Ana səhifə / Cəmiyyət / “Heydər Əliyev və iqtisadi islahatlar”

“Heydər Əliyev və iqtisadi islahatlar”

1993- cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yarandı. Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın növbəti mərhələlərində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri qəbul olunub.
Ölkəmizə rəhbərlik etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atıb. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir.
Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdir:
“Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Sovet sisteminin dağılması ilə iqtisadiyyatın sərbəst inkişafını təmin etməyin yolu açılmışdı ki, burada da əsas açar özəlləşdirməyə start vermək idi. Əlbəttə, bu sahədə islahatlar da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1993-cü ildə “Azərbaycanda sahibkarlığın inkişafı” Dövlət Proqramını təsdiqlənib.

Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib, ölkənin gələcək iqtisadi yüksəlişinin məhz özəl sektorla bağlı olduğunu vurğulayıb. O, həmişə deyirdi ki, sahibkarlığın inkişafı, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması xalqımızın yeganə strateji yoludur.

 

 

Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşıb. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görülüb, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiqinə başlanılıb. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılıb və bu sahədə müvafiq dövlət proqramları təsdiqlənib.

Ulu öndərin dühası ilə 1997-ci ildən sənaye məhsullarının buraxılışında ciddi artım müşahidə edildi. Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsulları istehsalında artım daha yüksək oldu. Digər istehsal sahələrində geriləmə meyilləri tamamilə dayandırıldı, hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirildi. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edildi. Kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı. Bir müddət əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan daha sonra xaricə məhsul ixrac etməyə başladı. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün oldu. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi və inkişaf etdi. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən sonra inflyasiyanın birrəqəmli həddə saxlanılmasına nail olundu. İqtisadiyyatda aparılan düşünlümüş islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72 dəfə artdı.

 

 

 

Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı. Ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.
Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi. Müəllifi ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının parlaq təzahürüdür. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə külli miqdarda xarici investisiyanın axınına səbəb oldu. Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi. Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.
Azərbaycan iqtisadiyyatının tərkib hissəsi olan milli hərbi sənayenin inkişafı da H.Əliyevin adı ilə bağlıdır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılsa da, bu yaradılış üçün gərəkli olan zəmin məhz H.əliyev tərəfindən formalaşdırılıb.
1993-cü ildə Qarabağda hərbi əməliyyatların bütün şiddəti ilə davam etdiyi bir zamanda H.Əliyevin təşəbbüsü ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı. Hansı ki, bu komitə ordu üçün zəruri olan silah-sursat nümunələrinin istehsalını həyata keçirirdi.

 
H.Əliyev tərəfindən hərbi sənayenin inkişafı istiqamətində atılan addımlar atəşkəs dönəmində sonra da davam etdirildi. Belə ki, 2003-cü ildə “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrənin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edildi. Bu proqram Azərbaycan ordusunun ehtiyacı olan müdafiə sənayesi məhsullarının istehsalını həyata keçirmək, ordumuzun xarici silah-sursata olan asılılığını azaltmağa hesablanmışdı. Sonradan prezident İlham Əliyev tərəfindən Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu proqramı daha dolğun və əhatəli şəkildə həyata keçirməyə imkan verdi.
Tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olub.
Məhəmmədəli QƏRİBLİ

“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın