Ana səhifə / Cəmiyyət / “Hadı Rəcəbli gəlsin, bu rütubətdə bircə saat qalsın”

“Hadı Rəcəbli gəlsin, bu rütubətdə bircə saat qalsın”

Deputat Hadı Rəcəblinin məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər qaçqınların narazılığına səbəb olub. Yasamal rayonu, Şərifzadə küçəsindəki Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan qaçqınlar deputatı ölkə rəhbərliyinə yalan məlumat verməkdə günahlandırırlar.

Xatırladaq ki, Hadı Rəcəbli qaçqın və məcburi köçkünlər üçün elektrik enerjisindən pulsuz istifadəyə görə limitin ləğv edilməsini, əvəzində yemək pulu və kommunal xərclərə görə ayda 36 manat müavinətin təyin edilməsini şərh edərkən qaçqınları israfçılıqda günahlandırıb. Deputat deyib ki, qaçqın və məcburi köçkünlər mənzilləri qızdırmaq üçün yüksək elektrik sərfiyyatı tələb edən qızdırıcılardan istifadə edib üstəlik pəncərələri də açıq qoyurdular…

Virtualaz.org saytının əməkdaşları yataqxanada olub, narazı köçkünlərlə görüşüblər. Sakinlər deyir ki, onlar prezidentin qərarını dəstəkləyirlər, bu qərara qarşı deyillər.

“Biz sayğacların quraşdırılmasına, işıq pulunun ödənilməsinə qarşı çıxmırıq. Sadəcə olaraq, yataqxanalara qaz çəkilməsini və ya burada məskunlaşanların mənzillə təmin olunmadımızı tələb edirik. Yataqxanalarda qaz olmadığından otaqları elektrik sobaları ilə qızdırmaq məcburiyyətindəyik. Döşəmə betondur, nəmişlikdən divarlardan su damır. Hadı Rəcəbli isə deyir ki, bir tərəfdə elektrik sobası yandırırlar, bir tərəfdən pəncərəni açırlar. Necə pəncərəni açıq qoymayaq ki, nəmişlikdən nəfəs almaq mümkün deyil. İstəyimiz budur, Hadı Rəcəbli yataqxanaya gəlsin, yaşayışımızla tanış olsun, heç olmasa bir saat bizimlə bir yerdə otursun. Sonra istədiyi yerdə açıqlamanı versin. Villada yaşayıb, qaçqını ittiham etmək çox asandır”, -3 saylı yataqxanada məskunlaşan Nigar Əliyeva deyir.

Yataqxanada 300-ə yaxın köçkün ailəsi məskunlaşıb. Hörümçək toru kimi elektrik xətləri ilə əhatələnmiş bina qəzalı vəziyyətdədir. Kanalizasiya sistemi olmadığından çirkab birbaşa küçəyə axır. İşıq xətləri yükləndiyindən bir neçə dəfə yanğın baş verib. Sonuncu yanğın bir neçə gün əvvəl olub.

Qaçqınlar deyirlər ki, yataqxanada təmir aparılıb, amma bu təmir yalnız bir neçə mərtəbədə dəhlizə kafel döşəməklə yekunlaşıb. Bir neçə otaqda beton döşəmənin üstü də kafellə örtülüb. Deyiblər ki, betondansa kafelin üstündə yaşasanız yaxşıdır. Amma nədənsə həm hamam, həm də tualet kimi istifadə edilən pəncərəsiz otaqlar yaddan çıxıb. Tualetlərdə tavan bir neçə yerdən çat verib, hər an uçmaq təhlükəsi yaranıb. Hər mərtəbədə 20-30 ailə bir tualetdən istifadə edir. Buna görə də üfunət iyindən nəfəs almaq mümkün deyil.

“Beton və kafellə döşənmiş otaqları isitmək üçün iki soba bəs eləmir. Qar yağanda evdə palto ilə gəzməyə məcbur oluruq. Yataqxananın hamamında, zirzəmidə yaşayan ailələr var. Müavinət almaqla bağlı təklif verərkən köçkünlərin vəziyyətini nəzərə almaq lazımdır. Bizim vəziyyətimiz evlə təmin olunmuş köçkünlərlə bir deyil. Axı, yataqxanalarda yemək, çay, istilik elektriklə həll edilir”, – Füzulidən köçkün düşmüş Arzu Məmmədova deyir.

Lalə Həsənovun 8 nəfərlik ailəsi də kiçik bir otaqda məskunlaşıb. Otağın bir küncünə qoyulmuş masada yemək hazırlanır. Axşamlar isə masanı dəhlizə çıxarıb yataq hazırlayırlar. “Siçovulların əlindən yatmaq mümkün deyil, neçə dəfə uşaqların əlini, ayağını dişləyiblər. Amma başqa əlacımız yoxdur. Gecələr evdəki yeməkləri, ərzaqları torbalara doldurub divardan asırıq ki, siçovul yeməsin. Baxın, düz burda, qapının ağzında döşək salıb yatıram. Qızım astma xəstəsidir, nəmişlikdən xəstəlik tapıb”, – Lalə xanım narazılıq edir.

Yataqxanaların zirzəmisində yaşayanların vəziyyəti isə lap dözülməzdir. Yağan yağış birbaşa içəriyə axır. Yarıqaranlıq otaqda nəfəs almaq mümkün deyil. “Görürsüz, betonun ütünü adyalla örtmüşəm. Divardakı nəmişliyin qarşısını almaq üçün yaylı-qışlı soba yandırmağa məcburam. Axı, bu zirzəmidə iki uşaq böyüdürəm”, – məcburi köşkün Yeganə Qasımova deyir.

Yaxınlıqdakı digər yataqxanalarda da vəziyyət fərqli deyil. Köçkünlər deyirlər ki, binalarda təmir işi aparılmasını, qaz xətti çəkilməsini istəyirlər. “Qaçqınkom”un əməkdaşları hər il qeydiyyat aparır, təkcə bu ərazidə 700-dən çox köçkün ailəsi yaşayır. Dəfələrlə komitəyə gedib rəhbərliyə dərdimizi danışmaq istəmişik. Amma bizi heç qapıdan içəri buraxmayıblar”, – Elnur Məmmədov deyir.

E.Məmmədov onu da deyir ki, komitə tərəfindən mənzil paylanarkən ədalət prinsipi qorunmayıb, yəqin müavinət hesablanarkən də evi, maşını olan qaçqınlarla imkansızlar arasında fərq qorulmayacaq…

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın