünən ona nə qədər kəskin sözlər dedim. Ondan əvvəlkilərə də. Götürün, qəzetdən oxuyun.

Bəxtiyar Vahabzadə:

-Cənab prezident, yadımızdadır.

Heydər Əliyev: 

-Rusiyanın xarici işlər naziri, ola bilər ki, televiziya qarşısında o cür kəskin sözləri ömründə heç vaxt eşitməmişdi. Başa düşürsünüz!

Arada Çernomırdin bura gəldi. Artıq o, Baş nazir deyildi. Amma Yuqoslaviya məsələsini həll etmək üçün Yeltsin onu səlahiyyətli nümayəndəsi təyin etmişdi. Bu da bütün MDB ölkələrini gəzib bizim fikirlərimizi öyrənmək üçün gəlmişdi. O, neçə il Baş nazir olmuşdu. Mən ona neçə dəfə demişdim ki, Azərbaycana gəl. Gələ bilməmişdi, vaxtı olmamışdı. Yuqoslaviya məsələsi qaldı kənarda, bütün mətbuatın qarşısında mən bunu əvvəldən axıra qədər ittiham etdim – Dağlıq Qarabağ məsələsi ilə əlaqədar. O bilmirdi nə etsin. Sonra gedib başqa bir MDB dövlətinin prezidenti ilə görüşündə – o, buradan sonra onun yanına getmişdi – demişdi ki, Heydər Əliyev məni elə bir vəziyyətə qoydu ki, bilmirəm nə edim. Çünki bütün mətbuatın qarşısında mənə o cür sözlər dedi, mən ona heç bir cavab verə bilmədim. Yaxşı, bundan artıq nə etmək olar? Mən əlimə ağac alıb bunların başını yarmayacağam ki! Ya tapança alıb bunları öldürməyəcəyəm ki! Başa düşürsünüz?!

İndi həmin o Lissabon zirvə görüşünü götürək. O vaxta qədər Minsk qrupunda Rusiya hakim idi. Mən məsələni qoydum ki, artıq belə olmaz, gərək Amerika Birləşmiş Ştatları da Rusiya ilə bərabər həmsədr olsun. Amerika Birləşmiş Ştatları ilə danışdıq və söz verdilər ki, əgər onlar həmsədr olsalar, bu işi irəliyə apara biləcəklər. Biz bu təklifi verdik. Rusiya və Ermənistan Amerika Birləşmiş Ştatlarının əleyhinə çıxdılar. Mən dedim ki, yox. Amerika Birləşmiş Ştatlarının nümayəndələri də bizə deyirlər ki, siz möhkəm durun. Fransanın namizədliyini verdilər. Yanvar ayının 11-12-si idi. Fransanın prezidenti Jak Şirak məni rəsmi səfərə dəvət etmişdi. O vaxt da bu məsələ həll olunurdu. Mən gəldim, prezident sarayında – Yelisey sarayında o, məni təmtəraqlı qəbul etdi və danışıqlar apardı. Danışıqlarımızın yarısı bunun üstündə oldu ki, siz niyə bizim həmsədr olmağımızı istəmirsiniz? Təsəvvür edin, Fransanın prezidenti kimi çox hörmətli, dünya siyasətində böyük bir yer tutan adama – mən onun qonağı olduğum halda – üzbəüz dedim ki, biz sizə inanmırıq. Çünki burada ermənilər çoxdur, ermənilərin burada təsiri çoxdur. Biz sizə inanmırıq. Siz istəyirsiniz inciyin, istəyirsiniz inciməyin. O, mənə nə qədər dedi ki, biz Ermənistanla dostuq, bizim dostluğumuzun 300 illik tarixi vardır – bunlar həqiqətdir, amma biz Azərbaycanla da dost olmaq istəyirik və bu işə kömək etmək istəyirik. Başa düşürsünüz?

Mən dedim, yox. Bunu kim edə bilər? Təsəvvür edirsiniz! Sonra mənə ordan-burdan bəzi sözlər də dedilər. Xarici işlər naziri ilə görüşəndə o mənə dedi ki, siz düz etmədiniz, yaxşı deyil, filan. Ancaq dedim, yox, Amerika olmalıdır. Sonra nə oldu? Sonra elə oldu ki, məcbur oldular mənim də təklifim qəbul edilsin, Rusiya ilə Ermənistanın da təklifi qəbul edilsin. Üç həmsədr olsun. Yəni burada kompromis oldu: Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa.

Doğrudur, indi mən ədalət naminə demək istəyirəm ki, bəlkə də o vaxtlar mən səhv edirdim. Çünki Fransanın prezidenti Jak Şirak sonralar bütün hərəkətləri ilə sübut etdi ki, həqiqətən o, bu məsələnin həll olunmasına kömək etməyə çalışır. O mənə deyirdi ki, “biz Ermənistanla dostuq. O sözləri ki, biz Ermənistana deyə bilərik, heç kəs deyə bilməz. Ona görə siz nahaq bizdən imtina edirsiniz”. Mən bu həqiqəti sonra gördüm və çox məmnunam ki, indi prezident Jak Şirakla mənim şəxsi dostluğum yaranıbdır. Bəlkə o vaxtlar mən səhv etmişdim. Ancaq bəlkə də elə mənim bu hərəkətim ona gətirdi ki, indi üç həmsədr vardır – dünyanın üç böyük dövlətindən həmsədr vardır. Amerika söz verdi, Fransa söz verdi, Rusiya da həmişə deyir ki, edəcəyik. Üç il keçibdir. 1997-ci ildə paket təklifi verdilər, – yəni işğal olunmuş torpaqların azad olunması ilə bərabər, Dağlıq Qarabağın statusu məsələsi müəyyən edilsin. Bu, bizi qane etmirdi. Amma biz fikirləşdik ki, nə edək, heç olmasa bunu qəbul edək. Əlimizdə də Lissabon sammitinin sənədi var idi. Mən Amerika Birləşmiş Ştatlarına getdim, avqustun 1- də Ağ evdə prezident Bill Klintonla görüşdüm. Onlar dedibr ki, çox yaxşı ki, bu təklifi qəbul etmisiniz, amma bunu bəyan edin. Mən Ağ evdəki nitqimdə bunu bəyan etdim. Amma Ermənistan həmin təklifi qəbul etmədi. Sonra Minsk qrupu yeni bir sənəd hazırlayıb sentyabr ayında bizə verdi. Bu sənəddə münaqişənin mərhələ-mərhələ həll edilməsi nəzərdə tutulurdu: demək, birinci mərhələdə – işğal olunmuş torpaqlar azad olunur, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi müəyyən edilməlidir. Biz bunu qəbul etdik. Ədalət naminə demək lazımdır ki, Ermənistanın o vaxtkı prezidenti Ter-Petrosyan da buna müsbət münasibət göstərdi. Hətta biz oktyabr ayında Strasburqda olarkən rəsmi surətdə birgə bəyanat verdik ki, biz bu təklifi prinsip etibarilə qəbul edirik. Ter-Petrosyan bu təklifin qəbul olunması üzərində durdu. Yəqin bilirsiniz, – o, “Nezavisimaya qazeta”da böyük bir məqalə dərc etdirdi. Dedi ki, mən bu təklifi axıradək həyata keçirəcəyəm. Mən o məsələlərdən danışıram ki, bunları indiyədək mətbuatın qarşısında heç kəsə deməmişəm. 1997-ci il qurtardı, 1998-ci ilin əvvəlində mən eşitdim ki, Ter-Petrosyan Parisə gedibdir. Mən Fransa prezidenti Jak Şiraka telefon etdim, onunla danışdım, soruşdum ki, vəziyyət necədir? Jak Şirak bildirdi ki, Ter-Petrosyan öz qərarının üzərində dayanır, mən də demişəm ki, düz edirsən. Əlavə etdi ki, Ter-Petrosyan mənim dostumdur – həqiqətən də onların keçmişdən dostluğu var idi – o, təxminən ayın 10-11-dək Təhlükəsizlik Şurasının iclasını keçirəcək, bu qərarı qəbul edəcək və ondan sonra işlər başlanacaq, mən sənə zəng edəcəyəm. Ondan sonra nə oldu? Ermənistanda müxalifət qüvvələri Ter-Petrosyana təzyiq etməyə başladılar. Birinci növbədə Robert Koçaryan, sonra müdafiə naziri və başqaları onun əleyhinə çıxdılar. Ter-Petrosyan və onun bir neçə tərəfdarı istefa verdilər. Bu məsələdə böhran yarandı. Ter-Petrosyan da bildirdi ki, bir halda mən Ermənistana neçə illərdir başçılıq edirəm, münaqişənin bu təkliflər əsasında həllinə razılıq verirəm. Əgər siz bunu qəbul etmirsinizsə, mən artıq burada otura bilmərəm. Ter-Petrosyan istefa verərək dedi ki, müharibə partiyası qalib gəldi, sülh partiyası məğlub oldu. O, vəzifədən getdi. Ermənistanda vəziyyət dəyişdi. Minsk qrupu fəaliyyətini dayandırdı ki, gözləyək, Ermənistanda prezident seçkiləri keçirilsin. Orada prezident seçkiləri oldu, yeni prezident seçildi. Bundan sonra Minsk qrupu bildirdi ki, bir az da gözləyək, yeni prezident öz işlərini sahmana salsın. Biz də gözlədik.

