Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Hacıbala Abutalıbovun tapşırdığı uşağı lazım olsa, qucağımda gəzdirərəm”

“Hacıbala Abutalıbovun tapşırdığı uşağı lazım olsa, qucağımda gəzdirərəm”

98 saylı uşaq bağçasının müdiri Elnurə İlyasova Nazirlər Kabinetinin təsdiqlədiyi nizamnaməyə uyğun iş görmür

Məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti bərbad haldadır, uşaqlara keyfiyyətli yemək verilmir və qəbul başqa “qaydalar” əsasında aparılır

Dövlət səviyyəsində məktəbəqədər təhsil sisteminin inkişafına böyük diqqət və qayğı göstərilir. Bunu heç kim inkar edə bilməz. Bildiyiniz kimi, son illər ərzində həm Bakıda, həm də bölgələrdə yerləşən uşaq bağçaları, körpələr evlərinin yetərli hissəsi əsaslı şəkildə təmir edilib, bəziləri yenidən tikilib və hər cür şəraitlə həmin olunub. Buna baxmayaraq, uşaq bağçalarının fəaliyyəti barədə yenə də tənqidlər eşidilir. Xatırladaq ki, bir müddət öncə prezident İlham Əliyev uşaq bağçalarında mövcud olan problemlərə xüsusi toxunmuşdu.

Ölkə başçısı bildirmişdi ki, bağçalarda uşaqlar ya ac qalır, ya da ki evlərindən özləri ilə yemək gətirirlər. Prezident deyib ki, uşaq bağçalarında körpələrə verilən yeməyi yeyib, suyunu içənlər var: “Bu, dözülməz haldır. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranıb”. Qeyd edək ki, Nazirlər Kabineti 2012-ci ildə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib. Buna əsasən, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır. Məktəbəqədər təhsil müəssisəsində qrupların sayı tədris prosesinin şəraitindən və sanitar normalardan asılı olaraq müəyyənləşdirilir. Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək həyata keçirilir, boş yerlərə isə uşaqların qəbulu il ərzində aparılır. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün müəssisənin müdirinin adına ərizə, valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların mübadilə vərəqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti, uşağın 3×4 ölçüdə 2 ədəd fotoşəkli və sağlamlığının vəziyyəti barədə arayış tələb olunur. Bildiyiniz kimi, uşaq bağçaları bir neçə il öncə Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına verilib. Bu işdə əsas məqsəd uşaq bağçalarında hökm sürən qeyri-qanuni halların aradan qaldırılması idi. Əfsuslar olsun ki, uşaq bağçaları BŞİH-in balansına veriləndən sonra da bu sahədə dönüş yaranmayıb. Baxmayaraq ki, Hacıbala müəllim ölkə rəhbərliyinə bu sektorda ciddi dönüşün müşahidə edildiyini deyib. Görünür, şəhər merinin bəzi məktəbəqədər təhsil müəssisələrində, o cümlədən Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasında baş verənlərdən xəbəri yoxdur. Elədirsə, hörmətli şəhər meri bu məqaləni diqqətlə oxusun və bağça müdiri Elnurə İlyasovanın törətdiyi özbaşınalıqlardan xəbərdar olsun. Deməli, vəziyyət belədir. Uşaq bağçalarına qəbul prosesi bayaq qeyd etdiyimiz şəkildə aparılır. Redaksiyamıza daxil olan dəqiq məlumatlara görə isə 98 saylı uşaq bağçasına qəbul məsələsində Nazirlər Kabinetinin verdiyi qərarlar yox, məhz müdirin “qaydaları” əsas götürülür: “Bu müəssisə qapalı bir yerdir. Səhər saatlarından ta ki, saat 16:00-a kimi uşağ bağçasına valideynlər də daxil olmaqla heç kimi buraxmırlar. Elnurə xanım belə mühit yaradıb. Bəzi valideynlər uşaqlarını bu bağçaya qoymaq üçün hələ bir il əvvəldən müraciət ediblər. Amma hər dəfə eyni cavabı eşidirlər: “boş yer yoxdur. Yer olanda sizə xəbər verəcəyik”. Bu xanım bağçaya qəbulu tamamilə başqa prinsiplər əsasında aparır. Ya adamın olmalıdır, ya da əlin cibində. Yoxsa qeyri-müəyyən vaxta kimi gözləməlisən. Hazırda bağçada təhsil alan uşaqların kimliyi araşdırılsa, onların bir neçəsinin vəzifəli şəxslər tərəfindən tapşırıldığı məlum olar. Ölkədə rüşvətxorluğa qarşı qızğın mübarizənin getdiyi, bu istiqamətdə həbs və işdənqovulma hallarının artdığı bir vaxtda müdir qanunsuz fəaliyyətini davam etdirir. 98 saylı uşaq bağçası bir müddət əvvəl təmir edilib, burda hər cür şərait yaradılıb. Di gəl ki, bağça müdirinin işi vətəndaşlar tərəfindən müsbət qarşılanmır. Uşağını bağçaya qoymaq istəyən valideynlərə konkret “şərt”lər açıqlanır. Kim buna etiraz edirsə, müdir həmin valideynin gətirdiyi sənədlərə belə baxmır. Əksinə, müdirin avazına avaz verənlərin uşaqları heç bir çətinlik çəkmədən bağçaya qəbul edilirlər”. Əldə etdiyimiz məlumatda 98 saylı uşaq bağçasında uşaqların qidalanmasının aşağı səviyyədə olduğu da xüsusi vurğulanır: “Müəssisəyə dövlət tərəfindən gündəlik qida rasionuna uyğun ərzaq məhsulları verilir. Bağça müdiri bu ərzaq məhsullarını nə edirsə, uşaqlara zəif yemək verilir. Buna görə də valideynlər məcburiyyət qarşısında qalıb uşaqlarına şirniyyat, meyvə şirəsi və sair qoyurlar”.

