Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / Heydər Əliyevə yaraşanlar – Əkbər QOŞALI

Heydər Əliyevə yaraşanlar – Əkbər QOŞALI

26 il öncə – XX yüzilin bitməsinə 7 il qalmış baş verən olayların növbəti ildönümü ərəfə­sindəyik. – Ümid və inamımızın bitməsinin eşiyindən döndüyümüz o illəri yaxşı xatırlayıram. Min bir zəhmətlə əldə edtiklərimizi qorumağımızın, ictimai-siyasi sabitləşmə reysləri üzərinə çı­xışımızın ildö­nü­mündən gedir söhbət.

Tələbəydim o vaxtları. İndiki kimi sosial şəbəklər, ümumən internet, operativ əlaqə imkanları, intensiv informasiya təminatı və s. yox idi. Gözümüz azsaylı yerli ekranlarımızda, qulağımız radioda, özümüzsə sanki havadaydıq…Nələr olur, İlahi?!. Uğrunda nə canlar getmiş, nə ömürlər ötmüş müstəqilliyimiz bu dalandan qurtula biləcəkmi? Müstəqillik məşəli bu dəfə də, sönsə (və də, çox erkən sönsə!..) sonumuz nə olacaq?!” – bunlar, 1993-cü ilin iyununda bir tələbənin öz-özünə verdiyi suallardı…

1993-сü ilin əvvəllərindən respublikada fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri ba­şıpozuq fəaliyyət, respublika daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin ya­ran­ması, ayrı-ayrı bölgələrdə separatçılıq, parçalanma meyllərinin baş qaldırması müstəqilliyinin ilk (kövrək!) illərini yaşayan dövlətimizi çox ciddi sınağın eşiyinə gətirmişdi. O günlər getsin gəl­məsin!

Hakimiyyətdəki qüvvələr ölkə, xalq adına təəssüf, təəccüb və təhlükə doğuracaq də­rəcədə bir-biri ilə yola getmirdi… o üzdən də, gənc dövlətin işləri yolunda getmirdi… 

Belə bir gərgin, böhranlı durumda xalq ümidini, inamını öz böyük oğlu Heydər Əliyevə bağlamışdı; 1992-ci ilin oktyabrında 91 Azərbaycan aydını kiçik Naxçıvanda yaşayan böyük dövlət və siyasət xadiminə müraciət ünvanlayaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi.

İyun hadisələri vaxtı isə 91 aydının müraciəti, geniş xalq kütlələrinin arzu-istəyi bir yana, artıq, o zamankı hakimiyyət rəsmiləri özləri də Heydər Əliyevi Bakıya dəvət edirdi. Beləliklə də, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ümummilli lider Bakıya qayıtdı.

Bəli, 1993-cü il iyunun 9-da Ümummilli lider o zamankı iqtidarın və ümumən geniş xalq kütlələrinin arzularının təntənəsi ilə Naxçıvandan paytaxt Bakıya qayıtdı, müstəqilliyin ilk  illərinin yaşayan respublikanı xaos, vətəndaş qarşıdurması kimi gerçək təhlükələrdən xilas etdi; belə bir tarixi missiyanı həyata keçirməyi həm xalq, həm də tarix özü məhz Heydər Əliyevə yaraşdırmışdı!

Beləliklə, Heydər Əliyev 1993-cü il iyunun 15-də parlamentin sədri seçildi, həmin gün Azərbaycanın yaxın dövr tarixinə Milli Qurtuluş Günü kimi düşdü və 1997-ci ilin 15 iyunundan etibarən qanunverici orqan tərəfindən bayram elan edildi, 1998-ci ildən isə dövlət bayramı statusu verildi.

Heydər Əliyevin tarixi missiyası, bu missiyanın həyata keçirilməsinin əsas faktorları han­sılardı? – Artıq müxtəlif monoqrafaiyalrda, elmi-publisistik məqalələrdə də qeyd olunduğu kimi, bu missiya ilk növbədə üç güclü faktor üzərində qurulub:

-Xalqın Heydər Əliyevə olan möhkəm inamı (bu inamın əməli dəstəyə çevrilməsi);

-Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, ölkə içində, xaricdə etirafı, tarixdə təsdiqi;

-Heydər Əliyevin xalqına, Vətəninə olan bağlılığı, alovlu vətənpərvərliyi, danılmz sevgisi

Bəs 1993-cü ilə, yeni tariximizə bugündən ayna tutunca, nə görürük? –

-Heydər Əliyevin xilaskarlıq missiyası müstəqilliyimiz, müstəqillik atributlarımızı sıradan çıx­maqdan, xalqı param-parça olmaqdan xilas etdi;

-İctimai-syasi asayiş, qayda-qanun bərqərar edildi;

-Nizami ordu yaradıldı, hərbi xidmətkeçmə məsələləri qaydaya salındı;

-İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə, müstəqilliyin əbədiliyinə inam gücləndi;

-Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu;

-Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və ümumxalq səsverməsi yolu ilə Konstitusiya qəbul edildi;

-Azərbaycanın beynəlxalq əlaqələri ciddiyət qazandı, dünya birliyinə inteqrasiyası prosesi başlandı;

-Ümumən vətəndaşda gələcəyə ümid, inam aşılandı, insanlar öz dövləti ilə özünü daha güclü hiss etməyə başladı və s.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, ilk növbədə məhz dövlətçiliyin özünün taleyi, gələcəyi baxımdan tarixi hadisəydi. Güclü, çevik inkişaf edən, milli varlığımızı yaşadan, milli qürur hissimizi qüvvətləndirən olaylar zinciri sıralandı. Təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, dünya azərbaycanlıları, Azərbaycan amalını qəlbində yaşadan bütün tərəqqipərvər insanlar üçün epoxal önəm daşıyan dövlətçilik təcrübəsi Heydər Əliyevin gərgin əməyi, xalqla geniş dialoqu, intensiv beynəlxalq əlaqələr fonunda gerçəklik oldu, çiçəklədi, dalğalandı, yayıldı.

Təsadüfi deyil ki, Heydər Əliyev adı məktəbləşib, öz örnəyi ilə yaxın-uzaq ellərdə anıl­maqdadır. Yaxşı xatırlayıram, ötən illərdə, qardaş Qırğız Respublikasında, dost Ukraynada, başqa tanıdğımız, bildiyimiz ölkələrdə dövlət­çi­liklə, müstəqilliklə bağlı təbəddülatlı olaylar ya­şananda, belə fikirlər yayılır, tirajlanırdı: onların öz Heydər Əliyevlərinə ehtiyacı var!

Yaxın-uzaq ellərdə dövlətçiliklə bağlı gərginliklər səngidildikdə isə dövlət başçısı haqqında belə deyilirdi: Heydər Əliyev kimi hərəkət etdi!

Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə dönüşü, ümumən o böyük ad öz tarixiliyi ilə bugünümüzdə də iştirak edir, bizimlə çağdaşdır, hər uğurumuza ruhu şadlanır, hər sabahımıza xeyir-duaçıdır! Şəxsiyyətin tarixdə rolu, şəxsiyyətin adının unudulmaz olması bir ömrə sığmayan ömürlə, titanik səylərlə, ən başlıcası, xalqına, insanlığa, ulu mədəniyyətə sevgi, sevgi, sevgi ilə mümkün olur. Necə ki olub!

Həmçinin oxuyun

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

Bir müddət öncə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşdi. …