Ondan sonra, 1998-ci ildə mən Ermənistanın yeni prezidenti ilə Moskvada görüş keçirdim, gördüm ki, vəziyyət çox çətindir. Xatirimdədir, 1998-ci ildə biz Yaltada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etdik. Bizim dostumuz, Türkiyənin prezidenti Süleyman Dəmirəl də orada idi. O da Ermənistan prezidenti Robert Koçaryanla orada görüşdü və sonra dedi ki, yox, çətin məsələdir. Beləliklə, 1998-ci il tamamilə boş qaldı. Rusiyanın 1998-ci ildə hazırladığı layihəni – “ümumi dövlət” layihəsini bizə təqdim etdilər. Biz bunu qəbul etmədik, amma Ermənistan dərhal qəbul etdi. Təsəvvür edin, Minsk qrupunun ondan əvvəl hazırladığı bütün təklifləri Ermənistan rədd etmişdi və Minsk qrupu da geri çəkilmişdi. Amma son təklifi verdilər, biz onu qəbul etmədik, Ermənistan qəbul etdi. Minsk qrupu bizə təzyiq etməyə başladı ki, siz bunu qəbul edin. Onların nümayəndəsi dəfələrlə buraya gəlib-getdi. Mən bildirdim ki, xeyr, biz bunu qəbul edə bilmərik. Sonra Amerika Konqresində çıxışlar etməyə başladılar ki, nə üçün Azərbaycan Minsk qrupunun təklifini qəbul etmir, Ermənistan qəbul edir? Əcəba, Ermənistan Minsk qrupunun təkliflərini qəbul etməyəndə niyə bir adam durub demədi ki, Ermənistan nə üçün belə edir? Amma Azərbaycan bircə dəfə təklifi qəbul etməyəndə, bizim başımıza nə işlər gəlir. Təəssüflər olsun ki, müxalifət qüvvələri özlərini çox ədalətsiz, bəzən də çox vicdansızcasına aparırlar, görülən hər işə qara yaxırlar. Bilirsiniz, düzgün başa düşün, mən burada öz fəaliyyətimi şişirtmək istəmirəm. Bu işləri mən görürəm. Bəli, mən Amerika prezidenti Bill Klintonla bu barədə altı dəfə söhbət etmişəm. Fransanın, Almaniyanın, İngiltərənin dövlət başçıları ilə bu barədə dəfələrlə söhbət aparmışam. Rusiyanın prezidenti ilə həddindən artıq söhbətlərimiz olubdur. MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşləri keçirilir. Həmin görüşlər qapalı olur. Bəziləri deyirlər ki, Heydər Əliyev nə üçün Azərbaycanı MDB-nin üzvü etdi? Vaxtilə Azərbaycan MDB-nin üzvü deyildi, biz nə qədər zərərlər çəkmişik, mən onları da sizə deyəcəyəm. Biz MDB-nin üzvü olmayanda orada nə olduğunu bilmirdik. Halbuki, Ermənistan da, başqa respublikalar da bu birliyin üzvü idilər. Amma biz kənarda durmuşduq. Biz MDB-yə üzv olduq, öz sözümüzü deyə bildik.

1993-cü ilin dekabr ayında Azərbaycan MDB-nin üzvü olan kimi Aşqabadda keçirilən zirvə görüşündə mən böyük bir bəyanat verdim. Bütün dünyaya yayılan həmin bəyanatda dedim ki, mən bu MDB-ni təşkilat hesab etmirəm. Çünki bir təşkilatın üzvü olan iki dövlət əgər bir-biri ilə müharibə aparırsa, bu ittifaq ola bilməz. Sizə onu da deyim ki, mənim o vaxtkı çıxışım sanki heç olmamışdı. Yəni nə Boris Yeltsin, nə də digər dövlətlərin başçıları ona qulaq asmadılar. Əlimdən o gəldi ki, yazılı surətdə olan həmin çıxışımın mətnini bütün dünyaya yaydım. Mən bir neçə dəfə o cür bəyanat vermişəm.

Bilirsiniz ki, MDB-nin zirvə görüşlərindəki çıxışların hamısı, protokollar mətbuatda dərc olunmur. Amma onların hamısı məndə var. Mən onları tanış olmaq üçün sizə verə bilərəm. Elə bir iclas yoxdur ki, mən orada Rusiyanı günahlandırmayım ki, siz Ermənistanla Azərbaycana birtərəfli münasibət göstərirsiniz, siz Ermənistanı silahlandırırsınız, siz bu münaqişəni həll etmək üçün lazımi tədbirlər görmürsünüz. Başa düşürsünüz, bunları orada demək üçün cəsarət, bilik və dil lazımdır. Mən bunları heç kəsdən də qorxmayaraq, çəkinməyərək edirəm. Bilirəm ki, dediyim bütün bu sözlər mənim, eyni zamanda Azərbaycanın əleyhinə əks təsir yaradır. Bu da təbiidir. Ancaq başa düşürsünüz, mənim prinsipial mövqeyim vardır. Bax, indi vəziyyət belədir.

Belə bir vəziyyətdə nə etmək lazımdır?

Aprel ayında mən Amerikada olanda ABŞ-ın xarici işlər naziri Olbrayt məsləhət gördü ki, Koçaryanla görüşək. Görüşdük, danışdıq. Ondan sonra da bir neçə dəfə görüşlər keçirdik. Mən hesab edirəm ki, bu görüşlər faydalıdır. Ancaq mən bu görüşlərin məzmunu haqqında heç bir şey deyə bilmərəm, heç kəsə deyə bilmərəm. Nə üçün? Çünki hələ bunun bir nəticəsi gəlməmişdir. Biz hər hansı bir nəticəyə gələ bilsək, heç kəs narahat olmasın, bu, birinci növbədə Azərbaycanın elə sizin kimi ziyalıları, ağsaqqal adamları qarşısında qoyulacaqdır. İkinci, bütün ictimaiyyətə çatdırılacaqdır. Üçüncü, Məclisdə müzakirə olunacaqdır. Dördüncü, referendum keçiriləcəkdir. Bunların heç birisi prezident tərəfindən özbaşına edib bilməz.

Ona görə də, bilirsiniz, bu narahatlığın heç bir əsası yoxdur. Amma sizi rahat etmək üçün demək istəyirəm ki, – müxalifət gündə qəzetlərdə yazır ki, İstanbulda, nə bilim, saziş imzalanacaqdır, nə olacaqdır, ayın 14-də mitinq keçirmək istəyirlər, keçirsinlər, – İstanbulda heç bir şey imzalanmayacaqdır. Amma mən bunu niyə sizə, yaxud başqalarına deməliyəm? Mən prezidentəm, məni xalq seçilə, mən üzərimə məsuliyyət götürmüşəm. Bəli, mən üzərimə məsuliyyət götürmüşəm, amma müxalifət heç bir məsuliyyət daşımır – Azərbaycanı dağıtmaqdan başqa.

İstanbulda Bakı-Ceyhan haqqında müqavilə imzalanacaqdır. Onu da sizə çatdırıram ki, biz bu barədə nə lazımsa eləmişik. Amerika da buna çox maraqlıdır. Bilirsiniz ki, bu, Türkiyə üçün böyük bir hadisədir. Bizim nümayəndələr iki-üç aydır ki, Ankarada oturublar. Amma indi, son vaxtlarda bəzi maneçiliklər var. Bu gün Amerikanın səfiri yenə mənim yanıma gəlmişdi, onunla danışırdım. Maneçiliklər var. Bəzi elə şeylər var ki, biz onları qəbul edə bilmərik. Siz onlara deyin ki, biz bunu qəbul edə bilməyəcəyik. Biz öz mənafelərimizdən, nə təhər deyərlər, kiminsə hesabına keçə bilmərik. Buna görə mən onlara demişəm ki, siz bu işdə maraqlısınız, gedin, təmin edin, bütün maddələr düzgün təmin olunsun. Güman edirəm, olacaqdır, bu müqavilə imzalanacaqdır.

Bilirsiniz, bu zirvə görüşünün öz sənədləri var. Birincisi, siyasi bəyannamədir. Siyasi bəyannamədə yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsi haqqında nəsə yayılacaqdır, indi biz onun üzərində işləyirik. İkincisi, XXI əsrə aid xartiya. Üçüncüsü isə Avropada adi silahlar haqqında, 90-cı ildə NATO ilə Varşava paktı arasında bir müqavilə imzalanıbdır. 92-ci ildə Varşava paktı da dağılıbdır. Burada müəyyən dəyişikliklər əmələ gəlib, mən bunu da sizə deyəcəyəm ki, biləsiniz. Bu dəyişikliklərdən Azərbaycan çox zərər çəkibdir.

Dörd ildir ki, Amerika Birləşmiş Ştatları bizimlə danışıq aparır və bəzən də təzyiq edirlər ki, razılıq verək ki, müasir vəziyyətə uyğunlaşdırılmış müqaviləyə imza atılsın. Lissabon sammitindən öncə, iki-üç ay qalmış, Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri buraya gəldilər. Bizim nümayəndələr oraya gediblər, danışıqlar apardıq. Gördük ki, bu, bizim zərərimizədir, biz buna yol vermərik. Təkcə biz bunun qarşısında durduq. Lissabon sammitində məndən nə qədər xahiş elədilər ki, siz öz etirazınızı götürün, qalan hamısı imzalamağa hazırdır. Orada da əsasən Rusiya ilə Amerika arasında söhbət gedir. İndi daha Varşava paktı yoxdur, söhbət Rusiya ilə Amerika arasında gedir. Eləmədik. Üç il keçibdir ki, eləməmişik. İndi yenə də Vyanada danışıqlar gedir, İstanbulda danışıqlar gedir. Biz hələ razılıq verməmişik. Bu mövzunu da sizə deyəcəyəm, bu, bizim üçün nə faciədir – bunu da sizə deyəcəyəm. İndiyə qədər heç kəsə deməmişəm, amma sizə deyəcəyəm.

İndi əgər bu qərar qəbul olunsa, imzalanacaqdır. Bunlar sammitin qərarlarıdır. Amma vaxtdan istifadə edib Bakı-Ceyhan müqaviləsini də orada imzalamaq istəyirik. Çünki Amerika prezidenti də orada iştirak etmək istəyir. Şübhəsiz ki, Türkiyənin, Azərbaycanın, Gürcüstanın prezidentləri də iştirak etmək istəyirlər. Biz çalışırıq ki, bu sənəd imzalansın.

Bir məsələ də var – Türkmənistandan Türkiyəyə qaz kəməri cəkilməsi. Biz buna razılıq vermişik. Ancaq burada bizim də öz mövqelərimiz var. Mövqelərimiz bundan ibarətdir ki, qaz kəməri Azərbaycandan, Gürcüstandan keçəcək, üç-dörd ildən sonra özümüzün həddindən çox qazımız olacaqdır, bu qazı dünya bazarına çıxarmalıyıq. Bunu təkcə biz demirik, bizimlə bərabər şirkətdə işləyən adamlar deyirlər.

Əgər bu kəmər haqqında indi qərar qəbul olunsa, bir il onun layihəsinin hazırlanmasına gedəcək, bir üç il də tikilməsinə. O vaxt bizim də ixrac etməyə qazımız olacaqdır. İstəyirik ki, bu qaz kəmərində bizim də yerimiz olsun, yəni biz də öz qazımızı bu kəmərlə ixrac edə bilək. Ancaq bizə deyirlər, yox, elə Türkmənistanın qazı ixrac olunsun. Biz burada da toqquşmuşuq, başa düşürsünüzmü? Bizim dostumuz Türkiyə deyir ki, siz bunu aradan götürün, belə imzalayaq. Amma biz öz mənafelərimizi qoruyuruq. Bu detalları heç kəs bilmir, ancaq biz bunların üzərində gecə-gündüz işləyirik. Əziz dostlar, gecə-gündüz işləyirik!

Ola bilər, orada müqavilə yox, bir bəyannamə, çərçivə, niyyət protokolu imzalansın. Bunlar ola bilər, – bu, sammitdən kənar şeydir. Amma Ermənistan-Azərbaycan sazişi, – hansını ki, müxalifət salıb dillərə və sizi də narahat edir, – indi belə bir saziş imzalanmayacaq. Bundan tamamilə arxayın olun.

Mən sizin fikirlərinizi diqqətlə dinlədim. Mən razı deyiləm ki, guya bu dəqiqə Azərbaycanın bütün əhalisi bundan narahatdır. Bu fikirlə razı deyiləm. Bilirsiniz, beş adam, altı adam sizin yanınıza gəlir, üç adam onu çatdırır. Azərbaycanda bu işi bu vəziyyətə gətirən Azərbaycanın müxalifətidir. Müxalifət qəzetləri çoxdur, – bilirsiniz – və özlərini çox yaramaz aparırlar. Bütün etik normaları aşıblar, hər şeyi pozublar. İndi sizə deyilələr ki, yazıçılar kordur, siz inciyirsiniz, elədirmi?

Anar: 

-Elə gündə belə şeylər yazırlar.

 

Heydər Əliyev:

-Siz inciyirsiniz. Amma siz götürün o qəzetləri, bir statistika aparın. Məsələn, “Yeni Müsavat” qəzetində Heydər Əliyev haqqında neçə dənə böhtan məqaləsi gedibdir. “Azadlıq” qəzetində neçəsi gedib, o birisində neçəsi gedibdir. Mən tapşıraram, Dilarə xanıma deyərəm, bir həftəninkini götürsün, sonra sizə məlum edər. Hamısını bir yerə yığsaq, Heydər Əliyevin əleyhinə gündə yüzə yaxın yalan, böhtan, iftira, uydurmalar yazırlar. Bəs mən insan deyiləmmi, can deyiləmmi? Bəs mən necə dözürəm və nə üçün dözürəm? Bilirsiniz, mən Azərbaycan qarşısında xidmətlərimi etmişəm. Birinci, keçmiş zamanda etmişəm, ikinci də 93-cü ildən bu yana qədər xidmətlərimi etmişəm. Hamınız da bilirsiniz ki, 93-cü ildə mən buraya gəlməsəydim, bu gün Azərbaycan dağılmışdı, yox idi. Mən də öz xoşuma gəlmədim, gəlmək də istəmirdim, siz bunu bilirsiniz. Bu da məlumdur. Mən o vaxt Naxçıvanda oturarkən, Xalq Cəbhəsi hakimiyyəti bizi əzdiyi zaman mən Xalq Cəbhəsinə müxalifətdə deyildim. Bunu heç kəs deyə bilməz. Bəli, o vaxt mən Mütəllibov hakimiyyətinə müxalifətdə idim. Siz bunu bilirsiniz, gəlib parlamentdə də çıxışlar elədim. Amma Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə mən müəyyən qədər kömək etdim, bu da məlumdur. Kömək etdim, bir il hakimiyyətləri vaxtında onların əleyhinə bir dənə də söz demədim, bir yerdə çıxış eləmədim, bir dəfə parlamentə gəlmədim. Çünki Naxçıvanın öz dərdləri vardı. Amma onlar bir dəfə – 92-ci ilin oktyabr ayında silahlı dəstələrlə məni devirmək istədilər. Sonra da, faktlar var, orada bir nəfər dəlinin əlinə avtomat vermişdilər, Yerevanda olan hadisə 93-cü ilin əvvəllərində Naxçıvanda baş verməli idi. Məclisin zalına girib məni güllələməli idi. Hələ mən bilməmişdən bir neçə adam bunu bildi, birtəhərlə o adamı göndərdilər və məsələni açdılar, mən bu xatadan qurtardım.

 

Bunu Xalq Cəbhəsi elədi. 93-cü ildə mən Bakıya gəldim. Təsəvvür edin, Surət Hüseynov buraya gəlirdi, mən gəlməsəydim nə olacaqdı? Hakimiyyəti götürəcəkdi! Mən də niyə gəldim, – siz məndən xahiş etdiniz, xalq xahiş etdi. Amma indi deyirlər ki, Heydər Əliyev gəlib hakimiyyəti zəbt edibdir. Görün nə qədər yalandır! Əgər Əbülfəz Elçibəy və parlamentin sədri İsa Qəmbərov, Baş nazir Pənah Hüseynov mənə müraciət etməsəydilər və təkidlə məni Azərbaycana dəvət etməsəydilər, nə qədər siz ziyalılar, o birisilər, bu birisilər xahiş etməsəydi, özbaşıma buraya dünyasında gəlməzdim. Çünki belə çıxacaqdı ki, mən gəlib onları yıxmaq istəyirəm. Mən bunu etməzdim.

Siz bilirsiniz, bunlar hamısı məlumdur. Mən iyun ayının 9-da buraya gəldim, bu şeylərə etiraz etdim. İyun ayının ancaq 15-də mənim seçilməyimə razılıq verdim. Razılıq verdim, getdim Gəncəyə, vəziyyəti gördüm. Gördüm ki, Azərbaycan dağılır. Artıq Azərbaycanın yarısı Azərbaycan hökumətinin əlindən çıxmışdı. Lənkəranda bir “cümhuriyyət” yaranmışdı. Mən gəldim, nə təhər deyərlər, özümü atdım odun içinə, nə olar-olar! Amma mənim əleyhimə neçə dəfə terrorlar hazırladılar. Mən ki onların xahişi ilə gəldim burada vəziyyəti düzəltməyə, bir ay sonra hamısı mənə qarşı müxalifətə keçdilər. Belə şey yaraya bilərmi? Niyə siz məni buraya dartdınız, niyə məni buraya gətirdiniz, sonra niyə mənə müxalif oldunuz?

Surət Hüseynov sizi yıxmaq istəyirdi. O, oktyabr ayında Azərbaycanda yeni dövlət çevrilişi etmək istəyirdi. Siz harada idiniz, niyə gəlib mənə kömək etmədiniz, mənim əlimdən tutmadınız? Xalq, siz gəldiniz, çox sağ olun. Millət hamısı mənim tərəfimdə idi. Amma onlar kənarda durmuşdular ki, qoy vursunlar, görək nə olar, sonra nə edərik. Bilirsiniz, burada əqidə yoxdur, bu, həmin insanlarda hakimiyyət xəstəliyidir. Yaxud Rövşən Cavadovun dəstəsini götürün. Təkcə Rövşən Cavadov deyildi, – məlumdur ki, oktyabr hadisələrində də, mart hadisələrində də xarici xidmət orqanları iştirak edirdilər. Bəxtiyar müəllim yaxşı bilir, mən həm oktyabr hadisələrində, həm də mart hadisələrində ondan nə qədər xahiş etdim ki, vasitəçilik etsin. Amma sonra nə məlum oldu? Məlum oldu ki, bəli, bunlar Əbülfəz Elçibəylə danışıq aparıblar, o bu işə razılıq veribdir. Həmin o Dəmirkol və başqaları neçə dəfə Kələkiyə gediblər. Müsavatın nümayəndəsi Tofiq Qasımov bu işdə iştirak edibdir, başqaları da iştirak ediblər.

İndi belə bir faciəvi vəziyyət yaranır ki, burada həm Moskvanın, həm Türkiyədən bəzi dairələrin, həm də bunların əli var imiş. Yaxşı, Allah bu canı mənə veribdir, nə vaxt istəsə alacaqdır. Bu hadisə baş versəydi, indi siz təsəvvür edin, nə olacaqdı? Yaxşı, bunun qarşısını aldıq. Başqa terror hadisələri də var, mən onları demək istəmirəm. Milli Təhlükəsizlik Nazirliyi bu gün mənə məlumat çatdırdı, yəqin onlar onu yayıblar. Surət Hüseynov 1996-cı ildə Moskvada böyük bir qrup yaradıb yenidən dövlət çevrilişinə cəhd etmək istəyirdi. Şübhəsiz ki, o bunu Mütəllibovla, Rəhim Qazıyev ilə birlikdə etmək istəyirdi. Biz o vaxt orada onun qarşısını aldıq. Bilirsiniz ki, 1996-cı ildə bir tərəfdən OMON dəstəsinin, digər tərəfdən isə Surət Hüseynovun dəstəsinin üzvləri Dağıstandan keçib gəlib Qazaxda oturmuşdular. İndi onlardan birini – o, killerlə danışmışdı ki, Heydər Əliyevi nə cür öldürmək lazımdır – bu günlərdə yaxalayıblar. İndi o ifadə verir. Bu gün bu barədə məlumat yayılacaqdır.

Bəxtiyar Vahabzadə: 

-O adam azərbaycanlıdır?

Heydər Əliyev: 

-Bəli, başa düşürsünüz, azərbaycanlıdır, Surət Hüseynovun bacanağıdır. Yaxşı, indi mənə nə lazımdır ki, bir canım var, oturum orada, burada məni güllələyəcəklər, orada mənə, nə bilim, bomba, burada raket atacaqlar. Mənə nə lazımdır? Özümün də 76 yaşım var. Mən bu gün buradan çıxıb gedə bilərəm, gedib evdə otura bilərəm. Mənə başqa heç bir şey lazım deyil. Ancaq bilirsiniz, mənim üzərimə məsuliyyət düşübdür. Mən bu məsuliyyəti dərk edirəm və xalqın qarşısında cavabdehəm. Ona görə də mən gecə-gündüz çalışıram ki, Azərbaycanın bütün problemlərini həll edim.

Məsələn, biz iqtisadi islahatlar aparırıq. Beynəlxalq Valyuta Fondu MDB-nin üzvü olan ölkələr içərisində bizi, iqtisadi nəticələrimizi nümunə göstərir. Ancaq müxalifət qəzetləri yazırlar ki, camaat belə gəldi, belə getdi. Bizdə ac da, dilənçi də – hamısı var. Amma MDB-nin üzvü olan bütün başqa ölkələrdən fərqli olaraq bizdə bir milyon işləməyən qaçqın, çadırlarda yaşayan insanlar var. Mən gecələr onların dərdindən yata bilmirəm. Müxalifətdə olanlardan biri gedib həmin qaçqınlarla görüşübmü, çadırlarda olubmu, onların vəziyyətini görübmü? Görməyiblər, amma mən dəfələrlə görmüşəm.

Mən Azərbaycanın bütün milli mənafelərini daim sevmişəm, ona xidmət göstərmişəm və bundan sonra da göstərəcəyəm. Amma indi müxalifətin bu “Qarabağ kartı”ndan istifadə edib özünü xalqa göstərməsi, bilirsiniz, əhəmiyyətsiz bir şeydir. Xalq heç vaxt onları dəstəkləməyəcəkdir və onlar bundan heç bir şey əldə edə bilməyəcəklər. Mənə başqa yerlərdən məlumatlar var ki, Heydər Əliyevdən canlarını qurtarıb buranı dağıtmaq üçün onların yeganə yolu terrordur. İndi terrorun da nə mümkündür, qarşısını alırıq. Nə vaxt qarşısını ala bilməriksə, dəfələrlə demişəm, mən xalqımın yolunda şəhid olmağa hər dəqiqə hazıram.

Biz 907-ci maddənin ölkəmizin üzərindən götürülməsi üçün neçə illərdir çalışırıq. Amerika Birləşmiş Ştatları SSRİ-dən ayrılmış, müstəqillik qazanmış dövlətlərin hamısına yardım edir. Məsələn, 2-3 gün bundan öncə qərar çıxıbdır, Amerika Ermənistana 90 milyon, Gürcüstana da təxminən o qədər yardım edir, başqa yardımlar da edir. 1993-cü ildən 907-ci maddəyə embarqo qoyulubdur. Niyə, bu, kimin günahından olubdur? Həmin Xalq Cəbhəsi hakimiyyətinin günahıdır. Onlar hakimiyyəti səs-küylə, özləri demişkən, tanklarla əllərinə aldıqları kimi, bir ilin içərisində o qədər də ağılsız işlər görüblər. O vaxt onlar Bakı-Yerevan dəmir yolunu bağladılar. Xalq Cəbhəsində İbrahim İbrahimov var, – o, Naxçıvanda Zeynəddin kəndinin müəllimi idi, indi “böyük siyasi xadim” olubdur. O, Naxçıvana gəldi, gördüm ki, orada Xalq Cəbhəsinin silahlı dəstələri ilə təbliğat aparır. Mən onu yanıma dəvət etdim. O vaxt mən Naxçıvanda Ali Məclisin sədri idim. Mən ondan soruşdum ki, nə etmək istəyirsiniz? Cavab verir ki, bəs biz yolu bağlayacağıq. Dedim ki, ay kişi, siz bir başa düşün, bu yolu bağlamaqla nə əldə edəcəksiniz? Bildirdi ki, yox, biz yolu bağlamaqla Ermənistanı əzəcəyik. Dedim ki, siz ağılsız adamlarsınız, Ermənistanı əzə bilməyəcəksiniz. Təsəvvür edin, siz Naxçıvanı pis vəziyyətə qoyacaqsınız. Sözümə baxmadılar.

Xatirimdədir, ondan bir neçə gün sonra Murtuz Ələsgərovla Fəraməz Maqsudov Naxçıvana gəlmişdilər. Onlar keçmişdə Xalq Cəbhəsi ilə əlaqədə olan adamlardır. Gedib Naxçıvanda Xalq Cəbhəsinin üzvləri ilə görüşüb danışmışdılar, sonra mənim yanıma gəlmişdilər. Mənə bildirdilər ki, onlar yolu bağlayırlar. Soruşdum ki, bəs nə dediniz? Cavab verdilər ki, biz də söylədik, Naxçıvan çox ağır vəziyyətə düşəcək, amma dedilər ki, yox, nəyin bahasına olursa-olsun yolu bağlayacağıq, lazım gəlsə burada it əti, pişik əti yeyəcəyik, amma Ermənistanı əzəcəyik. Mən İbrahim İbrahimovu yanıma çağıraraq dedim ki, siz nə düşünürsünüz, Naxçıvanı daha ağır vəziyyətə salmaq istəyirsiniz? Cavab verdi ki, narahat olmayın, biz 3 aydan sonra Dağlıq Qarabağı da alacağıq, Yerevana da gedib çatacağıq, hər şeyi edəcəyik, ondan sonra Naxçıvanın vəziyyəti düzələcək, siz 3-4 ay dözün. İndi görün, onlar nə qədər ağılsız adamlardır. Azərbaycanı belə adamlar idarə edirdilər. Həmin yolun bağlanmasının günahkarı Xalq Cəbhəsi hakimiyyətidir ki, biz 7 ildir bütün yardımlardan məhrumuq. Mən nə qədər çalışsam da heç bir şey edə bilmərəm. Mən konqresmenlərin, ola bilər, 70 faizi ilə – həm respublikamıza səfərə gələn zaman, həm də Amerikada – danışmışam. Mən Klintonla danışıram, hər dəfə deyir ki, bəli, bu maddə götürülməlidir, ancaq götürmür. Deyir ki, bu məsələdə ermənilər mənə təzyiq edirlər. O, bunu mənə açıqca deyir.

İkinci məsələ. Mən sizə dedim ki, Avropada adi silahlar haqqında 1990-cı ildə bağlanmış müqavilənin uyğunlaşdırılmış variantı İstanbul zirvə görüşündə imzalanmalıdır. Biz, Azərbaycan buna veto qoymuşuq. Amerika isə bu sənədin imzalanmasını istəyir. Çünki Amerika bu sənədi yenidən imzalamasa, Rusiya bu müqavilədən çıxa bilər. Rusiya bu müqavilədən çıxsa, onda bütün nəzarət itəcəkdir. Bu, nədən ibarətdir? Demək, 1990-cı ildə müəyyən ediblər ki, NATO və Varşava paktı harada nə qədər adi silah saxlaya bilər. Adi silah nədir? Tankdır, zirehli döyüş maşınlarıdır, toplardır, xırda, adi təyyarələrdir. Yəni Varşavada bu qədər, Rusiyanın filan ərazisində bu qədər, burada bu qədər, orada o qədər ola bilər, NATO filan ölkədə bu qədər saxlaya bilər. 1990-cı ildə imzalanmış müqaviləyə əsasən bu, belə ola bilər. 1991-ci ilin sonunda Sovet İttifaqı dağıldı. 1992-ci ildə Varşava müqaviləsi artıq yox idi. Amerikalılar da, ruslar da narahat oldular. 1992-ci il mayın 15-də MDB-nin üzvü olan ölkələrin dövlət başçıları Daşkənddə toplaşdılar ki, keçmiş Sovetlər İttifaqında 1990-cı ildə imzalanmış müqaviləyə görə yerləşdirilmiş silahların harada, hansı respublikada nə qədər olduğunu müəyyən etsinlər.

Siz 1992-ci il mayın 15-də Azərbaycanda nə kimi hadisələr baş verdiyini bilirsiniz. O vaxt Mütəllibovu yenidən hakimiyyətə gətirmək istəyirdilər. Xalq Cəbhəsi gəlib onu burada hakimiyyətdən saldı. MDB dövlətlərinin başçıları isə Daşkənddə toplaşmışdılar. O, bir gündə olmayıbdır. Azərbaycanın ekspertləri oraya gediblər. Onlar sübut ediblər ki, Azərbaycan Ermənistanla, Gürcüstanla bərabər ola bilməz. Azərbaycanın ərazisi də onlardan iki dəfə böyükdür, əhalisi də çoxdur. Ona görə də Azərbaycanın adi silahlar saxlamaq barədə kvotası da onlardan üstün olmalıdır. Orada danışıq aparıblar ki, – həmin ekspertlər indi sağdırlar – təxminən 400 tank, təxminən o qədər də BMP və müvafiq olaraq başqa silahlar olsun. Oraya kim gedibdir? Rəhim Qazıyev, Abbas Abbasov. Sonra araşdırdıq ki, həmin sənədə daha kim imza atıbdır? Burada bir Əzizbəyov olubdur, Nazirlər Soveti sədrinin müavini işləyibdir, imza onun imzasıdır. Ekspertlər bunu razılaşdırıblar ki, Gürcüstanınkı 220, Ermənistanınkı 220 olsun, amma Azərbaycanınkı 400, ya 415, ya da 420 olsun. Rusiyanın müdafiə naziri Qraçov Rəhim Qazıyevlə sövdələşiblər. Rəhim Qazıyev gedib razılıq verib ki, 220, yəni Ermənistanla, Gürcüstanla bərabər olsun. Bəs bu, Azərbaycana xəyanət deyilmi? Bu xəyanəti kimlər ediblər? Niyə biz bunun yenidən imzalanmasının indiyə qədər əleyhinəyik? Deyirik ki, bizim kvotamızı artırmaq lazımdır. Buna ruslar da, amerikalılar da razı olmurlar. Bəlkə, amerikalılır razı olardılar. Ruslar isə deyirlər ki, onda biz müqavilədən çıxacağıq. Başa düşürsünüzmü, nə qədər mürəkkəb vəziyyət yaranıbdır. Ruslar bir dəfə də olsun bizə müraciət etməyiblər ki, siz bu müqaviləni imzalayın. Amma amerikanlar dəfələrlə müraciət ediblər.

Görün indi necə vəziyyət yaranıbdır. Azərbaycanın kvotası bu qədər. Ermənistanın da kvotası o qədər. Müqaviləyə görə Rusiya, təkcə Rusiya yox, hansısa bir ölkə başqa bir ölkənin ərazisində əgər razılıq olsa, istədiyi qədər həmin silahlardan yerləşdirə bilər. Yaxud, bir ölkə öz kvotasının bir hissəsini başqa bir ölkəyə verə bilər. Ona görə də indi bu 220-dən başqa, Rusiya təxminən 160-170-ni də gətirilə Ermənistanda yerləşdiribdir. Başa düşürsünüz, bu barədə Ermənistan ilə Rusiyanın razılığı vardır.

Dağlıq Qarabağda olan silahlar nəzarətdə deyildir. Bilirsiniz ki,orada da silahlar həddindən artıq – Ermənistandakından da, bizimkindən də çoxdur. Biz deyirik ki, oradakı silahlar nəzarət altında deyildir. Bildirirlər ki, ora sizin ərazinizdir, istəyirsiniz sizin ölkənin üstünə yazaq. Başa düşürsünüzmü? Biz deyirik ki, axı bu bizə tabe deyil. Onlar söyləyirlər ki, onda siz deyin bu Ermənistanındır, biz gedib onların üstünə yazaq. Biz də deyə bilmirik ki, bu ərazi Ermənistanındır. Siz bunu başa düşürsünüz, yoxsa yox?

Hüseyn Abbaszadə:

-Oyun çox möhkəm oyundur.

Anar: 

-Oyun deyil, cığallıqdır.

Heydər Əliyev:

-Cığallıq deyəndə, hərə öz mənafeyini müdafiə edir. Amma əgər biz həmin 1992-ci ildə bir dövlət kimi gedib orada öz mövqeyimizi göstərsəydik, bizim ekspertlərin hazırladığı təklifi qəbul edərdilər. O vaxt orada elə bir şey yox idi, həmin təklif qəbul olunurdu. Amma Rəhim Qazıyev və Qraçov sövdələşiblər. Siz bilirsiniz ki, Rəhim Qazıyev də burada prezident olmaq istəyirdi. Həmin o çevrilişdə o da hakimiyyəti əlinə keçirmək istəyirdi. Deyirlər ki, onlar guya ona söz veribmişlər ki, biz sənə kömək edəcəyik. Bax, bizim üzərimizdə iki belə ağır yük durur. Onlardan biri 907-ci maddədir, ikincisi isə budur. Bunların ikisi də 1992-ci ildə o vaxtkı hakimiyyətin günahından başımıza gəlibdir.

İndi başqa problemlər də vardır. Bu cür günahlar etmiş, Azərbaycana bu cür xəyanət etmiş adamlar bu gün gəlib özlərini “Azərbaycanın xilaskarı” kimi elan edirlər və ölkəmizdə həqiqətə tamamilə uyğun olmayan təbliğatlar aparırlar. Təbiidir ki, onların yazdıqları müəyyən adamlarda narahatlıq törədir, fikir oyadır. Bəziləri onların yazdıqları ilə razı olurlar. Sizin də narahatlığınız təbiidir. Çünki deyirsiniz ki, sizə müraciət ediblər. Amma bunların hamısı yersizdir. Mən nə etməliyəm? Deyirlər ki, gəlin müharibə aparaq. Mitinqdə deyiblər ki, Dağlıq Qarabağa mədəni muxtariyyət vermək lazımdır. İndi ATƏT-in sədri Norveçin xarici işlər naziridir. Yaxın vaxtlarda o, buraya gəlmişdi. İstanbul zirvə görüşündən sonra Avstriyanın xarici işlər naziri ATƏT-in sədri olacaqdır. Mən onların ikisi ilə də görüşmüşəm. Onlar Ermənistanda da, Azərbaycanda da olublar. Deyirlər ki, məsələni həll etməlisiniz. Deyirəm, nə cür? Bildirirlər ki, düzdür, Ermənistan Dağlıq Qarabağa müstəqillik istəyir, olmaz. Amma siz gərək onlara müstəqillikdən bir az aşağı, özünüidarəetmədən də yuxarı bir status verəsiniz. Həm də onlar bunu mənim beynimə yeritmək istəyirlər. Deyirəm ki, axı dünyada belə status yoxdur. Bunu onlar deyirlər. İndi, bu cür vəziyyət olan halda, sən çıxasan mitinqdə, necə deyərlər, əldəqayırma bir qətnamə qəbul eləyəsən, içində də bir dənə mənalı söz olmaya. Yazasan ki, “Dağlıq Qarabağa ancaq mədəni muxtariyyət vermək olar”. Bu, nə qədər ağılsızlıqdır və reallıqdan nə qədər də kənardır.