Məsələyə aydınlıq gətirmək üçün 98 saylı uşaq bağçasının müdiri Elnurə İlyasova ilə əlaqə saxladıq. Özümüzü birinci ona valideyn kimi təqdim etdik. Aramızdakı dialoqu təqdim edirik:

– Salam Elnurə xanım. Sizi valideyn narahat edir, uşağımı bağçaya qoymaq istəyirəm.

– Hazırda yerimiz yoxdur, növbədə 300-dən artıq adam var. Heç bir köməklik edə bilməyəcəm. Daha sonra müdirə jurnalist olduğumuzu dedik və barəsində səsləndirilən ittihamlara aydınlıq gətirməsini xahiş etdik. Onun cavabı isə belə oldu: “Hazırda bağçaya qəbul aparılmır, çünki yerimiz yoxdur. Əgər Hacıbala müəllim tapşırsa, bu başqa məsələ. Onun tapşırdığı uşağı lazım olsa, qucağımda gəzdirərəm”. Bu da müdirin cavabı. Axı bu nə deməkdir? Xanımın sözündən belə çıxır ki, 98 saylı uşaq bağçasına vəzifəli şəxslərin tapşırığı ilə uşaq qəbul etdirmək su içimidir. Sadə vətəndaşlara isə yerin olmadığı bəhanəsini gətirir. Elnurə xanıma demək istəyirik ki, Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamədə “Hacıbala Abutalıbov tapşırsa” kimi bir qeyd yoxdur. Məsələni şəhər meri ilə də araşdırmaq qərarına gəldik. Hacıbala Abutalıbova gün ərzində dəfələrlə zəng vursaq da, dəstəyi qaldırmadı. Buna rəğmən, onun da münasibətini dərc etməyə hazırıq.

P.S. Gələn saylarımızda “400-ə həll olunar” yazısı dərc olunacaq.

gundelikbaku.com

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın