Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Cəmiyyət / “Haranı göstərsələr oranı sökəcəyik…” – FOTOLAR

“Haranı göstərsələr oranı sökəcəyik…” – FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Zeytunluq” sahəsində qeyri-qanuni hasarlanmış, sakinlərin gediş-gəlişinə mane olan divarların söküntüsünə başlayıb.

Heydər Məscidinin aşağı hissəsində ötən gündən başlayan söküntü işləri bu gün də BŞİH və Binəqədi Rayon İcra Hakimiyyətinin texnika və işçi qüvvəsi ilə davam etdirilib. Ərazidə çalışan fəhlələrin sözlərinə görə, onlara yaşıllıqların zəbti hesabına tikilən bütün obyektlərin söküntüsü ilə bağlı göstəriş verilib.

Hazırda yaşıllıq massivində, yaxınlıqda tikilən villalardan atılmış lazımsız tikinti materialları zibilliyi təmizlənir. Adını söyləmək istəməyən iş icraçısı tezliklə bütün ərazinin zibil qalaqlarından və qeyri-qanuni hasarlardan təmizlənəcəyini deyib: “Söküntü işlərinin neçə gün gedəcəyini bilmirik. Amma bizə deyiblər ki, bütün qeyri-qanuni obyektlər söküləcək. Haranı sökməyi göstəriş verirlərsə, biz də oranı sökürük. Dünəndən başlamışıq, bir xeyli ərazi təmizlənib. Gördüyünüz bu ərazi “Zeytunluğ”un ərazisidir. Villalardan çıxarılan tullantıları tökdüklərindən burada iri zibil qalaqları yaranmışdı. Hazırda onların yığışdırılması ilə məşğuluq. Bundan sonra isə yol boyu təmizlik işlərini davam etdirəcəyik”.

Söküntüyə şahidlik edən sakinlər də yaşıllığın təmizlənməsindən razılıq edirdilər. Yaxınlıqda yaşayan və buradakı poliklinikaların birində tibb bacısı işləyən Kəmalə Vəliyeva dedi ki, zəbt olunmuş ərazilərin təmizlənməsi və yaşıllıq zonasının əhalinin istifadəsinə verilməsini hamı çoxdan gözləyirdi: “Hər gün bu hasarların arasından keçib işə gedirəm. Hər dəfə bu hasarların sayı artdıqca, ağacları qırıb evlər tikdikcə fikirləşirdim ki, bir gün bunlara “yox” deyən tapılacaq. Nəhayət ki, o günü də gördük. Bakının harasında belə yaşıllıq var? Bunu qorumaq lazımdır. Bu hasarları çoxdan sökmək lazım idi”.

Kazım adlı digər rayon sakini də burada aparılan abadlıq işlərinin əhalinin işinə yarayacağını dedi: “Yaşıllıq təmiz havadır, yaşıllıq sağlamlıqdır. Niyə razı olmayaq, kim təmiz hava udmaq istəmir ki?!”

Ərazidə hasarları sökülən villalar kimlərindir? Bunu öyrənə bilməsək də, bəzilərinin çox imkanlı biznesmenlərə məxsus olduğunu dedilər. Sakinlərin sözlərinə görə, illərdir məhv edilən zeytunluq ərazilərdə 100-dən artıq malikanə tikilib. Bu günə gəlib çıxan isə “yaşıl soyqırım”a məruz qalaraq yoxa çıxan zeytun bağlarının ancaq kiçik bir hissəsidir. Tikilən villaların bəzilərinin həyətlərində tək-tək gözə dəyən zeytun ağacları da ərazinin vaxtilə yaşıllıq zonasına daxil olmasından xəbər verir.

Daha bir məqam. “Zeytunluq” ərazisində ağacların kütləvi şəkildə qırılması həm də hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarovun adı ilə bağlıdır. Çovdarovun həbsindən sonra 2015-ci ildə yaşıllıq massivində tikilmiş şadlıq sarayı da sökülmüş, ərazi hasarlardan azad edilərək əhalinin istifadəsinə verilmişdi.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətindən bu ərazidə söküntü işlərinin vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında həyata keçirildiyini bildiriblər. Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılıb və orada bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb. “Zeytunluq” ərazisində ötən gün ərzində ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb.

BŞİH-dən bildirilib ki, park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı oliqarxın “200” nömrəli qardaşı oğlunun lüks həyatı

“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun ailə üzvlərinin lüks həyatı hər kəsə məlumdur. …