Mən 14 il Azərbaycana başçılıq eləmişəm. Dağlıq Qarabağ muxtariyyətinin 1923-cü ildən yaranmasının tarixini çox yaxşı bilirəm. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub, bilin. Düzdür, o vaxtlar buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəhbərləri çalışıblar və nəhayət, nail olublar ki, o, Azərbaycanda qalsın. Qalmalı idi, amma muxtariyyət yox!

1923-cü ildə verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bombadır, nə vaxtsa partlamalı idi. Sovet hakimiyyəti vaxtı bu, dəfələrlə qaldırılıbdır. Mənim xatirimdədir, – hələ burada başçı deyildim, Dövlət Təhlükəsizliyi Komitəsində idim, Vəli Axundov burada başçılıq edirdi, – bu məsələni iki dəfə qaldırmışdılar. Mən bu işlərdə iştirak edirdim, biz bunun qarşısını böyük çətinliklə aldıq. Çünki ildə bir dəfə, yaxud da, nə bilim, iki dəfə Ermənistanın 100-150 ən görkəmli adamları dünyada, Moskvada yaşayan adamları yazırdılar ki, “Dağlıq Qarabağı Ermənistana vermək lazımdır”.

Yadımdadır, 1966-cı, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi. O vaxt Axundov məni çağırdı. Sov. İKP MK-nın qərarı idi, yazmışdılar ki, “Azərbaycan KP MK-ya – Axundova, Ermənistan KP MK-ya – Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruzə etsinlər”. Bu, nə deməkdir? Deməli, Azərbaycanın məsələsini həll etməyi Ermənistana tapşırırlar. Elə bununla da onu həll edirdilər, – yəni “siz gedin, onlarla bu məsələni həll edin”. O deyəcək ki, mənim olmalıdır, biz də deyəcəyik ki, yox.

Oturduq, məsləhətləşdik. Mən ona dedim ki, bilirsiniz, siz Moskvaya getməli və Brejnevlə görüşməlisiniz. Getdi və Brejnevi başa saldı. Brejnev anladı və özü o qərarı ləğv elədi. Bu, 67-ci ildə olan hadisədir.

1967-ci ildə Stepanakertdə, – indi biz ona Xankəndi deyirik, – üç nəfər azərbaycanlının maşının içində, şəhərin ortasında avtomobili yıxıb üstünə benzin tökərək yandırdılar. Mən onda KQB-nin sədri kimi oraya getmişdim, Nazirlər Sovetinin sədri Əlixanov da qrupa başçılıq edirdi. Mən 15 gün orada qalmışam, o vəziyyəti görmüşəm. Başa düşürsünüzmü? Amma nə oldu? Heç bir şey etmək mümkün olmadı. Dağlıq Qarabağ həmişə Azərbaycanda xüsusi bir statusa malik idi və həmişə də Ermənistana daha çox tabe idi, nəinki Azərbaycana. Mən işlədiyim zaman bir çox tədbirlərin nəticəsində bu vəziyyəti dəyişdirdim. Məsələn, mən oraya dəmir yolu çəkdirdim. Sonra, mən burada olmayanda, bəzi adamlar məni günahlandırırdılar ki, Heydər Əliyev niyə dəmir yolu çəkdirdi. Dəmir yolu Ağdama qədər gəlmişdi, oradan da 11 kilometr dəmir yolunu çəkmirdilər. Bu, nə demək idi? Demək, onların əlinə əsas vermək lazım idi. Bir neçə fabrik tikmişdik. Dedilər ki, institut açaq, açdıq, amma o şərtlə açdım ki, orada erməni, rus fakültələri ilə bərabər, Azərbaycan fakültəsi də olsun. Bu şeylərlə mən onların Azərbaycana bağlılığını müəyyən qədər təmin edirdim və mənim də orada təsirim çox böyük idi. Ancaq mən Azərbaycandan gedəndən sonra, təəssüf ki, 88-ci ildə olan hadisələrdən sonra xırda-xırda başladılar Dağlıq Qarabağa nəzarəti azaltdılar və onlar da bunu etdilər.

Anar:

-Cənab prezident, Siz dediniz, mənim də yadımdadır. Siz birinci katib seçiləndən sonra Dağlıq Qarabağ haqqında qərar oldu. Sovet dövründə Dağlıq Qarabağ erməni millətçiliyi haqqında heç vaxt bu kəskinlikdə qərar olmamışdı.

 

Heydər Əliyev: 

-Tamamilə düzdür. Amma sizə onu da deyim ki, bu, bizim üçün asan deyildi. Çünki Moskva burada daim erməniləri müdafiə edirdi. Daim. Məsələn, sizə bir şey deyim. Naxçıvan Muxtar Respublika idi, orada vilayət partiya komitəsi vardı. Naxçıvanda heç bir faiz rus yox idi, amma Naxçıvanda həmişə ikinci katib rus olubdur.

Yerdən: 

-Radayev.

Heydər Əliyev:

-Radayev sonranın işidir. Mən 40-cı illəri deyirəm, 50-ci, 60-cı illəri deyirəm. Amma Dağlıq Qarabağda yox, hamısı erməni idi. Başa düşürsünüzmü?

Anar:

-Ancaq icraiyyə komitəsinin bir müavini azərbaycanlı idi.

Heydər Əliyev:

-Qulaq as. Mən ilk dəfə Dağlıq Qarabağda ikinci katibi rus seçirdim ki, heç olmasa bir az fəaliyyət göstərsin. Belə idi ki, bu, Naxçıvanda qanuni bir şeydir, amma burada yox, ola bilməzdi. Bax, Moskvanın münasibəti belə idi. Məsələn, götürək təhlükəsizlik orqanlarını. Dağlıq Qarabağda dövlət təhlükəsizliyi idarəsinin başçısı həmişə erməni idi. Amma Naxçıvanda? Mən Naxçıvanda erməni də görmüşəm, rus da görmüşəm, yəhudi də görmüşəm, azərbaycanlını isə çox nadir. Mən isə hələ Mərkəzi Komitəyə keçməmiş, KQB sədri olan kimi oradan ermənini götürdüm və bir rus təyin elədim. Bildim ki, azərbaycanlı təyin etmək mümkün deyildir, rus təyin elədim. Vilayət soveti sədrinin birinci müavinini azərbaycanlı təyin elədim. Amma mən sizə nə deyə bilərəm? Azərbaycanlıları oraya işləməyə göndərirdim, altı aydan sonra gəlib deyirdilər ki, bizi geri çağır, çətindir. Dözmürdülər. Ermənilər hər şeyə dözürdülər, amma onlar dözmürdülər.

Başa düşürsünüzmü, ona görə də Dağlıq Qarabağ sadə bir yer deyildir. Burada Moskva erməniləri daim müdafiə edirdi. Mən sizə bir fakt deyim, bunu heç vaxt yadımdan çıxara bilmirəm. Mərkəzi Komitədən sektor müdiri mənə telefon etmişdi ki, bilirsiniz, Daşkəsən Filiz Kombinatının baş mühəndisi ermənidir, onu işdən çıxarıblar. Deyirəm nə olsun ki, oranın baş mühəndisi ermənidir, işdən çıxarıblar. Erməni olduğuna görə işdən çıxarmayıblar ki. Bir də ki, bizim nomenklaturamız deyil ki. Deyirəm ki, bunu sən haradan bildin? Deyir ki, universitetin bir-iki erməni professoru gəlib mənim yanıma, etiraz edirlər. Başa düşürsünüzmü? Məni yenicə birinci katib seçmişdilər – bir, yaxud iki ay idi. Ermənilər həmin Daşkəsəndə, Bayan kəndində bir daşnak abidəsi qoymuşdular.

Bəxtiyar Vahabzadə:

-Yadımdadır, katibi də çıxardılar.

