Çərşənbə axşamı , Sentyabr 27 2022
Ana səhifə / Cəmiyyət / Hacı Şahin: “Qadın kişidən daha üstün məziyyətlərə sahibdir”

Hacı Şahin: “Qadın kişidən daha üstün məziyyətlərə sahibdir”

“Qadın və şiddət anlayışlarının yanaşı çəkilməsi insanda ağır bir təəssüf hissi yaradır. Cəmiyyətin durumunu müəyyən etmək üçün diqqət edilən bir neçə meyar var və onlardan biri cəmiyyətdə qadının vəziyyətidir”. 

Bu fikirləri ilahiyyatçı Hacı Şahin Həsənli AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qadına qarşı zorakılıqla mübarizə mövzusunda fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, cəmiyyətdə qadınların zorakılığa məruz qoyulması onun tənəzzülünə, gələcəkdə ciddi problemlərlə üz-üzə qalmasına gətirib çıxara bilər: “Bütün dünyada bu problem var. Təəssüf ki, 21-ci əsrdə yaşasaq da “qadın insandır” şüarını cəmiyyətə izah etməyə çalışırıq. Əlbəttə, qadın insandır və hətta bəzi hallarda qadın kişidən daha üstün məziyyətlərə sahibdir. Qadının insan formalaşdırmaqda rolu kişidən qat-qat artıqdır. Cəmiyyətdə mənəvi aramlığın, müvazinətin qorunmasında qadının rolu üstündür. Burada məsələ təkcə maddi və hüquqi faktorlarda deyil.  Bu məsələlər hüquqi müstəvidə öz layiqli cavabını almalıdır. Lakin əsas məsələ vəziyyətin hüquqi müstəviyə qədər gəlib çatan hissəsini həll etməkdir. Cəmiyyət səfərbər olmalıdır. İslamda, Qurani-Kərimdə qeyd edilir ki, biz sizi bir qadın və bir kişidən yaratdıq. Bu, artıq bərabərlik işarəsidir. Yaradılışda müəyyən fərqlər var, amma bu, kiminsə üstün olması anlamına gəlmir. Kişi güclü ola bilər, amma bu ona imkan yaratmır ki, qadınları zəif görsün. Bəzən “qadın kişinin qabırğasından yaranıb” deyə fikir səsləndirirlər. Dinimizdə elə bir məqam yoxdur ki, qadın kişinin qabırğasından yaradılıb. Bu, yanlışdır. İslam dini bunu qəbul etmir. Eyni ilə “şeytanın qadını azdırması” barədə danışılır. Bu da doğru deyil. Peyğəmbər buyurub ki, “qadınlar sizə verilən əmanətdir, sizdən bu əmanət barədə soruşulacaq”. Kişi qadına görə məsuliyyət daşıyır. Fiziki gücünü qadın üzərində göstərməklə mənəvi ziddiyyətini sübut etmiş olur”. /Oxu.az/ 

Həmçinin oxuyun

“Xəbərdə qeyd etdiyi nazirin adını bildirsin!” – Ehsan Zahidov

Bu gün “Yeniavaz” saytının baş redaktoru Anar Qaraxançallı feysbuk hesabında vətəndaş şikayətini işıqlandırdığı üçün Daxili …