Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Hansı icra başçısının oğlu cangüdənlə gəzir? – İlginc iddialar

Hansı icra başçısının oğlu cangüdənlə gəzir? – İlginc iddialar

Prezident İlham Əliyev son illərdə məmurları və onların övladlarını bir neçə dəfə sərt şəkildə tənqid edib. Xatırladaq ki, 2013-cü ilin fevral ayında da ölkə başçısı bəzi məmurları, eləcə də onların övladlarını hədəfə almışdı: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər.

Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”. Ölkə rəhbərinin bu çıxışından sonra bəzi icra başçıları özbaşına əməllərindən əl çəkmək məcburiyyətində qaldılar. Amma prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar da var. Mötəbər qaynaqlardan redaksiyamıza daxil olan məlumatlara görə, icra başçılarından birinin övladı qanunları ayaq altına ataraq özbaşına işlərlə məşğul olur: “Bu məmur övladının adı Şəhriyardır. Lakin dost-tanışları arasında onu daha çox “Şako” ləqəbi ilə tanıyırlar.

“Gündəlik Bakı” bildirir ki, vaxtının çox hissəsini ya atasının rəhbərlik etdiyi rayonda, ya da Bakının bahalı əyləncə məkanlarında keçirir. Maraqlı məqam ondan ibarətdir ki, “Şako” ləqəbli məmur oğlu tək gəzmir. Onu demək olar ki, hər saat, hər dəqiqə cangüdən müşayiət edir. İcra başçısının oğlu yanında iki-üç nəfər idmançı görkəmli şəxslər saxlayır. Özünü kimdən, yaxud nədən qoruyur, bilinmir. Üstəlik, bəzi vaxtlarda Bakıda, eləcə də atasının icra başçısı olduğu rayonda avtomobil korteci ilə gəzir. Məmur övladı eyni zamanda davaya, mübahisəyə meyllidir. İndiyə kimi onun iştirakı ilə paytaxtın bahalı klublarında, çay evlərində çoxlu sayda xoşagəlməz hadisə baş verib. Buna baxmayaraq, məmur oğlu hər dəfə məsuliyyətdən kənarda qalmağı bacarıb. Onun üçün qanun anlayışı sanki ən sonuncu yerdə dayanır. Yol hərəkəti qaydalarını mütəmadi olaraq pozur. Yol polislərinin saxla əmrinə heç vaxt riayət etmir. Bir sözlə, atasının vəzifəsinə və puluna güvənərək ürəyi istəyən hərəkətləri edir. Halbuki, heç kim ona bu ixtiyarı verməyib. Çünki o da başqa vətəndaşlar kimi eyni hüquqa sahibdir”. “Şako” ləqəbli məmur oğlunun adı bəzi xoşagəlməz işlərdə də çəkilir. Hələ ki, həmin məlumatları açıqlamaq istəmirik. Gələn saylarımızda cəmiyyətdə özünü apara bilməyən, saysız-hesabsız qanun pozuntularına imza atan icra başçısının oğlu haqda tükürpədici faktları açıqlayacaq və onun sürdüyü bahalı maşınların hansı pullarla alınmasına aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …

Bir cavab yazın