Heydər Əliyev:

-Oranın da birinci katibi gecə gəlib onu uçurub dağıtmışdı. Mən də cəmisi iki ay idi işləyirdim. Əşi, bizim başımıza nə gətirmədilər? Mən o katibi işdən çıxardım, qərar qəbul elədik. Bilirsiniz, mən bu dərdlərin hamısını çəkmişəm. Bilirəm, hamısını bilirəm. 88-ci ildə də bir tərəfdən Azərbaycanın rəhbərləri, nə təhər deyərlər, səriştəsizlik göstərdilər, ikinci tərəfdən də ki, Moskva bunun qarşısını ala bilərdi. İndi ilə o vaxt arasında fərq var. O vaxt sovet hökuməti idi, özü də onun güclü dövlət strukturu vardı, onu dəyişmək mümkün deyildi. Bir faktı də sizə deyim. 77-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunurdu. Konstitusiya komissiyası təyin olunmuşdu, sədri Brejnev idi, biz də onun üzvü idik, mən də Azərbaycanın nümayəndəsi idim. Vaxtaşırı komissiyanın müzakirələri keçirdi. Bunları da o vaxt Mərkəzi Komitənin katibi vardı – akademik Ponomaryov – o aparırdı. Brejnev o qədər iştirak eləmirdi. Bir dəfə Moskvaya, komissiyanın iclasına gəldim. Gördüm, xeyli ərizə gəlib ki, “Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistana vermək lazımdır”.

Gördüm ki, Ponomaryov deyir bunu komissiyanın müzakirəsinə qoymaq lazımdır – ermənilər ona da təsir göstərirdilər. Elə bu faktın özü ki, komissiyanın müzakirəsinə buraxılsın, başa düşürsünüzmü, bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox… Yenə də getdim rəhmətlik Brejnevin yanına. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu.

Nə qədər belə hallar, belə şeylər olubdur. Başa düşürsünüzmü? Mən Dağlıq Qarabağın vəziyyətini 50-ci illərdən özüm görürəm. Amma o vaxta qədər, 23-cü ildən 50-ci ilə kimi olan tarixi də mən yaxşı bilirəm. 14 il burada rəhbərlik edib, 5 il də Moskvada olduğum zaman bunların hamısını bilirəm. Bu, asan məsələ deyildir. Onları həmişə müdafiə ediblər – həm Rusiya, həm Avropa, həm Amerika. Başa düşürsünüzmü? Amma bizi kimdir müdafiə edən? Türkiyədə Ermənistanla sərhədlər bizə görə bağlıdır. Amma bizim dostumuz Süleyman Dəmirəl mənə keçən il də danışmışdı, bu il də danışdı. Qarsın bələdiyyəsi, – deyir, orada da əsasən azərilərdir, – təklif verib ki, yol açılmalıdır ki, biz ticarət eləyək. Lap bu dəfə mənə danışıb, – deyir getdim oraya, onları yığıb dedim ki, ay balam, siz azərilərsiniz. Orada bir milyon azərini yerlərindən çıxarıblar. Biz bunu edə bilmərik, siz niyə belə edirsiniz? Bəli, orada yerli bələdiyyə ticarət naminə birinci dəfə deyil ki, bu məsələni qaldırır. Amma təkcə bələdiyyə deyil, başqaları da qaldırırlar. Orada hökumət – şübhəsiz ki, prezident də, Baş nazir də, başqaları da çox prinsipial mövqe tuturlar. İndiyə qədər onların Ermənistanla diplomatik əlaqələri yoxdur və indiyə qədər də sərhədləri açmayıblar.

Bir budur, bundan artıq başqa bir şey yoxdur. Çox ağır bir problemdir. Deyirlər ki, gəlin müharibə edək. Burada soruşursunuz ki, bizim ordumuz necədir? Mən sizə deyirəm, – ordumuz var və müharibə etməyə qadir ordumuz var. İndi danışırlar ki, orduda yeyinti də var, filan da var. Mən komissiya təşkil eləmişəm, yoxlayırlar, hələ nəticəsini almamışam. Güman edirəm ki, bunlar da var. Təəssüf ki, bizim bugünkü reallığımız bundan ibarətdir. Çox təəssüf ki, bunlar da var.

İndi ona gəlirəm ki, siz deyirsiniz müharibə edək, yaxud da ki, deyirlər müharibə edək. Mən də demişəm, bəli, əgər olmasa, müharibə edəcəyik. Ordumuz var, özümüzü qorumağa, müharibə etməyə qadir ordumuz var. Amma yenə də deyirəm, onun içində yaramaz işlər də var, yeyinti və s. də var, bu, indi Azərbaycanda hər yerdə var, təkcə Azərbaycanda yox, başqa yerlərin hamısında var. Bununla bərabər, ordumuz var.

Ancaq indi kim müharibəni dəstəkləyəcəkdir? Kim? Heç kəs. Yuqoslaviya kimi böyük bir dövlət Kosovodakı albanları etnik təmizləməyə başladı. Nə qədər onunla danışıqlar apardılar. İki-üç ay NATO gah Parisdə, Rambuyedə, gah nə bilim, harada, harada danışıqlar apardı. O, bu fikrindən əl çəkmədi. Nə elədilər? NATO yığışdı, neçə milyardlar xərcləndi, Konqresdən pul götürüldü. Yuqoslaviyanı bombardman elədilər, dağıtdılar. Orada müsəlmanları müdafiə etməkdən söhbət getmirdi, onu bilin. Yox, heç ruslara qarşı da deyildi. Orada prinsip var – insan haqlarının pozulması, etnik təmizləmə. Bu dəqiqə Amerika bu prinsipin həyata keçirilməsini birinci növbəli məsələ hesab edir. İstanbulda qəbul ediləcək bəyannamədə bu, çox geniş yer tapıbdır. İndi mən sizdən soruşuram. Gərək müharibə eləyək, qan tökək, insanlar qırılsın. Ağdamı azad elədik, Füzulini azad elədik, getdik Cəbrayılı azad elədik, ondan sonra Zəngilanı azad elədik, Kəlbəcəri azad elədik. Buna hələ nə qədər qanlar töküləcək, nə qədər vəsait gedəcək, nə olacaq, – bunu Allah bilir. Onların da ordusu var, bizimkindən az deyildir. Keçən müharibə onların da gücünü, bizim də gücümüzü göstərdi. Amma edə bilərik. Gəldik durduq Dağlıq Qarabağın sərhədində. Nə edəcəyik? Gedib erməniləri qıracağıq? Bütün dünya düşər bizim üzərimizə. Serblər, Miloşeviç albanları oradan çıxaran zaman onun başına nə iş gətirdilər? Müsəlmanın dalında heç duran yoxdur, başa düşürsənmi? Yenə də deyirəm, albanların müsəlman kimi dalında durmayıblar. Albanlara da dünyada sən deyən elə bir dəstək verən adam yoxdur. Amma erməniləri bütün dünya dəstəkləyir.

Bəxtiyar Vahabzadə:

-Üzr istəyirəm. O vaxt azərbaycanlıları oradan köçürəndə mən də Qarabağa getmişdim. Ermənilər azərbaycanlıları oradan döyə-döyə çıxarırdılar.

Heydər Əliyev:

-Amma bir adam bir şey eləmədi, bir şey demədi. Bəli, Ermənistan faktiki olaraq Dağlıq Qarabağda etnik təmizləmə aparıbdır.

Anar:

-Ermənistanda da aparıbdır.

Heydər Əliyev:

-Ermənistan da aparıbdır. Dağlıq Qarabağın ətrafında olan təmiz azərbaycanlı rayonlarında da etnik təmizləmə aparıbdır. Amma buna görə bir adam onları qınamır, bir dövlət qınamır. Türkiyədən və İrandan savayı, dünyada bir dövlət Ermənistanı təcavüzkar dövlət kimi tanımayıbdır. Başa düşürsünüz, ya yox?

Anar:

-Heç İran da tanımayıbdır, həm də ticarət edir, əlaqələri var.

Heydər Əliyev:

-İran tanıyır, İslam Konfransı Təşkilatı da tanıyır. İslam Konfransı Təşkilatı yeganə yerdir ki, biz orada Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamələr çıxarırıq. Amma o qətnamələr də orada qalır.

Reallıq bundan ibarətdir, əzizlərim, bundan ibarətdir. Siz bunu düşünün. Dünyanın reallığını düşünün. Bu reallığı çoxları bilmir, amma mən bunu bilirəm. Bu reallıqla hesablaşmaq lazımdır, başa düşürsünüzmü? Nə mümkündürsə dedim və hesab edirəm ki, bilmədiyiniz şeyləri də sizə dedim.

Yenə də deyirəm, aparılan danışıqlar gizli gedir. Əgər gizli olmasa, bu danışıqlar aparıla bilməz. Ancaq nə vaxt ki, hansı bir nəticə əldə olunacaq, o nəticə mütləq sizə təqdim ediləcəkdir. Xalq bunu qəbul etsə, o, həyata keçiriləcəkdir. Qəbul etməsə, həyata keçirilməyəcəkdir.

Müharibə haqqında demək istəyirəm ki, bəli, müharibə aparmağa bizim gücümüz var. Amma dünyanın bugünkü reallığı onu göstərir ki, biz məsələni sülh yolu ilə həll etməliyik.

Anar:

-Bu görüş üçün və çox ətraflı məlumat verdiyiniz üçün Sizə təşəkkür etmək istəyirəm. Sizin dediklərinizin bir qismini bilirdik, çünki televiziyanı izləyir, qəzetləri oxuyuruq. Bu işdə Sizin nə qədər böyük çətinliklərlə rastlaşdığınızı bilirik. Mənim də şəkər xəstəliyim var, xüsusilə son günlər Rusiya televiziyasındakı verilişlərə baxanda o xəstəlik bir az da artır. Amma Sizi görəndə, elə bil ürəyimdən tikan çıxdı – necə lazımdısa, hamısını dediniz. Çünki doğrudan da axı məntiq var. Azərbaycan Çeçenistanla həmsərhəd ölkə deyildir. Dağıstan Rusiyanın ərazisidir. Əgər sən Dağıstanda öz ərazinə nəzarət edə bilmirsənsə, bunu bizdən niyə tələb edirsən? Aydındır ki, bunlar nə oyunlardır, nə üçün edilir. Biz bunların hamısını başa düşürük. Ona görə Sizin vəziyyətinizi də başa düşürük. Amma tale belədir. Sizin taleyiniz bu cür gətirib, Siz bu çətin missiyanı xalq üçün boynunuza götürmüsünüz, gərək axıra qədər çatdırasınız və bizi bu bəladan qurtarasınız. Mən əminəm ki, bu, belə də olacaqdır.

Bəxtiyar Vahabzadə:

Heydər müəllim, bir məsələ məni çox narahat edir. Qəzetləri oxuyuram, hamımızın vətənidir, hamımız bu barədə düşünürük. Birləşmiş Millətlər

Təşkilatının dörd qətnaməsi olubdur: Şuşa haqqında, Kəlbəcər haqqında… Ermənilər qeyd-şərtsiz oradan çıxmalıdırlar. Bunları niyə saya salan yoxdur?

 

Heydər Əliyev:

-Bunu necə demək olar? Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində mən bunu demişəm, ATƏT-in bütün iclaslarında demişəm, hər yerdə demişəm. Ermənistan yerinə yetirmir. Bizə də deyirlər ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməni icra etmək mexanizmi yoxdur.

Bəxtiyar Vahabzadə:

-Adam təəccüb edir, elə bil bu qərarları heç bunlar verməyiblər.

Heydər Əliyev:

Bəxtiyar müəllim, dünya belədir. Bu dünyanın reallığını bilməyən adamlar çox səhvlər edirlər.

Bəxtiyar Vahabzadə:

-Bilirsiniz, bizə müraciət edirlər…

Heydər Əliyev:

-Mənim məsləhətim belə ola bilər. Deyirlər ki, danışıqlar aparır, biz bilmirik. Siz izah edin ki, heç bir ölkə gizli danışıqlar aparanda heç kim bilmir. Fələstinlə İsrail arasında ilk dəfə müqavilə imzalananda Norveçdə – Osloda danışıqlar elə getmişdi ki, heç onların orada görüşdüklərini də bilməmişdilər. Nəticəyə gələndən sonra elan etdilər. Bundan sonra hamı bildi ki, onlar Norveçdə Baş nazirin vasitəçiliyi ilə görüşüblər.

Mən Koçaryanla görüşürəm, iki saat, bəzən üç saat danışırıq, mübahisə edirik. Gəlib deyim ki, mən nə dedim, o nə dedi?

Qabil:

-Heydər müəllim, ümidimiz sülhə qalıbdır. Sülhün bayrağına, Sizin yüksək səviyyəli diplomatik səylərinizə, danışıqlarınıza qalıbdır. Camaat buna inanır.

Heydər Əliyev:

-Elə ona görə də mən özümü fəda edirəm ki, bəli, bilirəm, Azərbaycan xalqını bu bəladan, faciədən qurtarmaq lazımdır. Azərbaycanın böyük iqtisadi potensialı, böyük təbii sərvətləri var. Azərbaycan güclü dövlət ola bilər, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlət ola bilər və olacaqdır. Bunun üçün də – başqa tədbirlər ki, görürük, müqavilələr imzalamışıq, islahatlar aparırıq və s. – bunlarla yanaşı, sülh olması lazımdır. Lazımdır ki, Ermənistanla Azərbaycan arasında münaqişə qurtarsın. Ondan sonra, mən sizə deyim ki, Azərbaycan nəinki bölgədə, bəlkə də böyük bir regionda ən inkişaf etmiş dövlət olacaqdır. Çünki bizim böyük imkanlarımız var, bizim coğrafi vəziyyətimiz çox əlverişlidir.

Məsələn, Bakı-Ceyhanın nə qədər xeyri olacaqdır. Yaxud elə Türkmənistan qazının buradan gəlib keçməsi ilə biz ondan tariflər alacağıq. Amma özümüzün də nə qədər imkanlarımız var. Biz özümüz təsəvvür edə bilmirdik ki, bu qədər qaz yatağımız var. Mən bir dəfə sizə danışmışam. “Şahdəniz” yatağı haqqında müqaviləni imzalayanda, – bu, sayca üçüncü müqaviləmiz idi, – yaxşı yadımdadır, 96-cı ilin iyun ayı idi, Rəsul Quliyev, – hansı ki, indi üç ildən artıqdır oturub NyuYorkda, Azərbaycana qarşı cürbəcür təxribat, çirkin, həddindən artıq ədəbsiz işlər görür. Həddindən artıq. Mən ədəbsiz insanlar görmüşəm, amma sizə deyim ki, bu qədər ədəbsiz insan tariximdə görməmişəm, – bunun imzalanmasına etiraz elədi. Dedim ki, sən necə etiraz edirsən, – birincisi, müqavilə hazırdır, ikincisi, sən neft şirkətini əlinin altında saxlayırsan. Bu günə kimi müqavilə hazırlanıb, sən də bunun şərtlərini bilirsən. Bilirsən ki, bu nədir. İndi bunun imzalanmasına bir həftə qalıb, sən bunu pozmaq istəyirsən. Nə cür ola bilər? Dedi yox, o yan, bu yan.

Bunu bir dəfə danışmışam. Neft şirkətinin bütün rəhbərlərini, mütəxəssisləri, Rəsul Quliyevi, Nazirlər Kabinetinin rəhbərlərini – Fuad Quliyevi və birinci müavin Rasizadəni burada zala yığdım. Dedim ki, de sözlərini. Başdan-ayağa cəfəngiyat danışdı. Onun ən yaxın dostları – Natiq Əliyev, Xoşbəxt Yusifzadə, o biri müavinlər, Zeynalov var, gərək ki, Bəxtiyar müəllimin qohumudur, – hamısı durdu onun üzünə ki, sənin dediyin bu sözlər əsassızdır.

Məqsədi nə idi? Məqsədi Azərbaycanı dağıtmaq idi. Bilirdi ki, artıq birinci müqavilə nə gətirəcəkdir. Bilirdi ki, bu müqavilələr belə getsə, bunlar Azərbaycana nə gətirəcəkdir. Amma o istəyirdi ki, Azərbaycan üçün pis olsun və beləliklə də istədiyinə nail olsun. Düzdür, mən o vaxt onu o qədər də anlaya bilmirdim ki, o, bu cür fikirli adamdır. Mən bunu anlaya bilmirdim. Amma sonra hər şey mənə aydın oldu. Biz müqaviləni imzalayanda geoloqlarımız proqnoz vermişdilər ki, həmin yataqda – “Şahdəniz” yatağında 400 milyard kubmetr qaz olacaq, amma indi deyirlər ki, 1 trilyondan artıq olacaqdır. Başqa bir yataq da var, deyirlər oranın ehtiyatı 3 trilyon olacaqdır. Ona görə də biz indi narahatıq -bu qədər qazı olan ölkə gərək bunu satsın. Nefti satmaq belədir ki, onu dəmir yolu ilə də, başqa yolla da aparıb satmaq olar. Amma qazı satmaq üçün mütləq boru kəməri lazımdır. Biz bu işlərlə məşğuluq. Azərbaycan üçün dörd il, beş il, altı, yeddi il vaxt lazımdır. Bəlkə o vaxta qədər mən olmayım, ancaq mən Azərbaycanın gələcəyini təmin edirəm. Xalqımızın gələcəyini təmin edirəm. Mənim, sənin, onun övladlarının, nəvələrinin gələcəyini təmin edirəm.

Amma mənə o tərəfdən də mane olurlar, bu tərəfdən də. Bunu bilin, nə qədər cəhd eləsə də, heç kəs mənə mane ola bilməz. Mən öz işimi görürəm və görəcəyəm. Mənim işim də Azərbaycan xalqına sədaqətlə xidmət etməkdir.

Yerdən: Çox sağ olun.

Hazırladı Strateq.az

Həmçinin oxuyun

Yazıçıdan icra hakimiyyətinə etiraz: “Sizi nə üçün o vəzifəyə təyin ediblər?”

“Bu mövzu bir göyçaylı yazar olaraq mənim də çox yaralı yerimdir. Bu gün yaşayan və …

Bir cavab yazın